20 fevral 2025, cümə axşamı Bakı, 1°C
IMG-LOGO

Nazir Kəmaləddin Heydərov Tacikistan Respublikasının ölkəmizdəki səfiri ilə görüşüb

17-02-2025
IMG

Azərbaycan Respublikasının fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov Tacikistan Respublikasının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri İlxom Abduraxmon ilə görüşüb.

Səfiri səmimi salamlayan nazir Kəmaləddin Heydərov Azərbaycan ilə Tacikistan arasında münasibətlərin qardaşlıq və dostluq xarakter daşıdığını xatırladıb. Bu çərçivədə, nazir səfirlə keçirilən görüşün iki ölkənin fövqəladə hallarla mübarizə üzrə uyğun qurumları arasında əlaqələrin genişləndirilməsi baxımından faydalı olacağına əminliyini ifadə edib.

Ölkəmizdə fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması istiqamətində görülən işlər barədə qonağa ətraflı məlumat verən nazir Kəmaləddin Heydərov Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi ilə Tacikistan Respublikasının aidiyyəti dövlət qurumları arasında əməkdaşlığın inkişaf etdirilməsi üçün mövcud potensialdan danışıb. Eyni zamanda, bu sahədə yüksək ixtisaslı mütəxəssislərin hazırlanması, təlim və tədris məsələləri üzrə FHN-in Akademiyası ilə Tacikistanın aidiyyəti qurumları və tədris müəssisələri arasında əməkdaşlığın perspektivləri qeyd olunub.

Səmimi görüşə görə təşəkkürünü bildirən Tacikistan Respublikasının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri İlxom Abduraxmon iki ölkə arasında münasibətlərin daim genişləndiyini vurğulayıb. Bu çərçivədə, səfir fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması sahəsində iki ölkənin uyğun qurumları arasında əlaqələrin inkişaf etdirilməsinin qarşılıqlı faydasından danışıb, bu istiqamətdə səylərini əsirgəməyəcəyini qeyd edib.

Görüşdə qarşılıqlı maraq doğuran məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb.

Paylaş: