Horadiz-Ağbənd dəmiryol xəttində ikinci tunelin qazma işləri yekunlaşıb
Horadiz–Ağbənd dəmiryol xəttində həyata keçirilən tikinti işlərinin 62 faizi tamamlanıb.
“Azərbaycan Dəmir Yolları” QSC-dən (ADY) verilən məlumata görə, ox üzrə uzunluğu 110,4 kilometr olan yolun 104 və 106-cı kilometrlərində dəmiryol tunelləri inşa olunur.
Tunellərdən biri (104-cü kilometr) müstəqil Azərbaycanın tarixinin ilk, digəri isə (106-cı kilometr) ölkənin ən uzun dəmiryol tunelidir. 106-cı kilometrində uzunluğu 1071 metr olan tuneldə artıq qazma işləri yekunlaşıb və bununla tunel tikintisinin 65 faizi tamamlanıb. Qazma işlərindən sonra tuneldə izolyasiya və üzləmə işləri yerinə yetiriləcək.
Qeyd edək ki, Horadiz-Ağbənd dəmiryol xətti Avrasiya nəqliyyat bağlantısının mühüm komponenti olacaq Zəngəzur dəhlizinin bir hissəsi kimi həm Naxçıvanla birbaşa əlaqəni təmin edəcək, həm də Azərbaycanın beynəlxalq nəqliyyat xəritəsindəki mövqeyini daha da gücləndirəcək.
Xatırladaq ki, 2021-ci ilin fevral ayında ölkə Prezidenti tərəfindən təməli qoyulmuş Horadiz–Ağbənd dəmiryol xəttində tikinti işləri 3 mərhələdə həyata keçirilir. Layihə çərçivəsində 9 stansiyanın (Horadiz (mövcud), Yuxarı Mərcanlı, Şükürbəyli, Soltanlı, Qumlaq, Həkəri, Mincivan, Bartaz, Ağbənd), 4 ədəd tunel, 40 ədəd körpü, 3 ədəd qalereya (dəmir yollarını qaya parçalarından, qar uçqunlarından qorumaq üçün süni mühəndis qurğusu), 26 ədəd avtomobil keçidi, ümumilikdə isə 500-dən çox süni mühəndis qurğusunun tikintisi planlaşdırılır.
SOCAR hava şəraiti ilə bağlı xəbərdarlıq...
Azərbaycanda iqtisadi şaxələndirməyə və...
Bəzi avtobus marşrutlarının hərəkət...
Dövlət Neft Fondu İtaliyanın dəmir yolu...
AAYDA: Sürücülərin qış fəslinə hazır...