22 may 2025, cümə axşamı Bakı, 23°C
IMG-LOGO

Əmək miqrasiyasının ailə strukturlarına sosial təsiri – ARAŞDIRMA

22-05-2025
IMG

Əmək miqrasiyası insanların daha yaxşı iqtisadi imkanlar axtarmaq məqsədilə başqa ölkələrə və ya regionlara köçməsidir. Bu hal son onilliklərdə həm inkişaf etmiş, həm də inkişaf etməkdə olan ölkələrdə geniş yayılıb. Proses yalnız iqtisadi sahədə deyil, həm də sosial müstəvidə, o cümlədən ailə strukturlarında və münasibətlərində mühüm dəyişikliklərə səbəb olur. Azərbaycan da bu qlobal tendensiyadan kənarda qalmır. 

Fhnews.az xəbər verir ki, AZƏRTAC əmək miqrasiyasının ailə strukturlarına təsirinin araşdırıldığı bu məqalədə həmin prosesin sosial nəticələrinə nəzər salır.

Əmək miqrasiyası ailələrdə problemlər yarada bilir

Araşdırmalara əsasən, əmək miqrasiyası ailə strukturlarına ciddi təsir edir. Kişilərin miqrasiya etdiyi ailələrdə qadınlar “başçı” rolunu icra edir, iqtisadi və sosial məsuliyyət daşımağa başlayırlar, ailə daxilində qadınların üzərinə düşən məsuliyyət artır. Bu, qadınların cəmiyyətdəki mövqeyinin güclənməsinə, fəallıqlarının artmasına səbəb olur. Nəticədə ailədaxili rolların yenidən bölüşdürülməsi zərurəti yaranır. Eyni zamanda, valideynlərin, xüsusilə ataların yoxluğu uşaqların psixoloji vəziyyətinə təsir edir. Bəzi hallarda bu, uşaqlarda davranış problemlərinə və təhsil nailiyyətlərinin azalmasına səbəb olur. Uzunmüddətli ayrılıqlar ailə üzvləri arasında emosional əlaqələrin zəifləməsinə və ailədaxili problemlərin artmasına gətirib çıxarır.

Əmək miqrasiyasının ailə strukturlarına təsiri ayrı-ayrı ölkələrdə oxşar və fərli formalarda özünü göstərir. Məsələn, Gürcüstanda əmək miqrasiyası edənlərin göndərdikləri pul vəsaitləri ailələrin iqtisadi vəziyyətini yaxşılaşdırsa da, ümumilikdə proses ailədaxili rolların dəyişməsinə və bəzi hallarda ailə münasibətlərinin zəifləməsinə səbəb olur. Çində valideynlərin miqrasiyası nəticəsində geridə qalan uşaqların psixoloji və təhsil problemləri ilə üzləşdiyi müşahidə edilir. Bu uşaqların emosional dəstəklə təmin olunması üçün xüsusi proqramlar həyata keçirilir. Rusiyanın bəzi regionlarında kişilərin miqrasiyası nəticəsində qadınların ailədaxili qərarvermə prosesində daha fəal rol oynadığı və ər-arvad münasibətlərdə daha çox bərabərliyin olduğu müşahidə edilir. Əmək miqrasiyasının təsirləri bu və ya digər şəkildə ölkəmizdə də özünü göstərir.

Miqrant işçilərin əmək bazarında yeri

Dünya Əmək Təşkilatı 2024-cü il üzrə əmək miqrasiyası ilə bağlı məlumatlar təqdim edib. Ən son hesabat olan “Beynəlxalq Miqrant İşçilər üzrə Qlobal Təxminlər” (dördüncü nəşr) 2024-cü ilin dekabrında dərc olunub. Belə ki, statistikaya əsasən, 2022-ci ildə dünya üzrə 167,7 milyon beynəlxalq miqrant işçi qeydə alınıb, bu da qlobal işçi qüvvəsinin 4,7 faizini təşkil edir. Miqrant işçilərin əksəriyyəti kişilərdir. Miqrant qadınların məşğulluq nisbəti 48,1 faiz təşkil edir. Kişilər üçün isə bu göstərici daha çoxdur. Bu fərq dilbilmə bacarıqları, tanınmayan ixtisaslar və gender məsələlərinə əsaslanan gözləntilərlə izah olunur.

Miqrant işçilərin əmək bazarına inteqrasiyası regionlara və dövlətlərə görə fərqlənir. Yüksək gəlirli ölkələrdə bu inteqrasiya daha yüksək səviyyədədir. Aşağı və orta gəlirli dövlətlərdə isə miqrantlar daha çox qeyri-formal sektorlarda çalışırlar. Miqrant işçilər tez-tez qeyri-sabit məşğulluq, aşağı əmək haqqı və sosial müdafiənin olmaması kimi problemlərlə üzləşirlər.

Dünya Əmək Təşkilatı miqrant işçilərin hüquqlarının qorunması və onların əmək bazarına inteqrasiyasının yaxşılaşdırılması üçün ölkələrə tövsiyələr verir.

Əmək miqrasiyası ilə bağlı görülən tədbirlər

Əmək miqrasiyasının yaratdığı çətinliklər fonunda dövlətlərin bu sahədə atdığı addımlar mühüm əhəmiyyət kəsb edir. Bu çərçivədə ölkəmizdə də müvafiq tədbirlər görülür. Məsələn, “Miqrasiya Məktəbi” layihəsi Dövlət Miqrasiya Xidməti tərəfindən 2018-ci ildən həyata keçirilir. Bu layihə gənclərin miqrasiya sahəsində biliklərini artırmaq məqsədi daşıyır. Layihə çərçivəsində iştirakçılar miqrasiya ilə bağlı təlimlərə qatılır və bu sahədə peşəkar biliklər əldə edirlər.

Həmçinin Azərbaycan ailə və uşaq hüquqlarının qorunması sahəsində bir sıra beynəlxalq konvensiyalara qoşulub və müvafiq qanunvericilik aktları qəbul olunub, proqramlar həyata keçirilir. Bu proqramlar ailələrin rifahını artırmaq, uşaqların təhsil və sağlamlıq imkanlarını genişləndirmək və miqrasiyanın mənfi təsirlərini azaltmaq məqsədilə həyata keçirilir.

Təhlillər göstərir ki, əmək miqrasiyasının ailə strukturlarında səbəb olduğu dəyişikliklər həm müsbət, həm də mənfi təsirlərlə müşayiət olunur. Dövlətlərin bu sahədə həyata keçirdiyi siyasət və proqramlar miqrasiyanın ailələrə təsirini azaltmaq və onların rifahını artırmaq baxımından mühüm rol oynayır. Azərbaycanın da bu sahədə atdığı addımlar ailə institutunun gücləndirilməsi və sosial rifahın artırılması istiqamətində mühüm əhəmiyyət kəsb edir.

Paylaş: