22 noyabr 2024, cümə Bakı, 14°C
IMG-LOGO

FHN-in Muğan Regional Mərkəzi “Heydər Əliyev İli”nə həsr olunmuş “Gənc xilasedici və yanğınsöndürən” Ümumrespublika yarışlarının zona birinciliyini keçirib

25-04-2023

Fövqəladə Hallar Nazirliyinin Muğan Regional Mərkəzində “Heydər Əliyev İli”nə həsr olunmuş “Gənc xilasedici və yanğınsöndürən” X Ümumrespublika yarışlarının zona birinciliyi keçirilib.

Fövqəladə Hallar Nazirliyinin təşkilatçılığı, Elm və Təhsil, Gənclər və İdman nazirliklərinin dəstəyi ilə keçirilən birinciliyin əsas məqsədi şagirdlərin fövqəladə hallara hazırlıqla bağlı fiziki və intellektual səviyyəsinin yoxlanılması, məktəblilərdə fərdi və ictimai təhlükəsizliyə məsuliyyətli yanaşma hissinin artırılması və yetişməkdə olan gənc nəslin nümayəndələrinə sağlam həyat tərzinin aşılanmasından ibarət olub.

Əvvəlcə, tədbir iştirakçıları Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin abidəsi önünə gül dəstələri qoyub, Ulu Öndərin əziz xatirəsini dərin ehtiramla yad ediblər.

Daha sonra çıxış edən FHN Muğan Regional Mərkəzinin rəisi polkovnik Vüqar Ağayev yarışın əhəmiyyətindən danışıb, iştirakçılara uğurlar arzulayıb. Çıxışında Azərbaycanın müstəqilliyinin möhkəmləndirilməsi, onun əbədi, dönməz xarakter almasında Ulu Öndərin müstəsna xidmətlərindən danışan V.Ağayev bildirib ki, bu gün ölkəmiz Prezident, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin müdrik rəhbərliyi ilə dünyanın ən dinamik inkişaf edən, modernləşən, beynəlxalq miqyasda nüfuzu gündən-günə artan dövlətinə çevrilib.

Sonra yarışa start verilib. Keçirilən yarışda Muğan Regional Mərkəzinin əhatə etdiyi şəhər və rayonların təhsil müəssisələri iştirak ediblər.

Yarış “Kombinə edilmiş yanğın estafeti”, “Maneələr zolağı” və “Gənc ekspertlər” adlı üç mərhələdən ibarət olub.

Gərgin mübarizə şəraitində keçən yarışların yekunlarına əsasən, Salyan rayonu Aşağı Noxudlu kənd tam orta məktəbinin komandası I yerə, Şirvan şəhər 4 nömrəli tam orta məktəbinin komandası II yerə, Neftçala şəhər 3 nömrəli tam orta məktəbinin komandası isə III yerə layiq görülüb.

Qeyd edək ki, qalib komanda “Gənc xilasedici və yanğınsöndürən” yarışlarının respublika birinciliyində iştirak etmək hüququ qazanıb.

Paylaş: