AzMİU ilə İtaliyanın Azərbaycandakı səfirliyi arasında əməkdaşlıq məsələləri müzakirə olunub
İtaliyanın Azərbaycandakı səfiri Luka di Canfrançeskonun rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU) olub.
Universitetdən bildirilib ki, AzMİU-nun rektoru professor Gülçöhrə Məmmədova ilə keçirilən görüşdə bu ali təhsil müəssisəsi ilə İtaliya universitetləri arasında qurulan əməkdaşlıq əlaqələrindən danışılıb.
İtaliyanın Azərbaycandakı səfiri Luka di Canfrançesko çıxışında iki ölkə arasında tarixi və mədəni oxşarlıqları vurğulayıb. O bildirib ki, Romada fəaliyyət göstərən Azərbaycan Mədəniyyət Mərkəzi bu əlaqələrin bariz nümunəsidir. Səfir AzMİU-nun İtaliya universitetləri ilə əməkdaşlığını maraqla izlədiklərini və bu münasibətlərin daha da inkişaf etdirilməsinə dəstək verməyə hazır olduqlarını qeyd edib. O, həmçinin universitetdə italyan dilinə göstərilən marağa görə təşəkkürünü bildirərək, bu sahədə əməkdaşlığın genişləndirilməsi üçün istənilən dəstəyi verməyə hazır olduqlarını bildirib.
Görüş çərçivəsində nümayəndə heyətləri arasında müzakirələr aparılıb. İtaliya universitetləri ilə birgə əməkdaşlıq imkanları və səfirliyin bu əməkdaşlıqdakı rolu ətraflı şəkildə nəzərdən keçirilib. Səfir universitetin 50 illik yubileyinə həsr olunmuş bir sıra tədbirlərin keçirilməsini təklif edib. Qərara alınıb ki, bu təşəbbüs üzrə konkret plan və proqram hazırlanaraq icraya yönəldiləcək.
Daha sonra qonaqlar AzMİU-nun Dizayn və Memarlıq fakültələrinin tədris binalarında olublar. Onlara İtaliya-Azərbaycan Dizayn Mərkəzi və tədris laboratoriyaları haqqında ətraflı məlumat verilib. Bildirilib ki, bu mərkəz Azərbaycan və İtaliya prezidentlərinin iştirakı ilə 2019-cu ildə imzalanmış müqavilə əsasında yaradılıb və Milan Politexnik Universitetinin Dizayn fakültəsinin modeli əsasında qurulub. Mərkəzdə tələbələr dizayn sahəsində ən son trendlərlə tanış olur, onlar üçün ustad dərsləri, vörkşoplar və görüşlər təşkil edilir.
Səfir tədris mühiti, tələbələrin layihələri və əl işləri ilə də yaxından tanış olub. Qonaqlara bildirilib ki, Dizayn və Memarlıq fakültələrinin İtaliyanın bir sıra nüfuzlu ali təhsil müəssisələri – Florensiya Universiteti, Sapienza Universiteti, Milan Politexnik və Polimi universitetləri ilə yüksəksəviyyəli əməkdaşlıq münasibətləri və ikili diplom proqramları mövcuddur. Söhbət zamanı bu əlaqələrin daha da inkişaf etdirilməsi və yeni əməkdaşlığın qurulması ilə bağlı fikir mübadiləsi aparılıb.
Mayın 25-də 54 mindən çox abituriyent II...
Paytaxt məktəblərində işə qəbul...
Taksi sürücüləri üçün iyunun 19-da...
Agentlik: Bir neçə Azərbaycan mahnısının...
“Yüksəliş” müsabiqəsinin Analitik təhlil...