Azərbaycan çayı FAO-nun baş qərargahında təqdim edilib
Azərbaycan BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) 21 May – Beynəlxalq Çay Günü ilə əlaqədar təşkil etdiyi tədbirdə təmsil olunub.
Fhnews.az xəbər verir ki, “Daha yaxşı həyat üçün çay” adlanan builki tədbirdə çayın dayanıqlığa və rifaha əhəmiyyətli töhfəsi xüsusilə qeyd edilib.
FAO-nun baş direktoru Qu Donqyu tədbirdə bildirib ki, çay sadəcə içki deyil, bütün dünyada milyonlarla insan üçün həyat xəttidir. Bununla belə, o, çay sektorunun hazırda qiymət dəyişkənliyi, maliyyə vəsaitlərinə məhdud çıxış, texnologiya çatışmazlığı və iqlim dəyişikliyi ilə bağlı risklər də daxil olmaqla, çoxsaylı problemlərlə üzləşdiyini vurğulayıb. Baş direktor çay sektorunun inkişafı və onun bütün potensialını üzə çıxarmaq üçün qlobal əməkdaşlığa çağırış edib.
Azərbaycanın FAO yanındakı daimi nümayəndəsi Rəşad Aslanov çıxışında ölkəmizdə çayçılığın inkişafı, həyata keçirilən layihələr və dövlət dəstəyi barədə ətraflı məlumat verib. O, çay mədəniyyətinin mədəni irsimizin mühüm elementlərindən biri olduğunu vurğulayaraq ölkəmizdəki çay ənənələrindən danışıb, çay süfrəsinin xalqımızın qonaqpərvərlik rəmzi olduğunu bildirib. Azərbaycanın cənub rayonlarının çayçılıq sahəsində ixtisaslaşdığını deyən Rəşad Aslanov ölkəmizdəki çayçılıq sahəsinin tarixi və perspektivləri barədə fikirlərini bölüşüb.
Sərgidə təqdim olunan Azərbaycana ai müxtəlif çeşidli çaylar, ballar, mürəbbələr, milli şirniyyatlar və quru meyvələri iştirakçıların böyük marağına səbəb olub. FAO-nun Baş direktoru Azərbaycan stendi ilə tanış olub, milli təamlardan dadıb.
Tədbir çərçivəsində FAO-nun Qlobal Əhəmiyyətli Kənd Təsərrüfatı İrs Sistemləri siyahısına əlavə ediləcək altı yeni saytın açılışı olub.
Xatırladaq ki, 2019-cu ilin dekabrında BMT Baş Assambleyasında mayın 21-nin Beynəlxalq Çay Günü elan olunması barədə qətnamə qəbul edilib. Builki Beynəlxalq Çay Gününün qeyd edilməsində Azərbaycanla yanaşı, Çin, Rusiya, İndoneziya, Mərakeş, Keniya, Koreya Respublikası da iştirak edib.
COP29-un rəhbəri Sankt-Peterburqda Xəzər...
Azərbaycan Astanada hüquqşünasların...
İstanbulda “Qloballaşan dünyada ailənin...
Bakıda “Kənddən Şəhərə” həftəsonu...
Azərbaycan və Qazaxıstan məhkəmə...