20 fevral 2025, cümə axşamı Bakı, 1°C
IMG-LOGO

FHN-in Dövlət Yanğın Nəzarəti Xidməti yanğın təhlükəli otelin fəaliyyətini dayandırıb (video, foto)

17-02-2025
IMG

Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidməti səlahiyyətləri daxilində ölkə ərazisində yanğın təhlükəsizliyinin təmin edilməsi məqsədilə zəruri tədbirlərin görülməsini davam etdirir.

Bu çərçivədə, Dövlət Yanğın Nəzarəti Xidməti tərəfindən Bakı şəhəri, Binəqədi rayonu, Əhməd Rəcəbli küçəsi, ev 13 ünvanında yerləşən “Continental” otelində keçirilən yoxlama zamanı yanğın təhlükəsizliyi sahəsində çoxsaylı nöqsanların mövcud olduğu, həmin nöqsanların insan həyatı və ya sağlamlığına, ətraf mühitə və dövlətin əmlak maraqlarına birbaşa təhlükə yaratdığı müəyyən edilib. Belə ki:

- obyektdə yanğınxəbərverici siqnalizasiya qurğusu tam quraşdırılmayıb;

- obyektin zirzəmisindən anbar kimi istifadə olunur və burada yanar materiallar saxlanılır;

obyekt yanğın su hovuzu ilə təmin olunmayıb;

- elektrik təsərrüfatına profilaktik baxış keçirilməyib və müvafiq akt tərtib edilməyib;

- obyektin tüstü bacası təmizlənməyib;

- obyektin sonuncu mərtəbəsi ehtiyat çıxış qapısı ilə təmin olunmayıb;

- obyektin həyətində taxta tullantılar yığılıb;

- mətbəxdə quraşdırılmış qaz xəttində yivli birləşmələrdən istifadə olunub;

- obyekt odsöndürən balonlarla tam təmin olunmayıb və istifadəyə yararsız balonların tərkibi yenisi ilə dəyişdirilməyib;

- təxliyə planı düzgün tərtib edilməyib;

- obyektin taxta konstruksiyalarına odadavamlı məhlul hopdurulmayıb;

- obyektin daşınmaz əmlakı “İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq sığorta olunmayıb.

Beləliklə, mövcud vəziyyət onu göstərir ki, obyektin istismarının davam etdirilməsi nəticəsində orada hər an baş verə biləcək yanğın qısa müddətdə genişlənərək faciəni qaçılmaz edəcək.

Qeyd olunanları nəzərə alaraq, yanğın təhlükəsizliyi norma və qaydalarının tələblərinin kobud pozulması faktları aşkar edilmiş Bakı şəhəri, Binəqədi rayonu, Əhməd Rəcəbli küçəsi, ev 13 ünvanında yerləşən “Continental” otelinin fəaliyyətinin dayandırılması barədə Qərar qəbul olunub və Qərarın bir nüsxəsi obyektin nümayəndəsinə təqdim edilib.

Paylaş: