Azərbaycan ilə Ukrayna arasında əməkdaşlığın inkişafı imkanları ətrafında fikir mübadiləsi aparılıb
Mayın 25-də Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Ukrayna xarici işlər naziri Andrey Sibiqanın başçılıq etdiyi nümayəndə heyətini Ukrayna nazirinin Azərbaycana səfəri çərçivəsində qəbul edib.
Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən bildirilib ki, görüş zamanı Azərbaycan ilə Ukrayna arasında dostluq və tərəfdaşlıq münasibətlərinə əsaslanan əməkdaşlıq gündəliyinin aktual məsələləri, o cümlədən siyasi, iqtisadi, enerji, nəqliyyat və humanitar sahələrdə əməkdaşlığın inkişafı imkanları ətrafında fikir mübadiləsi aparılıb.
Azərbaycan və Ukrayna arasında tarixən bir-birinin ərazi bütövlüyü və suverenliyinə göstərilən ardıcıl dəstəyi vurğulayan nazir Ceyhun Bayramov, dövlətlər arasında beynəlxalq hüququn norma və prinsiplərinə, xüsusilə dövlətlərin suverenliyi, ərazi bütövlüyü və sərhədlərin toxunulmazlığına hörmət əsasında ikitərəfli münasibətlərin inkişaf etdirilməsinin vacibliyini vurğulayıb.
İki ölkə arasında müxtəlif sahələrdə iqtisadi əlaqələrin inkişafı perspektivlərinin olduğunu qeyd edən tərəflər Azərbaycan Respublikası ilə Ukrayna arasında iqtisadi əməkdaşlıq məsələləri üzrə Hökumət Komissiyasının işinin əməkdaşlığın inkişafı baхımından mühüm əhəmiyyət kəsb etdiyini bildiriblər.
Tərəflər, həmçinin regional və beynəlxalq təhlükəsizlik məsələlərini müzakirə edərək, bu kontekstdə qarşılıqlı maraq doğuran mövzular üzrə fikir mübadiləsi aparıblar.
Nazir Ceyhun Bayramov postmünaqişə dövründə Azərbaycanın işğaldan azad edilmiş ərazilərində həyata keçirilən bərpa və quruculuq işləri, habelə Azərbaycan-Ermənistan normallaşma prosesi ilə bağlı son vəziyyət, Ermənistanın bu prosesdə yaratdığı maneələr barədə qarşı tərəfi məlumatlandırıb.
Ukrayna xarici işlər naziri Azərbaycan tərəfindən Ukraynaya göstərilən humanitar yardımlar, o cümlədən münaqişədən zərər çəkmiş ərazilərdə bərpa və yenidənqurma, eləcə də humanitar minatəmizləmə sahəsində dəstəyi yüksək qiymətləndirib. Nazir Andrey Sibiqa 28 may - Müstəqillik Günü münasibətilə Azərbaycan xalqına təbriklərini çatdırıb.
Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər də müzakirə olunub.
Türkiyə Prezidenti Azərbaycanın...
Türkiyə XİN: Can Azərbaycanın...
28 May - tarixin yaddaşında müstəqillik...
Beynəlxalq konfransın yekununa həsr...
Bakıda Qoşulmama Hərəkatı Gənclər...