20 fevral 2025, cümə axşamı Bakı, 1°C
IMG-LOGO

Həkim–terapevt: Pnevmoniya vaxtında müalicə edilərsə, əksər insanlarda tam sağalma mümkündür

17-02-2025
IMG

Pnevmoniyanın sağalma müddəti və tam sağalma prosesi bir çox amildən, o cümlədən pnevmoniyanın növü, xəstənin ümumi sağlamlıq vəziyyəti, yaş qrupu, xroniki xəstəlikləri və müalicənin vaxtında başlanmasından asılıdır. Müalicə olunduqda, antiviral dərmanlar ilə yüngül pnevmoniya ümumiyyətlə 1-2 həftə ərzində sağala bilər. Daha ciddi və ağır pnevmoniya hallarında, xüsusilə bakterial pnevmoniya və ya sepsis kimi komplikasiyalarla müşayiət olunan hallarda sağalma müddəti 4-6 həftə və ya daha uzun olur. Əgər pnevmoniya vaxtında müalicə edilərsə və ağırlaşmalar olmazsa, əksər insanlarda tam sağalma mümkündür. Yüngül və orta şiddətli pnevmoniya, müvafiq müalicə, istirahətlə tam sağala və xəstələr normal həyatlarına qayıda bilərlər.

Fhnews.az xəbər verir ki, bu sözləri Səhiyyə Nazirliyi Elmi–Tədqiqat Travmatologiya və Ortopediya İnstitutunun həkim–terapevti Günel Sadıqlı deyib.

Onun sözlərinə görə, sağalmadan sonra bəzi xəstələrdə bir müddət yorğunluq və fiziki zəiflik müşahidə olunur. Bu, ümumiyyətlə təbii bərpa mərhələsidir, bir neçə həftə və ya ay ərzində tədricən azalır. Ağır pnevmoniya keçirən insanlar bəzən nəfəs məşqləri və fizioterapiya ilə ağciyər funksiyalarını bərpa edirlər.

Həkim–terapevt risk qrupuna daxil olan şəxsləri açıqlayıb: “65 yaş və üzəri olan şəxslərdə, körpələr və kiçik yaşlı uşaqlarda, HIV/AIDS kimi immun defisit vəziyyəti olanlar, kimyaterapiya və ya radiasiya terapiyası alan, həmçinin orqan köçürülməsi olunan şəxslərdə immun sistemi zəif olduğu üçün pnevmoniya riski daha yüksəkdir. Həmçinin ağciyərlərin xroniki obstruktiv xəstəliyi (AXOX), astma, ürək çatmazlığı, şəkərli diabet kimi xronik xəstəliyi olanlar, siqaret və alkoqollu içkiləri tez-tez istifadə edən insanlarda, hamilə qadınlar, sinir sistemi xəstəliyi olanlar, keçmişdə pnevmoniya olmuş şəxslər də risk qrupuna aiddirlər. Belə ki, yaşlıların immun sistemi zəifləyir və ağciyərlərin funksiyası azalır. Bu da onları pnevmoniyaya daha həssas edir. Yaşlılar arasında digər xroniki xəstəliklər də çox yayılır ki, bu da pnevmoniyanın şiddətli gedişini sürətləndirir.

Siqaret çəkmək ağciyərlərin funksiyasını pisləşdirir və onları infeksiyalara qarşı daha həssas edir. Bu şəxslərin pnevmoniyaya tutulma ehtimalı daha yüksəkdir. Alkoqolun təsiri altında olan şəxslər boğazlarına qida və ya maye qaçıraraq aspirasiya pnevmoniyasına yoluxa bilərlər. Xəstəxanada uzun müddət qalan və ya nəfəs aparatı ilə nəfəs alan şəxslərdə xəstəxanadaxili pnevmoniya riski yüksəkdir. Altsheymer, Parkinson və şəkərli diabet kimi xəstəlikləri olan şəxslərdə udmanın çətinliyi və ya pozulması ehtimalı var. Bu, qidanın və ya mayenin ağciyərlərə qaçmasına və nəticədə aspirasiyon pnevmoniyaya səbəb ola bilər.

Hamiləlik dövründə immun sistemi dəyişdiyi üçün qadınlar infeksiyalara qarşı daha həssas olurlar.

Bu risk qruplarındakı şəxslər üçün pnemoniya və qrip peyvəndi kimi qorunma tədbirləri, vaxtında müayinə və erkən diaqnoz çox önəmlidir. Bu tədbirlər xəstəliyin qarşısını almağa və ya erkən mərhələdə müalicəyə kömək edir”, - deyə mütəxəssis əlavə edib.

Paylaş: