22 may 2025, cümə axşamı Bakı, 23°C
IMG-LOGO

Son dörd ayda sosial sahədə elektron xidmətlərə 8 milyon 546 min müraciət olub

20-05-2025
IMG

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin fəaliyyət sahələri üzrə əhaliyə təqdim olunan elektron xidmətlərə yanvar-aprel aylarında 8 milyon 546 min müraciət edilib.

Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, ölkənin sosial reyestri olan “e-sosial” portalından həmin dövrdə 5,1 milyon dəfə istifadə olunub, 90 min təyinat e-infrastruktur üzərindən, proaktiv qaydada həyata keçirilib.

Son illərdə sosial sahədə icra olunan geniş elektronlaşma proqramı nəticəsində hazırda nazirliyin 159 xidmətindən 90 faizdən çoxu e-qaydada təqdim olunur. Həmçinin 55-dən çox proaktiv xidmət, geniş funksional imkanlara malik “e-sosial” portalı, “Əmək və Məşğulluq” altsistemi fəaliyyət göstərir.

Nazirliyin e-sistemlərinin 80-dək qurumun informasiya bazaları ilə inteqrasiyası həyata keçirilir. Həmin qurumlardan sorğular da daxil olmaqla, bu ilin 4 ayı ərzində nazirliyin e-sistemləri üzərindən sorğu, müraciət və xidmət sayı 135 milyon olub.

Paylaş: