Elektrik təsərrüfatının texniki istismar qaydalarına əməl olunmalıdır
Respublikamızda baş vermiş yanğınların səbəblərini araşdırarkən statistik rəqəmlər yanğınların ən çox elektrik təsərrüfatındakı nasazlıqlarla bağlı olduğunu göstərir. Dövlət Yanğın Nəzarəti orqanlarının əməkdaşlarının obyektlərdə apardıqları yanğın-texniki müayinələr zamanı təqdim etdikləri “Göstəriş məktubları”nda elektrik təsərrüfatında aşkar edilmiş bəndlər xüsusi yer tutsa da, müəssisə və təşkilat rəhbərlərinə, mənzil sahiblərinə bu haqda dəfələrlə göstərişlər verilsə də, Dövlət Yanğın Nəzarəti Xidmətininin Yanğına qarşı təbliğat şöbəsi tərəfindən mütəmadi maarifləndirici tədbirlər həyata keçirilsə də “elektrikdən yandı” faktı qalmaqda davam edir. Maliyyə çatışmazlığı və sair bəhanələr gətirilməklə yanğın təhlükəsizliyi orqanlarının tələblərinin yerinə yetirilməməsi istər obyekt rəhbərlərinin, istərsə də sakinlərin birbaşa səhlənkarlığından irəli gəlir.
Dövlət Yanğın Nəzarəti orqanlarının əməkdaşları tərəfindən tələb olunan adi rejim xarakterli yanğın təhlükəsizliyi qaydalarının yerinə yetirilməsinə məsuliyyətsiz yanaşan hər bir şəxs yanğından sonra “elektrikdən yandı” deməklə günahı özündən uzaqlaşdıraraq elektrikdə görür, sanki hadisənin ondan asılı olmadığını bildirir. Halbuki onlar bu cür demək əvəzinə günahı özündə axtarmalı, yanğının qarşısının alınmasının mümkünlüyü barədə düşünməli və bilməlidirlər ki, yanğına şərait yaratmaqla özlərinin, dövlətin əmlakına maddi ziyan vurur, bəzi hallarda isə faciəli şəkildə insan həyatına son qoyurlar.
“Elektrikdən yandı”nın qarşısını almaq üçün ictimaiyyətin yanğın-texniki biliyinin artırılması mühüm şərtlərdən biridir. Bunun üçün elektrik təsərrüfatının texniki istismar qaydalarını öyrənmək vacibdir. Bilmək lazımdır ki, elektrik qurğuları və onun ayrı-ayrı elementləri normal şəraitdə işlədikdə, mühərrik və cihazların sarğıları, habelə elektrik şəbəkəsinin naqillərinin ayırdıqları istilik ətrafdakı havaya yayılaraq yanğın təhlükəsi əmələ gətirmir.
Elektrik təsərrüfatının texniki istismar qaydalarına görə elektrik naqilləri 550 S, elektrik mühərrikləri isə 800 S-yə qədər qıza bilər. Lakin elektrik şəbəkəsinə onun elektrik ötürmək qabiliyyətindən çox enerji işlədiciləri qoşulduqda onun ayırdığı istiliyin də miqdarı artır. Artmış istilik ətraf mühitə yayılmağa imkan tapa bilmədiyi hallarda naqil və mühərrikin temperaturu yüksələrək izolələri (örtükləri) alışdırmaq təhlükəsi qarşısında qoyur. Elektrik izolələri isə yanan materiallara aid olduğuna görə, bu halda ətrafdakı yana bilən konstruktiv elementlər, bina və s. materiallar alışa bilir.
Elektrik təsərrüfatında tez-tez baş verən yanğın hadisələrinin əsas səbəbləri bunlardır:
1. Artıq yüklənmə;
2. Qısaqapanma;
3. Qığılcımlanma və böyük keçidli müqavimət.
Artıq yüklənmə: Elektrik şəbəkəsinə hesablanmışdan əlavə olaraq enerji işlədən (elektrik lampaları, ütülər, elektrik qızdırıcı cihazlar, televizorlar, soyuducular, paltaryuyanlar və s.) cihazlar qoşulduqda, bu şəbəkələrdən eyni zamanda axan enerjinin miqdarı artır. Bununla əlaqədar olaraq ayrılan istiliyin də miqdarı çoxalır. Ayrılan istilik elektrik məftillərinin izoləsinin temperaturunu yüksəldərək onun alışmasına səbəb olur.
Beləliklə, elektrik şəbəkəsinin enerji buraxmaq qabiliyyəti nəzərə alınmadan ona əlavə elektrik enerjisi işlədicilərinin qoşulması şəbəkənin artıq yüksəlməsinə və bununla da yanğın təhlükəsinin əmələ gəlməsinə səbəb olur. Bəs bunun qarşısını almaq üçün eyni şəbəkəyə hansı gücdə enerji işlədiciləri qoşmaq lazımdır?
