XİN Azərbaycanın İrandakı səfirliyinə hücum etmiş terrorçuya qarşı edam hökmünün icrasını şərh edib
Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə Azərbaycan Respublikasının İran İslam Respublikasındakı səfirliyinə hücum etmiş terrorçuya qarşı edam hökmünün icrasını şərh edib.
Bu barədə Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən məlumat verilib.
A.Hacızadə bildirib: “2023-cü il yanvarın 27-də Azərbaycan Respublikasının İran İslam Respublikasındakı səfirliyinə qarşı terror hücumu həyata keçirmiş, səfirliyin bir əməkdaşını qətlə yetirmiş, iki əməkdaşını isə yaralamış Yasin Hüseynzadəyə qarşı 2024-cü il yanvarın 28-də çıxarılmış ölüm hökmü 2025-ci il mayın 21-i səhər saat 5-də icra olunub.
Edamın icra olunması prosesini səfirliyimizin iki nəfər əməkdaşı və məhkəmə prosesində Azərbaycan tərəfindən təyin edilmiş vəkil müşahidə edib.
Sözügedən terror aktını həyata keçirmiş şəxsin ən ağır şəkildə cəzalandırılması Azərbaycanın İran tərəfindən əsas gözləntiləri sırasında idi.
Diplomatik əlaqələr haqqında Vyana Konvensiyasına uyğun olaraq, diplomatik missiyalarımızın təhlükəsizliyinin təmin olunması və bu qəbildən əməllərin qarşısının alınması istiqamətində yerləşmə ölkəsi tərəfindən müvafiq tədbirlərin görülməsi hər zaman əhəmiyyət kəsb edir.
Qarşılıqlı hörmətə və mehriban qonşuluğa əsaslanan Azərbaycan-İran əlaqələrinin inkişafı istiqamətində birgə səylərin davam etdirilməsini vacib hesab edirik".
Ceyhun Bayramovun BƏƏ-nin xarici işlər...
XİN Azərbaycanın İrandakı səfirliyinə...
Baş nazir Əli Əsədov Dünya Minifutbol...
Ankarada Qərbi Azərbaycana qayıdış...
Azərbaycan nümayəndə heyəti beynəlxalq...