26 aprel 2025, şənbə Bakı, 20°C
IMG-LOGO

Sertifikasiya imtahanından keçməyən tibb işçilərinin əməkhaqqı 6 ay müddətində qorunacaq

25-04-2025
IMG

Tibb və əczaçılıq sahəsində çalışan şəxslərin sertifikasiyadan keçməməsi halında yeni qaydalar tətbiq olunacaq. Belə ki, sertifikasiya imtahanından keçə bilməyən tibb işçiləri üçün iş yeri və aylıq tarif (vəzifə) maaşı altı ay müddətində qorunacaq. Bu müddət ərzində həmin şəxslər müvafiq təhsil müəssisələrində peşə hazırlığı keçərək təkrar sertifikasiya imtahanında iştirak imkanı əldə edəcəklər.

Fhnews.az xəbər verir ki, bu, “Əhalinin sağlamlığının qorunması haqqında” qanuna təklif edilən dəyişikliklərdə öz əksini tapıb.

Hazırda qüvvədə olan Qanuna görə, belə işçilərin yalnız iş yerləri saxlanılır, lakin onların iş fəaliyyətini davam etdirməsinə icazə verilmir. Bu isə əməkhaqqı ödənişləri ilə bağlı hüquqi və maliyyə məsələlərində qeyri-müəyyənlik yaradaraq ciddi narazılıqlara səbəb olur. Yeni dəyişikliklərdə bu məsələyə daha humanist yanaşma tətbiq olunaraq işçinin həm vəzifəsi, həm də əməkhaqqısının saxlanılması nəzərdə tutulur. Bu yanaşma həm işçinin maddi rifahının qorunması, həm də peşə bacarıqlarının artırılması üçün daha əlverişli şərait yaradacaq. Təklif edilən düzəlişlərə görə, altı aylıq dövr ərzində təkrar imtahana hazırlaşmaq üçün şərait yaradılan tibb işçilərinə əmək fəaliyyətindən kənarlaşdırılmadan maddi təminatın davam etdirilməsi təmin olunacaq. Eyni zamanda, bu dövrdə onların müvafiq təhsil proqramlarında iştirakı zəruri hesab olunur.

Qeyd edək ki, bu dəyişiklik tibb ictimaiyyəti arasında uzun müddətdir müzakirə olunan əmək hüquqlarına dair məsələlərin həllinə mühüm töhfə verməyi hədəfləyir və səhiyyə sistemində çalışanların hüquqlarının qorunmasına yönəlib.

Paylaş: