20 fevral 2025, cümə axşamı Bakı, 1°C
IMG-LOGO

Ali Məhkəmə: Vərəsə miras qoyanın borclarının mirasdan çox olduğunu sübut etməlidir

17-02-2025
IMG

Azərbaycan Respublikasının Ali Məhkəməsi vahid məhkəmə təcrübəsini müəyyən edən daha bir qərar qəbul edib.

Ali Məhkəmədən verilən məlumata görə, işin hallarına görə, iddiaçı ilə cavabdeh arasında bağlanmış kredit müqaviləsinə əsasən, iddiaçı borcalana 45 ay müddətinə illik 25 faiz dərəcəsi ilə 12.000 manat məbləğində kredit verməyi, borcalan isə həmin krediti müəyyən olunmuş müddətdə faizi ilə birlikdə borc verənə qaytarmağı öhdələrinə götürüblər. Həmçinin iki şəxs borcalan tərəfindən müqavilə öhdəlikləri yerinə yetirilmədiyi təqdirdə kredit müqaviləsindən irəli gələn öhdəliyin tam həcmdə icrası üçün zamin durub. Lakin cavabdeh 1 il sonra vəfat edib. 2022-ci il 30 iyul tarixli maliyyə arayışına görə müqavilə üzrə cəmi 7.887 manat borc yaranıb.

Sonra iddiaçı cavabdehlərə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən 7 min 887 manat borcun tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş edib.

İddianın əsaslarına görə, Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 28 fevral tarixli Fərmanının icrası ilə bağlı iddiaçı tərəfindən varis və zaminlərə kredit müqaviləsi üzrə yaranmış borcun restrukturizasiya olunması və bununla bağlı banka müraciət edilməsi təklif olunub. Buna baxmayaraq, borclu varis və zaminlər təklifi qəbul etməyib və Fərmandan irəli gələn güzəştlərdən istifadə etməyiblər.

Birinci instansiya məhkəməsinin qətnaməsi ilə iddia rədd edilib. Məhkəmə araşdırması zamanı müəyyən olunub ki, iddiaçı bank əsas borclunun vərəsəsi qismində olan cavabdehə qarşı borcun ödənilməsi tələbini irəli sürsə də, varisin əsas borclunun vərəsəsi qismində onun miras əmlakını qəbul etməsi halına dair heç bir sübutu məhkəməyə təqdim edə bilməyib. Buna görə də şəxsin vərəsə kimi hər hansı miras əmlakı qəbul etməsi halı sübut edilmədiyindən, onun vərəsə qismində miras əmlakı həddində borcun ödənilməsi öhdəliyi yaranmadığından, iddia tələbi qeyd edilən cavabdehə aid olan hissədə əsassız olmaqla, təmin edilməməlidir.

Həmçinin məhkəmə iddia tələbinin zamin qismində çıxış edən cavabdehlərə aid olan hissəsi ilə bağlı hesab edib ki, iddia tələbi bu hissədə də əsassız olmaqla, təmin edilməməlidir. Belə ki, iş materiallarından görünür ki, 2015-ci il 15 aprel tarixli kredit müqaviləsinin təminatı qismində bağlanılmış zaminlik müqavilələrində onun qüvvədə olma müddəti qeyd edilməyib. Həmin müqavilənin təmin etdiyi öhdəliklərin icrası vaxtının başa çatmasından 1 ildən çox müddət keçib. Bu səbəbdən cavabdehlərin zaminliyinə xitam verilməlidir.

Həmçinin məhkəmə onu da qeyd etməyi zəruri hesab edib ki, hazırkı mülki iş üzrə 1 illik müddət 2020-ci ilin yanvar ayının 15-də bitdiyi halda (həmin tarixdə isə müvafiq Fərmanın tətbiqi ilə bağlı tədbirlər artıq həyata keçirilib), iddiaçı tərəfindən zaminlərə qarşı iki ilə yaxın müddət ötürülərək məhkəməyə müraciət edilib.

İddiaçının apellyasiya şikayəti də təmin edilməyib, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılıb.

Bundan sonra iddiaçı kassasiya şikayəti ilə Ali Məhkəməyə müraciət edib.

Ali Məhkəmənin mövqeyinə görə, apellyasiya instansiyası məhkəməsinin əsas borclunun vəfatından sonra onun vərəsəlik qaydasında keçə biləcək miras əmlakının olması, həmin əmlakın vərəsələri tərəfindən qanunla müəyyən olunmuş müddətdə qəbul edilməsi, vərəsəlik işinin açılması və sair kimi halların mövcudluğu vərəsələr tərəfindən deyil, vəfat etmiş əsas borclunun kreditoru tərəfindən sübuta yetirilməsi barədə qərarı doğru deyil. Apellyasiya instansiyası məhkəməsi iş üzrə sübutetmə yükünü tərəflər arasında düzgün bölüşdürməyərək həm prosessual hüquq normalarını, həm də konkret vəziyyətdə sübutetmə yükünün kimə aid olmasını tənzimləyən maddi hüquq normasını pozub. Belə ki, Mülki Məcəllənin “Vərəsələr tərəfindən kreditorların təmin edilməsi zamanı sübutetmə yükü” adlanan 1307-ci maddəsində təsbit edilmişdir ki, mirasın notarius tərəfindən siyahıya alındığı haldan başqa, vərəsə miras qoyanın borclarının mirasdan çox olduğunu sübut etməlidir.

Apellyasiya instansiyası məhkəməsi sözügedən mövqeyi ilə Konstitusiya Məhkəməsi Plenumunun 2022-ci il oktyabrın 14-ü tarixli Qərarı ilə verilən şərhi də nəzərə almayıb.

Konstitusiya Məhkəməsi Plenumunun daha sonra 2023-cü il dekabrın 26-da qəbul etdiyi Qərarda isə məsələyə dair birmənalı hüquqi qiymət verilərək, göstərilib ki, qanunla müəyyən olan müddət ərzində mirasdan imtina etməyən vərəsə mirası qəbul etmiş sayılır.

Beləliklə, Ali Məhkəmə işi vərəsəyə münasibətdə ləğv edərək, yenidən baxılması üçün apellyasiya instansiya məhkəməsinə göndərib.

Paylaş: