İnfarktdan sonra uzun müddət oturaq vəziyyət ürək-damar risklərini artırır - ARAŞDIRMA
“Cardiovascular Quality and Outcomes” jurnalında dərc edilən araşdırma göstərir ki, gündəlik 14 saatdan çox oturan və ya oturaq vəziyyətdə vaxt keçirən şəxslərdə infarktdan və ya sinə ağrısı kimi simptomlardan sonra bir il ərzində növbəti ürək-damar hadisəsi və ya ölüm riski mühüm dərəcədə artır.
Fhnews.az xəbər verir ki, araşdırmaya Nyu Yorkdakı Kolumbiya Universitetinin İrvinq Tibb Mərkəzinin təcili yardım şöbəsində kəskin koronar sindrom və ya sinə ağrısı simptomları ilə müalicə alan 21-96 yaş arası 609 yetkin şəxs tədqiqata cəlb olunub.
Tədqiqatçılar xəstəxanadan çıxan iştirakçıların gündəlik fiziki fəaliyyəti və oturaq vaxtını 30 gün ərzində bilək akselerometrləri vasitəsilə obyektiv şəkildə ölçüblər. Nəticəyə əsasən, ən aşağı fiziki aktivlik səviyyəsinə malik iştirakçılarla müqayisədə, ən yüksək aktivlik səviyyəsinə malik olan şəxslərdə növbəti bir il ərzində kardiovaskulyar hadisə və ya ölüm riski 2,58 dəfə aşağı olub. Gündəlik oturaq vaxtın 30 dəqiqəsini orta və ya güclü intensivlikli fiziki fəaliyyətlə əvəz etmək, ürək-damar hadisələri və ölüm riskini 61 faiz azaldır. Eyni dəyişiklik yüngül fiziki fəaliyyətlə edildikdə bu risk 50 faiz, yuxu ilə əvəz edildikdə isə 14 faiz azalıb. Ən çox fiziki aktiv olan iştirakçılar gündə orta hesabla 143,8 dəqiqə yüngül, 25 dəqiqə orta və ya güclü fiziki fəaliyyət göstərib, 11,7 saat oturub və 8,4 saat yatıblar. Ən az aktiv qrupda isə gündə cəmi 2,7 dəqiqə orta və ya güclü fiziki fəaliyyət qeydə alınıb və bu qrupda gündəlik oturaq vaxt 15,6 saat olub.
Araşdırmanın aparıcı müəllifi, Kolumbiya Universitetinin dosenti Keit Diaz bildirir: “Ürək hadisələrindən sonra mövcud müalicə protokolları əsasən məşqə yönəlib. Biz isə oturaq vaxtın ayrıca risk faktoru kimi rolunu araşdırdıq. Tədqiqatımız göstərir ki, fiziki aktivlik səviyyəsinin artırılması üçün mütləq marafonlara qatılmaq lazım deyil. Az da olsa hərəkət və ya əlavə yuxu ürək-damar sağlamlığına müsbət təsir göstərə bilər”.
Tədqiqat zamanı iştirakçılar cihazı 30 gün boyunca fasiləsiz taxıblar və bu məlumatlar əsasında gündəlik davranış nümunələri təhlil edilib. Əlavə ürək-damar hadisələri və ölüm hallarının təqibi isə bir il ərzində telefon sorğuları, elektron sağlamlıq qeydləri və Sosial Müdafiə Ölüm İndeksi vasitəsilə həyata keçirilib. Nəticədə, iştirakçıların 8,2 faizində (n=50) əlavə infarkt və ya ölüm hadisəsi baş verib.
Tədqiqatın müəllifləri qeyd edirlər ki, oturaq davranışın təyini yalnız fiziki hərəkətin intensivliyinə əsaslandığından oturaq vaxtın qiymətləndirilməsi tam dəqiq olmaya bilər. Eyni zamanda, iştirakçıların sosial və məhəlləvi mühitləri nəzərə alınmayıb və xəstəxanadan sonra hansı növ qulluq aldıqları məlum deyil. Qərbi Virciniya Universitetinin professoru və Amerika Ürək Assosiasiyasının Fiziki Aktivlik Komitəsinin keçmiş sədri araşdırmanı belə şərh edib: “Tədqiqat göstərir ki, yalnız yüngül intensivlikli fəaliyyətlər belə, məsələn, ev işləri, bağçılıq və ya yavaş gəzinti, oturaq davranışın azaldılması ilə müqayisədə əhəmiyyətli sağlamlıq faydaları verə bilər”.
Amerika Ürək Assosiasiyasının “Life’s Essential 8” adlı sağlam həyat prinsipləri arasında həm fiziki fəaliyyət, həm də yuxu əsas komponentlər kimi yer alır. Bu araşdırma yuxunun bərpaedici təsirinin də infarktdan sonra riskin azaldılmasında mühüm rol oynaya biləcəyini göstərir.
Nəticə olaraq, infarkt və ya sinə ağrısından sonra reabilitasiya dövründə oturaq vaxtı azaltmaq, yüngül də olsa fiziki fəaliyyətlə əvəzləmək və kifayət qədər yuxu almaq xəstələrin uzunmüddətli kardiovaskulyar sağlamlığı üçün mühüm əhəmiyyət daşıyır.
Almaniyada əhalinin hər dörd nəfərindən...
OPEC+ iyulda neft hasilatının sürətli...
Ötən il Britaniyaya miqrasiya edənlərin...
Böyük Britaniyanı əhatə edən dəniz...
2030-cu ildə Çində “uçan marşrut...