22 noyabr 2024, cümə Bakı, 14°C
IMG-LOGO

“Heydər Əliyev İli” çərçivəsində Ümumdünya Mülki Müdafiə Günü münasibətilə konfrans keçirilib

01-03-2023

“Heydər Əliyev İli” çərçivəsində 1 mart 2023-cü il tarixində Fövqəladə Hallar və Elm və Təhsil nazirliklərinin təşkilatçılığı ilə Azərbaycan Texniki Universitetində Ümumdünya Mülki Müdafiə Gününə həsr olunmuş konfrans keçirilib.

“Risklərin qiymətləndirilməsində informasiya texnologiyalarının rolu” mövzusunda keçirilən konfransda fövqəladə hallar nazirinin müavini general-leytenant Ragim Lətifov, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədr müavini Dövlətxan Dövlətxanov, Fövqəladə Hallar Nazirliyinin struktur bölmələrinin məsul vəzifəli əməkdaşları, BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının Azərbaycan Nümayəndəliyinin, Beynəlxalq Miqrasiya Təşkilatı Azərbaycan Nümayəndəliyinin, Azərbaycan Qızıl Aypara Cəmiyyətinin, B Millətlər Təşkilatının Uşaqlara Yardım Fondunun Azərbaycan Nümayəndəliyinin, Beynəlxalq Qırmızı Xaç Komitəsinin Azərbaycan Nümayəndəliyinin, “BP-Azərbaycan” şirkətinin, eləcə də mərkəzi və yerli icra hakimiyyəti orqanları, digər müəssisə və təşkilatların məsul vəzifəli şəxsləri iştirak edib.

Əvvəlcə, tədbir iştirakçıları universitetin foyesində ulu öndər Heydər Əliyevin büstü önünə əklil qoyub, Ümummilli Liderin əziz xatirəsinə ehtiramlarını bildiriblər.

Tədbirin əvvəlində mülki müdafiə sahəsində Fövqəladə Hallar Nazirliyinin fəaliyyəti barədə videoçarx nümayiş olunub.

Toplantını giriş sözü ilə açan FHN-in Mülki müdafiə işinin təşkili Baş idarəsinin rəisi general-mayor Niyazi Zamanov 2023-cü ilin “Heydər Əliyev İli” elan olunması barədə Azərbaycan Prezidenti cənab İlham Əliyevin Sərəncamının əhəmiyyətinə toxunub, Dahi Şəxsiyyətin müasir müstəqil Azərbaycan döövlətinin tarixində əvəzsiz rolundan danışıb. Baş idarənin rəisi vurğulayıb ki, ümummilli lider Heydər Əliyev Azərbaycana rəhbərlik etdiyi bütün dövrlərdə xalqımızın təhlükəsiz həyat və fəaliyyətinin təmin edilməsi işinə xüsusi diqqət və qayğı göstərib, ölkənin mülki müdafiə sisteminin təkmilləşdirilməsi və dinamik inkişafının təmin edilməsi qayğısına qalıb.

Sözünə davam edən Niyazi Zamanov iştirakçıların nəzərinə çatdırıb ki, Ümumdünya Mülki Müdafiə Gününün qeyd olunmasında əsas məqsəd ictimaiyyətin bir daha diqqətinin əsas vəzifəsi əhali və ərazilərin fövqəladə hadisələrdən mühafizəsi olan mülki müdafiə işinin təşkili məsələlərinə cəlb etməkdir. Qeyd olunub ki, respublikada neft-qaz sənayesinin inkişafı, ölkəmizin yerləşdiyi təbii-coğrafi şərait, təbii və texnogen mənşəli fövqəladə halların baş vermə ehtimallarının hər zaman mövcud olması günümüzdə bu məsələnin nə qədər aktual olduğunu göstərir. Baş idarə rəisi bildirib ki, 1 mart - Ümumdünya Mülki Müdafiə Gününün qeyd olunması ilə bağlı bütün ölkəmizdə mülki müdafiənin təbliği sahəsində müxtəlif tədbirlərin, o cümlədən sərgilərin, konfransların, açıq dərslərin, təlimlərin keçirilməsi böyük əhəmiyyətə malikdir.

N.Zamanov vurğulayıb ki, mülki müdafiə sahəsində qarşıda duran digər mühüm məsələlərdən biri də ölkəmizdə mövcud qanunvericilik bazasına yenidən baxılması, mövcud normativ hüquqi sənədlərin müasir dövrün tələblərinə uyğunlaşdırılmasıdır. O, bu sahədə görülən işlər barədə tədbir iştirakçılarına geniş məlumat verib.

Eyni zamanda, Baş idarə rəisi öz çıxışında müasir dövrün aktual məsələlərindən olan fövqəladə hal risklərinin qiymətləndirilməsinin baş verə biləcək təbii və texnogen xarakterli fəlakətlərin əvvəlcədən proqnozlaşdırılması üçün əlverişli üsul hesab olunmasının, fəlakətlərə cavab tədbirlərinin effektivliyini və səmərəliliyini təmin etmək üçün xüsusi informasiya texnologiyaları və rabitə vasitələrinin rolunun vacibliyini bildirib. O, Bununla əlaqədar FHN-də müasir texnologiyaların tətbiqi barədə geniş məlumat verib.

Tədbirdə Azərbaycan Milli Elmlər Akademiyası Nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktoru, AMEA-nın müxbir üzvü, professor Qurban Yetirmişli çıxış edib. O, ölkə ərazisinin seysmik zonaları, o cümlədən seysmik risk barədə tədbir iştirakçılarına ətraflı məlumat verib.

Azərbaycan Respublikası ekologiya və təbii sərvətlər nazirinin müşaviri Rüstəm Həsənov öz çıxışında ölkə ərazisində təhlükəli atmosfer hadisələrinə dair Erkən Xəbərdarlıq Sisteminin yaradılması, meşə yanğınların qarşısının alınması məqsədilə yerlərdə maarifləndirmə işlərinin aparılması və müşahidə kameraların quraşdırılması, həmçinin işğaldan azad edilmiş ərazilərdə ekoloji, radioloji və hidroloji monitoringlərin aparılması barədə ətraflı məlumat verib.

Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin nümayəndəsi Anar Mirzəyev çıxış edərək, risklərin qiymətləndirilməsində informasiya texnologiyalarının rolu və növləri barədə tədbir iştirakçılarına ərtaflı məlumat verib.

Daha sonra tədbirdə Birləşmiş Millətlər Təşkilatının Uşaqlara Yardım Fondunun (UNİCEF) Azərbaycan Nümayəndəliyinin rəhbərinin müavini Vilyam Abi Abdullah, Beynəlxalq Qırmızı Xaç Komitəsinin Azərbaycan Nümayəndəliyinin rəhbərinin müavini İqnasio Qarsio Kasares mövzu ətrafında çıxışlar ediblər.

Sonda 1 mart - Ümumdünya Mülki Müdafiə Günü münasibəti ilə, eləcə də təmsil olunduqları təşkilatlarda mülki müdafiə işinin təşkili sahəsində səmərəli fəaliyyətlərinə görə fərqlənən əməkdaşlar Fövqəladə Hallar Nazirliyi adından “Fəxri fərman”la təltif olunublar.

Paylaş: