19 mart 2025, çərşənbə Bakı, 7°C
IMG-LOGO
Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin hərbi qulluqçularının, xüsusi rütbəsi olan əməkdaşlarının və dövlət qulluqçusu olmayan mülki işçilərinin aylıq vəzifə (tarif) maaşlarının, hərbi qulluqçularının (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları istisna olmaqla) və xüsusi rütbəsi olan əməkdaşlarının hərbi (xüsusi) rütbəyə görə maaşlarının məbləğlərinin təsdiq edilməsi və Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin hərbi qulluqçularının, xüsusi rütbəsi olan əməkdaşlarının və dövlət qulluqçusu olmayan mülki işçilərinin aylıq vəzifə (tarif) maaşlarının məbləğlərinin təsdiq edilməsi, Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin hərbi qulluqçularının, xüsusi rütbəsi olan əməkdaşlarının və dövlət qulluqçusu olmayan mülki işçilərinin aylıq vəzifə (tarif) maaşları”nın təsdiq edilməsi, “Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin büdcədən maliyyələşdirilən qurumlarında çalışan dövlət qulluqçusu olmayan mülki işçilərinin Vahid Tarif Cədvəli üzrə aylıq vəzifə (tarif) maaşlarının tənzimlənməsi haqqında” 2013-cü il 26 sentyabr tarixli 269-12 nömrəli Qərarında dəyişiklik edilməsi və “Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin xüsusi rütbəsi olan əməkdaşlarının aylıq vəzifə maaşlarının məbləğləri”nin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 7 avqust tarixli 322-11 nömrəli qərarının ləğv edilməsi haqqında” 2018-ci il 13 aprel tarixli 149-11 nömrəli Qərarında dəyişikliklər və “Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin hərbi qulluqçularının, xüsusi rütbəsi olan əməkdaşlarının və dövlət qulluqçusu olmayan mülki işçilərinin aylıq vəzifə (tarif) maaşları”nın təsdiq edilməsi, “Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin büdcədən maliyyələşdirilən qurumlarında çalışan dövlət qulluqçusu olmayan mülki işçilərinin Vahid Tarif Cədvəli üzrə aylıq vəzifə (tarif) maaşlarının tənzimlənməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2013-cü il 26 sentyabr tarixli 269-12 nömrəli qərarında dəyişiklik edilməsi və “Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin xüsusi rütbəsi olan əməkdaşlarının aylıq vəzifə maaşlarının məbləğləri”nin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 7 avqust tarixli 322-11 nömrəli qərarının ləğv edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 13 aprel tarixli 149-11 nömrəli Qərarında dəyişikliklər edilməsi barədə” 2019-cu il 25 iyun tarixli 279 nömrəli Qərarının ləğv edilməsi barədə” 2019-cu il 25 iyul tarixli 324 nömrəli və “Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin hərbi qulluqçularının (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları istisna olmaqla) və xüsusi rütbəsi olan əməkdaşlarının hərbi (xüsusi) rütbəyə görə maaşlarının məbləğlərinin təsdiq edilməsi barədə” 2008-ci il 24 iyun tarixli 145-14 nömrəli qərarlarında dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 13 sentyabr tarixli 407 nömrəli Qərarında dəyişiklik edilməsi barədəAzərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI
Rəsmi sənədlər - 17-03-2025

Bakıda mikromobillik zolaqları şəbəkəsinin daha da genişləndirilməsi hədəflənib

19-03-2025
IMG

“Mikromobillik şəbəkəsinin genişləndirilməsi istiqamətində görülən işlər” mövzusunda növbəti ictimai dinləmə təşkil olunub. Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) mütəxəssisləri, ekspertlər və media nümayəndələri mikromobillik şəbəkəsinin genişləndirilməsi, infrastrukturun inkişafı və təşviqi üzrə görülmüş işlər, qarşıda duran vəzifələr ətrafında fikir mübadiləsi aparıblar.

AYNA-dan verilən məlumata görə, qurumun mikromobillik şöbəsinin müdiri Coşqun Məmmədov təqdimatla çıxış edib.

Yeni çağırışların müasir şəhər mühitinin daha çox vətəndaşyönümlü olması, mikromobillik vasitələrindən istifadənin təşviq edilməsi olduğunu bildirib. Qeyd edilib ki, bu tendensiyalar nəzərə alınaraq, AYNA tərəfindən mikromobillik şəbəkəsinin genişləndirilməsi əsas fəaliyyət istiqamətlərindən biri kimi müəyyən edilib. Bu zaman beynəlxalq təcrübə də nəzərə alınıb.

