İndoneziya Nümayəndələr Palatasının sədri: Ölkələrimiz sülhpərvər dəyərlərə malikdirlər
Milli Məclisin sədri Sahibə Qafarova Asiya Parlament Assambleyasının (APA) 15-ci plenar sessiyasında iştirak etmək üçün ölkəmizdə işgüzar səfərdə olan İndoneziya Respublikası Nümayəndələr Palatasının sədri Puan Maharani ilə görüşüb.
Parlamentin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, görüşdə APA-nın Asiya parlamentlərini birləşdirən mühüm parlament platforması olduğu qeyd edilərək, Bakının evsahibliyi ilə keçirilən 15-ci plenar sessiyada bir sıra vacib məsələlərin müzakirə olunacağı diqqətə çatdırılıb. Bu cür tədbirlərin ikitərəfli əlaqələrin müzakirəsi və genişləndirilməsi baxımından da əhəmiyyəti qeyd olunub.
Milli Məclisin sədri Sahibə Qafarova Nümayəndələr Palatasının sədri Puan Maharani ilə bundan öncəki görüşlərini məmnunluqla xatırlayaraq, belə görüşlərin və qarşılıqlı səfərlərin münasibətlərimizin inkişafına töhfə verdiyini bildirib.
Söhbət zamanı ölkələrimiz arasında Birləşmiş Millətlər Təşkilatı, İslam Əməkdaşlıq Təşkilatı, Qoşulmama Hərəkatı kimi mühüm beynəlxalq təşkilatlarda müsbət əməkdaşlıq və qarşılıqlı dəstəyin mövcud olduğu vurğulanıb. Sahibə Qafarova İndoneziyanın Azərbaycan Prezidenti İlham Əliyevin təşəbbüsü ilə yaradılan Qoşulmama Hərəkatının Parlament Şəbəkəsində təmsil olunduğunu və Şəbəkənin tədbirlərində iştirak etdiyini bildirib. Azərbaycanın sədrliyi ilə Parlament Şəbəkəsinin qarşısında duran vəzifələr, təşkilatın institusional inkişafı istiqamətində atılan addımlar barədə də danışılıb.
Görüşdə parlamentlərimiz arasında qarşılıqlı fəaliyyətin dövlətlərimiz arasında əlaqələrin inkişafına mühüm və müsbət təsir göstərdiyi qeyd edilərək, qanunverici orqanlarımızın Parlamentlərarası İttifaq, İƏTPA, APA kimi beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq etdiyi bildirilib. O cümlədən, hər iki ölkənin parlamentində dostluq qruplarının fəaliyyət göstərməsinin, həmçinin deputatların qarşılıqlı səfərlərinin və sıx təmaslarının münasibətlərimizin daha da genişlənməsinə xidmət etdiyi vurğulanıb.
İndoneziya Nümayəndələr Palatasının sədri Puan Maharani Azərbaycanda olmaqdan məmnunluğunu bildirərək, plenar sessiyanın uğurla təşkil olunacağına inamını ifadə edib. O, dünyada mövcud olan böhranlar fonunda sülh və təhlükəsizliyin təmin olunmasının çox mühüm əhəmiyyətə malik olduğunu, Azərbaycan və İndoneziyanının sülhpərvər dəyərlərə malik olduqlarını qeyd edib.
Söhbət zamanı Sahibə Qafarova qonağa regionda mövcud olan vəziyyət, torpaqlarımızın işğaldan azad olunmasından sonra Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən nəhəng yenidənqurma və bərpa işləri barədə də məlumat verib.
Görüşdə, həmçinin gender məsələləri, qadınların idarəetmədə təmsilçiliyinin artırılması və qarşılıqlı maraq doğuran digər məsələlər barədə də fikir mübadiləsi aparılıb.
Azərbaycan xalqına qarşı çoxsaylı...
XİN BBC-nin Azərbaycandakı...
Butan Milli Assambleyasının sədri:...
Azərbaycan və Ukrayna Xarici İşlər...
Azərbaycan və Bəhreyn parlamentləri...