“Ümidsiz” dişlərin xilas edilməsi uzunmüddətli faydalar təqdim edir – TƏDQİQAT
Tədqim olunan genişmiqyaslı, uzunmüddətli tədqiqat periodontal regenerasiyanın (PR) ciddi sümük itkisinə məruz qalmış dişlərin saxlanılmasında effektiv və qənaətbəxş bir yanaşma olduğunu ortaya qoyub.
Fhnews.az “MedicalXpress” portalına istinadla xəbər verir ki, tədqiqat çərçivəsində 20 il ərzində aparılan müşahidələr regenerativ prosedurlarla saxlanılan dişlərin implant və ya sabit körpü ilə əvəz olunanlarla müqayisəli nəticələr göstərdiyini təsdiqləyib.
KU Leuven Universitetindən tədqiqatın aparıcı müəlliflərindən biri, həkim Simone Cortellini qeyd edib ki, ciddi sümük itkisi olan bir dişin mütləq şəkildə çıxarılması anlayışı elmi əsaslara söykənmir: “Regenerasiya xəstələrə öz təbii dişlərini daha uzun illər ərzində qorumağa imkan verə biləcək güclü alternativdir. Periodontitin ağır formalarında dişi dəstəkləyən toxumalar, o cümlədən, sümüklər bəzən kök zirvəsinə qədər məhv ola bilər. Ənənəvi yanaşmaya əsasən bu cür dişlər “ümidsiz” hesab edilərək çıxarılırdı. Lakin periodontal regenerasiya cərrahi üsullarla və biomaterialların tətbiqi ilə bu toxumaların bərpasını hədəfləyir və beləliklə, dişin xilas edilməsinə imkan yaradır”.
Randomizə edilmiş nəzarətli sınaqda III və IV mərhələli şiddətli periodontit diaqnozu qoyulmuş 50 pasiyent iştirak edib. Hər iştirakçının kök zirvəsinə və ya ondan o yana uzanan sümük itkisinə malik ən azı bir dişi olub. İştirakçılar iki əsas qrupa bölünüb:
• PR qrupu: Periodontal regenerasiya proseduru ilə dişin xilas edilməsinə çalışılıb.
• TER qrupu: Diş çıxarılaraq yerinə implant və ya sabit körpü yerləşdirilib.
20 illik müşahidələr göstərib ki, hər iki müalicə strategiyası oxşar klinik uğur dərəcəsi ilə nəticələnib. PR qrupunda yalnız 4 diş, TER qrupunda isə cəmi 2 implant itirilib. Həmçinin təbii dişlərini saxlayan xəstələrdə diş əti səviyyəsinin sabit qaldığı və bağlanma dərinliyinin uzunmüddətli dövrdə qorunduğu müşahidə olunub.
Tədqiqat göstərib ki, uzunmüddətli perspektivdə təbii dişin saxlanılması xərclərə görə əvəzləmə prosedurlarından daha qənaətlidir. Baxmayaraq ki, regenerativ müalicə texniki qulluq və davamlı nəzarət tələb edir, ümumi maliyyət implant və ya körpülə müqayisədə aşağı olub. Eyni zamanda, fəsadların sayı və müalicənin nəticə baxımından effektivliyi hər iki qrupda bənzər səviyyədə qeydə alınıb.
Cortellini qeyd edib: “Dişin dəyişdirilməsi onu xilas etməkdən üstün deyil. Əgər təbii dişi qorumaq mümkündürsə, bu, həm xəstə, həm də səhiyyə sistemi üçün daha faydalıdır”.
Mütəxəssislər vurğulayır ki, periodontal regenerasiya hər xəstə və ya hər diş üçün uyğun deyil. Bu metod daha çox ümumi sağlamlığı yaxşı olan, siqaret çəkməyən, yüksək motivasiyaya və ağız gigiyenasına malik xəstələrdə uğurlu nəticə verir. “Ən yaxşı klinik bacarıqlar belə, əgər xəstə uyğun deyilsə, uzunmüddətli uğuru təmin etməyə kifayət etmir,” – deyə Cortellini əlavə edib.
EuroPerio11-in elmi rəhbəri professor Lior Şapira isə bildirib ki, bu mühüm tədqiqatın nəticələrinə görə, müvafiq seçimlərlə, hətta ciddi şəkildə zədələnmiş dişlər belə bərpa edilə və uzun müddət qoruna bilər.
Araşdırmanın yekun mesajı aydındır: əgər mümkündürsə, dişi xilas etmək əsas prioritet olmalıdır. Kortellini yekun olaraq qeyd edib: “Dişin çıxarılması düzgün seçim ola bilər, lakin regenerativ müalicə onilliklərlə davam edə bilən sabitlik və funksionallıq təqdim edir. Öz dişiniz olsaydı, onu saxlamaq şansınızı dəyərləndirmək istəməzdinizmi?”
Çaqos adaları ilə bağlı razılaşma üzrə...
Oktant bürcündəki retrograd orbitdə...
Mosulda nadir Assuriya daş lövhəsi...
BMT-nin Baş katibi: Biomüxtəlifliyin...
Müharibələr və mikroplastiklər arılar...