Məlumat verilib ki, hazırda paytaxtda velosiped və skuterlər üçün 360-dan çox parklanma məntəqəsi yaradılıb, 35 kilometrdən çox mikromobillik zolaqları təşkil edilib. Son belə zolaq Bəxtiyar Vahabzadə küçəsində təşkil olunub. Bu küçədə mikromobillik zolağı salınarkən ümumi hərəkət zolaqlarının sayı saxlanılıb.

İştirakçıların diqqətinə çatdırılıb ki, yaxınlıqda yerləşən digər küçələrdə də mikromobillik zolaqlarının çəkilməsi və həmin yol sahələrinin Mətbuat prospektindəki mövcud mikromobillik zolağı ilə əlaqələndirilməsi planlaşdırılır. Həmin dairəvi zolaq sonradan şəhərin digər ərazilərindəki mikomobillik zolağı ilə birləşdiriləcək. Nəzərdə tutulan ərazilərdə velosiped və skuterlər üçün parklanma məntəqələri də yaradılacaq. Həmçinin Bəxtiyar Vahabzadə küçəsində mikromobillik zolağı salınarkən sahibkarların maraqları qorunaraq avtomobillər üçün parklanma məntəqələri təşkil edilir. İstifadəçilərin təhlükəsizliyinin təmin olunması üçün qısa zamanda zolaq boyu təhlükəsizlik sədləri quraşdırılacaq.

Tədbirdə əhali arasında velosipeddən və skuterlərdən istifadəyə marağın artdığı qeyd edilib. Bildirilib ki, bu nəqliyyat növünün geniş istifadəsi mobillik, nəqliyyat sıxlığının azaldılması, ətraf mühitin qorunması, fiziki fəallığın artması və sağlam həyat tərzi baxımından əhəmiyyətlidir. Bunu nəzərə alan AYNA şəhər konsepsiyası çərçivəsində mikromobillik zolaqları şəbəkəsini daha da genişləndirməyi hədəfləyib. Məqsəd xüsusilə yaxın məsafələrə səfərlər zamanı mikromobillik vasitələrini yol hərəkəti iştirakçıları üçün nəqliyyat vasitəsinə çevirməkdir.

Müzakirələr zamanı qeyd olunub ki, AYNA mikromobilliyin təşviqi işinə xüsusi diqqət göstərir. Məlumatlandırma çərçivəsində mikromobilliyin əhəmiyyəti haqqında mütəmadi maarifləndirmə işləri aparılır, tədbirlər, operatorlarla birgə mikromobillik vasitələrinin istifadə qaydalarına dair ödənişsiz təlimlər, eləcə də, müxtəlif ictimai təşkilatlarla birlikdə maraq qrupları, peşəkar və həvəskar velosipedçilər üçün velosiped turları təşkil edilir. Peşəkar velosipedçilər və digər maraqlı tərəflərlə davamlı əməkdaşlıq həyata keçirilir, əhali arasında mikromobilliklə bağlı rəy sorğuları təşkil olunur.

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında İctimai Şuranın üzvü, nəqliyyat məsələləri üzrə ekspert Rauf Ağamirzəyev mikromobillik zolaqları salınandan əvvəl və sonra velosipedçilərin iştirakı ilə qəzaların statistikası barədə sual verib. AYNA-nın mikromobillik şöbəsinin müdiri Coşqun Məmmədov bildirib ki, velosiped zolaqları salınandan sonra quruma belə hadisələrin baş verməsi barədə müraciət daxil olmayıb. Ekspert bunu müsbət hal kimi qiymətləndirib.

Azərbaycan Velosiped Federasiyasının üzvü Səhər Mehman da yeni salınan mikromobillik zolaqlarının təhlükəsizliyi məsələsinə toxunub. O, velosipedçilərin bu zolaqlara etibar etdiklərini, onların günün müxtəlif saatlarında mikromobillik zolaqlarından aktiv istifadə etdiklərinin müşahidə olunduğunu bildirib.

Dinləmə zamanı ekspertlər və media nümayəndələrini maraqlandıran digər suallar da cavablandırılıb, maraq doğuran məsələlər ətrafında müzakirələr aparılıb. Bildirilib ki, alternativ nəqliyyat vasitələrinə çevrilən velosiped və elektrik skuterlərindən istifadənin təşviqi, onlar üçün yaradılan xüsusi zolaqların yol infrastrukturuna inteqrasiyası, müvafiq şəbəkənin daha da genişləndirilməsi ümumilikdə şəhərdə mobilliyin artırılması, ekoloji mühitə və əhalinin sağlamlığına müsbət təsiri baxımından xüsusi əhəmiyyət kəsb edir. Qeyd olunub ki, qurumun fəaliyyət istiqamətlərinə dair müxtəlif mövzularda dinləmələrin keçirilməsi davam etdiriləcək.

Paylaş: