22 may 2025, cümə axşamı Bakı, 16°C
IMG-LOGO

Almaniyada əhalinin hər dörd nəfərindən biri miqrasiya mənşəlidir

22-05-2025
IMG

Almaniya əhalisinin 25,6 faizi – yəni 21,2 milyon nəfər miqrasiya mənşəlidir. Bu göstərici ötən illə müqayisədə 4 faiz çoxdur.

Fhnews.az xəbər verir ki, bu barədə Almaniya Statistika İdarəsinin məlumatında qeyd olunub.

Miqrasiya mənşəli şəxslər kateqoriyasına 1950-ci ildən sonra Almaniyaya köç edənlər və ya hər iki valideyni həmin tarixdən sonra gəlmiş şəxslər daxildir. Təxminən 16,1 milyon nəfər (19,6 faiz) birbaşa özü Almaniyaya miqrasiya edib. Onlardan 5,2 milyonu Almaniyada doğulmuş, lakin hər iki valideyni miqrant olan şəxslərdir. Əlavə 4,1 milyon nəfərin isə yalnız bir valideyni miqrasiya keçmişinə malikdir və bu qrup statistik olaraq miqrasiya mənşəli sayılmır.

Məlumata əsasən, miqrasiya mənşəli əhali Almaniya üzrə daha gənc yaş qrupuna daxildir. Belə ki, onların orta yaşı 38,2-dir ki, bu da miqrasiya mənşəli olmayan əhaliyə nisbətən 9 yaş azdır. Xüsusilə 20-39 yaş arası qrupda hər üç nəfərdən biri miqrasiya mənşəlidir.

2015-ci ildən sonra Almaniyaya köç edənlərin sayı 6,5 milyon nəfərə çatıb. Əsas miqrasiya səbəbləri arasında müharibə və təqiblərdən qaçış (31 faiz), iş imkanı (23 faiz) və ailə birləşməsi (21 faiz) göstərilib. Miqrasiya olunanların mənşə ölkələri arasında Ukrayna və Suriya ilk sıralardadır. Gender baxımından isə kişilər əsasən iş və sığınacaq səbəbi ilə, qadınlar isə ailə birləşməsi məqsədilə Almaniyaya gəliblər.

Paylaş: