26 aprel 2025, şənbə Bakı, 20°C
IMG-LOGO

“Əqli mülkiyyətin melodiya, harmoniya və ritmlərinin başında yaradıcılıq durur” mövzusunda dəyirmi masa keçirilib YENİLƏNİB

25-04-2025
IMG

Aprelin 25-də Əqli Mülkiyyət Agentliyi tərəfindən 26 Aprel – Beynəlxalq Əqli Mülkiyyət Günü münasibətilə “Əqli mülkiyyətin melodiya, harmoniya və ritmlərinin başında yaradıcılıq durur” mövzusunda dəyirmi masa keçirilib. Dəyirmi masa Azərbaycanda “Konstitusiya və Suverenlik İli” çərçivəsində təşkil edilib.

Fhnews.az xəbər verir ki, tədbiri açan Əqli Mülkiyyət Agentliyinin İdarə Heyətinin sədri professor Kamran İmanov builki Beynəlxalq Əqli Mülkiyyət Gününün “Əqli mülkiyyətin ritmini hiss et” devizi altında qeyd olunduğunu bildirib.

Agentliyin rəhbəri qeyd edib ki, son 15 ildə əsasını əqli mülkiyyət təşkil edən qeyri-maddi aktivlərə investisiyalar maddi aktivlərlə müqayisədə 3 dəfə artıb və 2024-cü ildə 7 trilyon ABŞ dollarına çatıb. Dünya üzrə verilən patentlərin üçdəbir hissəsi rəqəmsal texnologiyalara aiddir və generativ süni intellektə əsaslanan patentlər güclü artım göstərir. Bununla belə, kitablara və müəlliflik hüququna olan hörmət azalmır. Belə ki, nəşr edilən və milli depozitariyalarda deponə olunan kitabların dünya miqyasında sayı 2,5 milyona yaxındır.

Qeyd olunub ki, zaman keçdikcə “müəlliflik” anlayışı dəyişir. Bunun bir çox səbəbləri var. Ən vacib olanı texnologiyaların inkişaf etdirilməsidir. Belə bir şəraitdə “əqli mülkiyyət hüququ” anlayışı yenidən dərk edilməlidir.

Dəyirmi masada professor Kamran İmanovun “Əqli mülkiyyətin melodiya, harmoniya və ritmlərinin başında yaradıcılıq durur” mövzusunda məruzəsi dinlənilib. Məruzədə diqqətə çatdırılıb ki, musiqili əsərin məzmunu musiqinin emosional və məna yüküdür, onun forması isə melodiya, harmoniya və ritmi əhatə edən əsərin strukturudur. Professor Kamran İmanov, həmçinin bununla bağlı mühüm bir məsələyə diqqət çəkərək deyib: “Belə bir struktur elementi mövcuddurmu ki, ümumi əsərlə yanaşı, müstəqil şəkildə müəlliflik hüququ ilə qorunması mümkün olsun və əgər mövcuddursa, “melodiya”, “harmoniya” və “ritm” sırasından bu hansı elementdir?”

Agentliyin rəhbəri bildirib ki, hazırda müəlliflik hüququ sahəsinin müasir peşəkarları melodiyanın müəlliflik hüquqları çərçivəsində qorunmalı olduğunu qəbul edirlər. Bunun səbəbi də melodiyanın digər musiqili əsərin elementləri olmadan da müstəqil şəkildə ifa edilə bilməsinə dair eyni dərəcədə yekdil fikrin olmasıdır. Aranjiman, orkestrləşdirmə, variasiya – əsərin yenidən işlənilməsi hesab olunur. Yenidən işləmə, yenidən işləyən şəxsin yaradıcılıq fəaliyyətində daha geniş dəyişkənliyə imkan yaradır. Beləliklə, bu töhfədən asılı olaraq, yenidən işlənmiş əsər ya tamamilə orijinaldan asılı, ya da ondan tam müstəqil ola bilər.

Kamran İmanov bildirib ki, doktrina və məhkəmə təcrübəsində qəbul edilən daxili strukturun üç elementi - melodiya, harmoniya və ritm arasından yalnız melodiya müstəqil qorunma qabiliyyətinə malik ola bilər. Harmoniya və ritm melodiya ilə müqayisədə subsidiar, yəni, köməkçi (ehtiyat) xarakter daşıyır. Yəni zərurət yarandıqda, müəlliflik hüququ qanunvericiliyinin melodiya ilə bağlı tətbiq olunan normaları harmoniya və ritmə də tətbiq oluna bilər, yəni əsərin işlənmə səviyyəsi ilə bağlı oxşarlıqların və nəticələrin müqayisəli təhlilində, plagiat və ya yol verilən səviyyədə götürülməsi (alınması) zamanı obyektin müstəqilliyinin qorunması məqsədilə ola bilər.

Məruzədə diqqətə çatdırılıb ki, sivilistik (mülki hüquq) doktrina yaradıcılığın müəyyən olunmasında iki yanaşma– subyektiv və obyektiv yanaşmaları nəzərdə tutur. Birinci halda (subyektiv yanaşma) yaradıcılığa dair tələb müəllifin əməyinə, onun əqli fəaliyyət nəticəsində öz şəxsiyyətini və fərdiliyini əks etdirməsinə yönəlir. İkinci halda (obyektiv yanaşma) isə diqqət müəllifin subyektiv-yaradıcı fəaliyyətinə deyil, əqli fəaliyyət nəticəsinin özünün yaradıcı xarakterinə yönəlir.

