Azərbaycan Respublikasının Silahlı Qüvvələrinə aid videomateriallar yaymış şəxs istintaqa cəlb edilib
Martın 17-də sosial şəbəkələrin xarici seqmentində Azərbaycan Respublikasının dövlət sərhədində guya hərbi əməliyyatlar keçirilməsi ilə bağlı tədbirlərin görüldüyü iddia olunmaqla, Azərbaycan Ordusuna məxsus hərbi texnikanın hərəkəti barədə videogörüntülər yayılıb.
Bu barədə Dövlət Təhlükəsizliyi Xidmətinin mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, faktla əlaqədar Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətində cinayət işi başlanılıb, aparılmış ilkin araşdırmalar nəticəsində yayımlanmış videokadrların 2025-ci il 27 fevral tarixinə aid olduğu təsbit edilib.
Müəyyənləşdirilib ki, Azərbaycan Respublikasının vətəndaşı, 2007-ci il təvəllüdlü Rüstəmov Səməd Bəhman oğlu 27 fevral 2025-ci ildə Gədəbəy rayonu ərazisində Azərbaycan Respublikasının Silahlı Qüvvələrinə məxsus hərbi texnikanın hərəkətinin videoçəkilişini aparıb və qanunla yayılması qadağan olunan bu videomaterialı 15 mart 2025-ci ildə özünün “TikTok” sosial şəbəkəsindəki səhifəsində paylaşıb. Bundan sonra, həmin videogörüntülərə sosial şəbəkələrdə fərqli dövrlərə aid videokadrlar əlavə edilməklə, həqiqəti əks etdirməyən müxtəlif xəbərlərin istinad mənbəyi olaraq nümayiş etdirildiyi müəyyən olunub.
Görülən təxirəsalınmaz tədbirlərlə Səməd Rüstəmov saxlanılaraq istintaqa cəlb olunub, həmin videogörüntüləri çəkdiyi mobil telefon maddi sübut kimi götürülüb.
Bir daha bildirilir ki, Azərbaycan Ordusunun hərbi birləşmələri, onların dislokasiyası, yerdəyişmələri, döyüş və səfərbərlik hazırlığı, silahları, hərbi texnikası ilə bağlı videokadrların çəkilib internet informasiya ehtiyatında, o cümlədən sosial şəbəkələr vasitəsilə yayımlanması cinayət məsuliyyəti yaradır və belə əməllərə yol verən şəxslər barəsində qanunvericiliklə nəzərdə tutulmuş hüquqi tədbirlərin görülməsi təmin ediləcək.
Heydər Əliyev Fondunun vitse-prezidenti...
Qubada Dağ Yəhudiləri Muzeyini ziyarət...
Leyla Əliyeva Qubada şəhid övladları ilə...
ANAMA-da Bosniya və Herseqovinanın...
Milli Məclisin deputatları Ədliyyə...