Qeyd etmək lazımdır ki, şəbəkəyə qoşulası enerji işlədicilərinin gücü elektrik şəbəkəsi məftillərinin en kəsiyinin sahəsindən asılıdır. Bu sahə böyük olduqca qoşulası enerji işlədicilərinin gücü çoxala bilər və əksinə. Odur ki, özbaşına istənilən qədər enerji işlədicilərini eyni elektrik şəbəkəsinə qoşmaq üçün təcrübəli olmaq və yaxud da mütəxəssisə müraciət etmək lazımdır.
İş yerlərindən və mənzillərdən gedərkən elektrik enerjisindən qidalanan bütün cihazların, mühərriklərin və sair avadanlıqların şəbəkədən tam ayrılması vacibdir. Bununla artıq yüklənmənin və yanğınların qarşısı alınmış olur.
Qısaqapanma: Sənaye və məişətdə elektrik şəbəkələrində və elektrik mühərrikinin sarığında müxtəlif adlı elektrik məftillərinin bir-birinə birləşməsi və ya cərəyan keçirən məftillərin birinin ən az müqaviməti olan keçiricilərə toxunub və ya birləşməsi nəticəsində elektrik şəbəkəsində qısaqapanma əmələ gəlir. Qısaqapanma əmələ gələn şəbəkədə müqavimət azaldığından şəbəkədəki cərəyanın şiddəti yüksək dərəcədə artır. Bunun nəticəsində elektrik məftillərindən külli miqdarda istilik ayrılır ki, bu da məftillərin üzərindəki izoləni alışdırır, elektrik naqilini közərdir, əridir və yanğının baş verməsinə səbəb olur.
Elektrik şəbəkələrində əmələ gələ bilən artıq yüklənmə və qısaqapanmanın qarşısını avtomatik surətdə almaq üçün elektrik şəbəkəsinə (enerji işlədicilərinin qarşısında) əriyən qoruyucular (tıxac, boru, lövhəyə bənzər) qoşulur.
Əriyən qoruyucuların gücü onların qoruduqları elektrik enerjisi işlədicilərinin gücündən çox olmamalıdır.
Elektrik şəbəkəsinin məftillərində hər hansı səbəbdən ayrılan istiliyin miqdarı çoxaldıqda temperaturun təsirindən qoruyucu əriyərək qapalı elektrik şəbəkəsini açır, nəticədə elektrik cərəyanının şiddəti və onun istilik ayırma qabiliyyəti kəsilir. Beləliklə də baş verə biləcək yanğının qarşısı avtomatik olaraq alınır.
Böyük keçidli müqavimət: Elektrik şəbəkəsi naqillərinin və kabellərin uclarının bir-birinə möhkəm bağlanması nəticəsində qığılcımlanma baş verir ki, bu da naqillərin uclarının qızması ilə onun izoləsinin yanmasına səbəb olur.
Elektrik təsərrüfatında qeyd olunan təhlükələrə yol verməmək üçün naqil və kabelləri bir-birinə, habelə onları enerji ilə qidalanan cihazlara möhkəm bərkitmək lazımdır. Elektrik naqilləri həmişə tarım çəkilməli və binanın divarlarından, arakəsmələrdən və s. keçirildikdə, bu yerlərdə çini, ebonit boru və bunlar kimi əlavə izolyasiya ilə qorunmalıdır.
Elektrik naqillərini divar kağızları, pano və s. dekorativ bəzəklər altında qoymaq, ip, məftil vasitəsilə dartıb bağlamaq olmaz. Çünki bunların nəticəsində naqillərin izolyasiyası pozularaq qısaqapanma əmələ gələ bilər. Enerji işlədən bütün cihazların şəbəkəyə qoşulması elektrotexnika norma və qaydalarının bütün tələblərinə uyğun olaraq həyata keçirilməlidir. Saz halda olmayan elektrik cihazları şəbəkədən dərhal ayrılmalı, nasazlıq aradan qaldırılanadək şəbəkəyə qoşulmamalıdır. Qısaqapanmaya və həddindən artıq qızmaya yol verməmək üçün köhnəlmiş və zədələnmiş elektrik naqilləri və avadanlıqlar dəyişdirilərək yenisi ilə əvəz olunmalıdır.
Qeyd etmək lazımdır ki, yanğınların ən çox elektrik təsərrüfatındakı nasazlıqlarla bağlı olması Dövlət Yanğın Nəzarəti Xidmətini narahat edir. Ona görə də DYNX bir daha bildirir ki, müəssisə və təşkilat rəhbərləri, mənzil sahibləri tərəfindən Xidmət əməkdaşlarının verdiyi göstəriş və təkliflər qeyd-şərtsiz yerinə yetirilməlidir.
Rövşən Bəkirov
FHN-in Dövlət Yanğın Nəzarəti Xidmətininin Yanğına
qarşı təbliğat şöbəsinin böyük təlimatçısı
Novruz şənliklərində yanğın...
Elektrik təsərrüfatının texniki istismar...
Fövqəladə Hallar Nazirliyi son günlər...
FHN yolların buz bağlaması ilə əlaqədar...
Kəskin soyuq və yağıntılı hava...