“Qəbul olunub ki, müəllifin yaradıcı əməyi vasitəsilə yaradılan əqli fəaliyyət nəticəsinin müəllifi kimi, yalnız əsərlər, ifalar, ixtiralar, faydalı modellər, sənaye nümunələri, eləcə də seleksiya nailiyyətləri və inteqral mikrosxem topologiyalarının müəllifləri hesab olunur (yəni şəxsi mənəvi hüquqlara olan əqli mülkiyyət obyektləri).

Yeniliyin və/və ya orijinallığın olmaması müəllif əsərinin yaradıcı olmadığını hesab etmək üçün əsas sayıla bilməz və bununla da əsərin müəlliflik hüququnun obyekti olmamasına səbəb olmamalıdır.

Beləliklə, konseptual baxımdan “yaradıcı əmək” meyarı “yenilik”, “orijinallıq” meyarları ilə qarşılaşdırılmır, əksinə, bu meyarlar (işlənmədiyi halda) onları tamamlayır və əvəz edir”, - deyə professor Kamran İmanov bildirib.

Məruzədə, həmçinin dərin fəlsəfi-hüquqi, etik və ontoloji problemlərin mövcudluğuna diqqət çəkilib. Bildirilib ki, söhbət təkcə qüvvədə olan qanunvericilik mətnlərindən deyil, həm də aşağıdakı məsələlərdən gedir:

– Kim və ya nə hüquq daşıyıcısı statusuna layiq ola bilər;

–Hüquqi və mənəvi mənada “şəxsiyyəti” hansı meyarlarla müəyyən edirik;

–Hüquq fəlsəfəsi mövqeyindən, süni intellektin təbiəti onu hüquq subyekti kimi hesab etməyə imkan verirmi?

–Etika mövqeyindən, düşünən maşınların mənəvi statusu nədən ibarətdir?

–Ontologiya mövqeyindən – süni intellektin varlığı necədir, subyekt kateqoriyasına daxil edilməsi üçün avtonomluq və “şüurluluq” səviyyəsi yetərlidirmi? və s.

Professor Kamran İmanov məruzəsində musiqidə rolu kifayət qədər nəzərəçarpan süni intellekt haqqında fikirlərini bildirərkən qeyd edib ki, süni intellekt texnologiyaları bəşəriyyət tarixinin ən böyük nailiyyətlərindən biridir. Süni intellektin geniş şəkildə tətbiqi vacib, lakin mübahisəli suallar doğurur. Hazırda hüquqi baxımdan iki tip əsər və onların yaradıcıları mövcuddur:

-süni intellektin köməyi, yəni insanın iştirakı ilə yaradılan əsərlər – qeyri-avtonom süni intellekt (müəllif – hüquqlara malik şəxs);

-süni intellekt tərəfindən, yəni insanın faktiki iştirakı olmadan yaradılan əsərlər –avtonom süni intellekt (burada hüquqi baxımdan müəllif mövcuddur, lakin faktiki olaraq yoxdur və hətta əqli fəaliyyət nəticələrinin hüquqobyektliyi qəbul edilsə belə, hüquqsubyektliyi mövcud deyildir).

Agentliyin rəhbərinin sözlərinə görə, əqli mülkiyyətin inkişafındakı müasir tendensiyalar göstərir ki, rəqəmsal innovasiyalar təkcə inkişaf etmir (dünyada verilmiş patentlərin üçdəbiri), eyni zamanda, sənaye ilə birləşir, aparat və proqram təminatı arasındakı sərhəd isə silinir. Burada xüsusi rolu generativ süni intellekt oynayır.

“Bir sözlə, biz süni intellektin əqli fəaliyyət nəticələrini yaradıcılıq (və bu artıq belədir) və süni intellekti yaradıcı statusunda tanıyırıqmı (və bu gözləniləndir): bütün bunlar fəlsəfi-ontoloji müzakirələrdən və bizi – insanları hüquq subyekti edən xüsusiyyətlərin (biologiya, şüur, ağıl və ya sosial zərurət) yenidən dərkedilməsindən eləcə də, süni intellekt texnologiyalarının özünü necə göstərəcəyindən asılıdır”, - deyə professor Kamran İmanov bildirib.

Sonra Bakı Dövlət Universitetinin rektoru Elçin Babayev, Sumqayıt Dövlət Universitetinin rektoru vəzifəsini icra edən Əminağa Sadıqov, Azərbaycan Dövlət İqtisad Universitetinin elm və innovasiyalar üzrə prorektoru Rövnəq Rzayev dəyirmi masanın mövzusu ətrafında müzakirələr aparıblar, təkliflərini söyləyiblər. Dəyirmi masada, həmçinin elm və təhsil müəssisələrində əqli mülkiyyət hüququ sahəsində maarifləndirmə işinin gücləndirilməsi ilə bağlı təkliflər irəli sürülüb.

Paylaş: