Türkiyənin energetika naziri Xəzər dənizində yataqların işlənməsində yeni tərəfdaşlığa hazır olduğunu bəyan edib
Ankara Türkmənistanda və ümumilikdə Xəzər dənizi hövzəsində yataqların işlənməsi məsələsində tərəfdaşlığa hazırdır.
Fhnews.az xəbər verir ki, bunu Türkiyənin energetika və təbii sərvətlər naziri Alparslan Bayraktar Aşqabadda beynəlxalq konfransda bəyan edib.
O, son 20 ildə Türkiyənin enerji daşıyıcılarına olan tələbatının üç dəfə artdığına diqqət çəkib.
Nazirin sözlərinə görə, qarşıdakı onilliklərdə Türkiyənin enerji daşıyıcılarına olan tələbatı hər il orta hesabla 5 faiz artacaq. “Qara dənizdəki “Sakarya” qaz yatağı aşkar edilənə qədər Türkiyə təbii qaz ehtiyaclarının demək olar ki, hamısını ixrac hesabına təmin edirdi. Hazırda ölkənin neftə olan ehtiyacının 90 faizi xaricdən alınır”, - deyə o bildirib.
Türkiyəli nazir Türkmənistan qazının Türkiyəyə nəqlinə yüksək qiymət verib. “Martın 1-dən etibarən Türkmənistandan “mavi yanacaq” ölkəmizin qazpaylayıcı sisteminə daxil olmağa başlayıb. İlk dəfə olaraq, bizimlə sərhədi olmayan bir dövlətdən boru kəməri vasitəsilə qaz idxal edirik. Bu addım qazın Qərbə nəql edilməsi baxımından Aşqabad üçün də vacibdir”, - deyə A. Bayraktar qeyd edib və Trans-Xəzər boru kəməri layihəsinin həyata keçiriləcəyinə ümidvar olduğunu bildirib.
Onun sözlərinə görə, Ankaranın gündəliyində həmçinin Trans-Xəzər enerji körpüsü layihəsi də var ki, bu da gələcəkdə Türkmənistandan dünyanın müxtəlif ölkələrinə elektrik enerjisinin ötürülməsini təmin edəcək.
“Türkiyə Azərbaycan, Gürcüstan, İraq və Suriya ilə elektrik enerjisinin ixrac-idxalının artırılmasına yönəlmiş yeni layihələr hazırlayır”, - deyə nazir vurğulayıb.
İtaliya sahillərində miqrantların olduğu...
NASA Ayda gün batımının şəkillərini ilk...
İtaliyanın Penne bölgəsində evlər 1...
“James Webb” kosmik teleskopu ilk dəfə...
Türkiyənin energetika naziri Xəzər...