22 may 2025, cümə axşamı Bakı, 23°C
IMG-LOGO

Tropik meşələr rekord sürətlə yoxa çıxır

21-05-2025
IMG

Dünyanın iqlim dəyişikliyinə qarşı mühüm təbii sipər hesab olunan tropik meşələri 2024-cü ildə indiyədək qeydə alınmış ən yüksək sürətlə yoxa çıxıb.

Fhnews.az BBC-yə istinadla xəbər verir ki, yeni peyk analizlərinə əsasən, ötən il ərzində təxminən 67 min kvadrat kilometr (təxminən İrlandiya Respublikası böyüklüyündə ərazi) qədim tropik meşə örtüyü məhv edilib. Bu isə dəqiqədə 18 futbol meydançasına bərabər ərazinin itirilməsi deməkdir.

Əvvəlki illərdən fərqli olaraq, bu dəfə tropik meşələrin məhvində əsas səbəb kənd təsərrüfatı məqsədilə torpaqların təmizlənməsi deyil, meşə yanğınları olub. Xüsusilə Amazon meşələri quraqlıq səbəbindən ciddi zərər görüb. Cənub-Şərqi Asiyada isə vəziyyət bir qədər müsbətdir. Region ölkələrinin tətbiq etdiyi dövlət siyasətləri meşə itkisinin azalmasına səbəb olub.

Tropik yağış meşələri torpaqlarda və ağac gövdələrində yüz milyardlarla ton karbon saxlayır. Lakin bu yeni qlobal rekord planetin isinməsi fonunda meşələrin davamlılığı ilə bağlı narahatlıqları daha da artırır. Alimlər xəbərdarlıq edirlər ki, xüsusilə Amazon kimi meşə sistemləri geri dönməz məhv nöqtəsinə, yəni “tipping point”ə yaxınlaşa bilər.

Paylaş: