BMT-nin Baş katibi: Biomüxtəlifliyin qorunması üçün təcili tədbirlər görülməlidir
BMT biomüxtəliflik problemləri ilə bağlı anlayışı və məlumatlılığı artırmaq üçün 2000-ci ildə rəsmi olaraq 22 may tarixini Beynəlxalq Biomüxtəliflik Günü elan edib. Bu tarix 1992-ci ildə Bioloji Müxtəliflik haqqında Konvensiyanın qəbul edilməsi ilə əlaqədardır.
Fhnews.az təşkilatın məlumatına istinadla xəbər verir ki, BMT-nin Baş katibi Antonio Quterreş ölkələri təbiətlə münasibətlərini köklü şəkildə və yenidən nəzərdən keçirməyə çağırıb, bioloji müxtəlifliyin itirilməsinin heç bir xalqın biganə qala bilməyəcəyi qlobal böhran olduğu barədə xəbərdarlıq edib.
Baş katibin müraciətində təbii dünyanın tənəzzülünün “ildırım sürəti” ilə davam etməsi barədə həyəcan təbili çalınır: “Biomüxtəliflik həyatın təməli və davamlı inkişafın məhək daşıdır. Bununla belə, bəşəriyyət çirklənmənin, iqlim böhranının, ekosistemin məhv edilməsinin və nəticədə təbii dünyamızın qeyri-davamlı istifadəsinə təkan verən qısamüddətli maraqların nəticəsi olaraq biomüxtəlifliyi sürətlə məhv edir”.
O vurğulayıb ki, nə qədər zəngin və ya güclü olursa olsun, heç bir ölkə bu böhranı təkbaşına həll edə və ya Yer üzündə həyatı müəyyən edən ekoloji zənginlik olmadan inkişafı davam etdirə bilməz.
Beynəlxalq Biomüxtəliflik Günü gələcəyə dair ciddi narahatlıqlar fonunda qeyd olunur: hazırda bir milyon növün nəsli kəsilmək təhlükəsi var, quru ekosistemlərinin 75 faizi və dəniz mühitinin üçdə ikisi insan fəaliyyəti nəticəsində əhəmiyyətli dərəcədə dəyişib. Bundan əlavə, cari tendensiyalar davam edərsə, 17 Dayanıqlı İnkişaf Məqsədlərindən (SDGs) səkkizinə doğru irəliləyiş təhlükə altına düşə bilər.
Antonio Quterreş 2030-cu ilə qədər təbiət itkisini dayandırmaq və bərpa etmək üçün üzv dövlətləri əlamətdar saziş olan Kunminq-Monreal Qlobal Biomüxtəliflik Çərçivəsinin təcili həyata keçirilməsinə çağırıb. Buraya biomüxtəlifliyin milli fəaliyyət planlarının icrası, mühafizə üçün maliyyənin genişləndirilməsi, zərərli subsidiyaların dəyişdirilməsi, yerli icmalara və xalqlara, qadınlara, gənclərə dəstək verilməsi daxildir.
Bioloji müxtəliflik ərzaq təhlükəsizliyi, dolanışıq vasitələri, sağlamlıq və iqlimə davamlılığın əsasını təşkil edir. Təxminən 3 milyard insan heyvani zülal qəbulunun 20 faizini balıqla təmin edir və inkişaf etməkdə olan ölkələrdə kənd əhalisinin 80 faizi bitki mənşəli qidalardan istifadə edir. Bununla belə, təbii yaşayış yerlərinin məhv edilməsi zoonoz xəstəliklərin ötürülməsi riskini də artırır və biomüxtəlifliyin qorunmasını qlobal sağlamlıq üçün əsas amil edir.
BMT-nin rəhbəri müraciətinin sonunda qeyd edib: “Təbiətlə harmoniyada yaşamaq və davamlı inkişaf bəşəriyyət üçün daha yaxşı dünyaya aparan yoldur. Gəlin bu yolu birlikdə qət edək”.
Almaniyada əhalinin hər dörd nəfərindən...
OPEC+ iyulda neft hasilatının sürətli...
Ötən il Britaniyaya miqrasiya edənlərin...
Böyük Britaniyanı əhatə edən dəniz...
2030-cu ildə Çində “uçan marşrut...