22 noyabr 2024, cümə Bakı, 14°C
IMG-LOGO

Yeni il ərəfəsində şənliklərin keçiriləcəyi məkanlar yanğın təhlükəsizliyi baxımından FHN-in Dövlət Yanğın Nəzarəti Xidməti ilə razılaşdırılmalıdır

24-12-2023

Hər il olduğu kimi bu il də bir çox obyektlərdə Yeni il öncəsi əyləncə mahiyyətli tədbirlərin keçirilməsi nəzərdə tutulub. Təqvim ilinin dəyişməsi-Yeni il dünyanın müxtəlif xalqları üçün ənənəvi bayrama çevrildiyi kimi, Aərbaycanda da insanların məişətinə daxil olmuşdur. Ona görə də hər il dekabr ayının ortalarından yanvar ayının əvvəllərinə kimi evlərdə, təhsil ocaqlarında, istirahət parklarında və digər obyektlərdə yolkalar qurulur, onlar müxtəlif bəzək əşyaları ilə bəzədilərək işıqlandırılır. İnsanlar, xüsusən uşaqlar yolkanın ətrafında təşkil olunan şənlikdə iştirak edir, əylənirlər.

İnsanların bir yerə toplaşdıqları bu Yeni il şənliklərində və digər əyləncə xarakterli  tədbirlərdə onların təhlükəsizliyinin qorunması vacibdir. Xüsusən atəşfəşanlıqla müşayiət edilən belə şənliklərdə yanğın təhlükəsi ehtimalı çox olduğundan yanğın təhlükəsizliyi qaydalarını bilmək və ona əməl etmək olduqca vacibdir. Ona görə də Yeni il şənliyi keçirilən obyektlərin rəhbərləri, tədbir iştirakçıları bilməlidirlər ki, Yeni il bayramı ilə əlaqədar şənlik mərasimlərinin təşkil olunduğu məkanlarda şənlik mərasimlərinin keçrilməsi onlar üçün müəyyən edilmiş mövcud qaydalara, tələblərə və metodiki göstərişlərə uyğun təşkil edilməlidir və mülkiyyət formasından asılı olmayaraq bütün obyekt və müəssisələrdə (sahibkarlıq subyektlərində və s.) yanğın təhlükəsizliyinin təmin edilməsində cavabdehlik həmin obyektlərin rəhbərlərinin üzərinə düşür.

Tədbirin keçirilməsi ərəfəsində obyektin yanğından mühafizə sisteminə aid bütün qurğu, avadanlıq və s. təftiş edilməli, onların sazlığına əminlik olmalıdır. Obyektin bütün işçiləri yanğına qarşı təlimatlandırılmalı və onlar baş verə biləcək yanğın hadisəsi zamanı vəzifələrini dəqiq bilməlidirlər!

Ehtiyat çıxış yollarının qarşısı əşyalarla tutulmamalı və sərbəst çıxışa mane olan qurğular quraşdırılmamalıdır. Köçürmə yolları işıqlandırılmalı və birbaşa çıxışa doğru açılması təmin edilməlidir.

Yeni il yolkası binanı tərk etməyə iki sərbəst çıxış yolu olan və ehtiyat çıxış qapılarının üzərində yaşıl rəngli "ÇIXIŞ” sözü (elektriklə işıqlandırılmış) yazılmış göstərici lövhə asılan, eləcə də ikinci mərtəbədən yuxarı olmayan və yanmayan arakəsmələr olan otaqlarda qurulmalıdır!

Yolka ağacı yerə möhkəm bərkidilməli, dayaqlar üzərində elə quraşdırılmalıdır ki, onun budaqları tavana və divarlara toxunmasın!

Yeni il şənlikləri zamanı tikintinin imkanlarından (normadan) artıq insanların zala buraxılmasına (toplanmasına) yol verilməməlidir!

Yeni il şənlikləri keçirilən yerlər ilkin yanğınsöndürmə vasitələri ilə təmin edilməlidir!

Yeni il şənliklərində atəşfəşanlıq məqsədilə pirotexniki vasitələrdən, həmçinin yanğın təhlükəli işıqlandırıcı maddələrdən istifadə edilməsi qadağandır!

Yeni il şənlikləri keçirilən obyektlərin pəncərələrində dəmir barmaqlıqlar olmamalıdır!

Yeni il şənliklərində yolkanın şamla işıqlandırılmasının yanğın təhlükəsi yaratdığını nəzərə alaraq buna yol verilməməlidir!

Yolka bəzədilərkən pambıqdan, tənzifdən və s. tezalışan parçalardan istifadə edilməməlidir!

Yeni il şənlikləri keçirilən zaman uşaqların geyindiyi şənlik paltarları tezalışan materialdan olmamalıdır!

Tədbir keçirilən obyektlərdə giriş və çıxışlarda insanların toplaşmasına, əşyaların (stol, stul və s. otaqlarından) yığılmasına yol verilməməlidir!

Otaqlarda işıqlandırma sistemi olmadıqda tədbir yalnız gündüzlər keçirilməlidir!

Şam ağacının bəzədilməsində istifadə olunan lampalar ardıcıl qoşulmalı və bu zaman gərginlik 12 voltdan, cərəyan 25 vatdan artıq olmamalıdır!

Tədbir zamanı qaynaq, rəngləmə və digər yanğıntörədici partlayış təhlükəli işlərin görülməsi qadağandır!

Oturacaqların ara məsafəsinin azaldılması, əlavə stul və kreslolar qoyaraq cərgəarası keçidlərin bağlanması yolverilməzdir!

Yanğın təhlükəsizliyinə cavabdeh olan növbətçilərin və digər məsul şəxslərin olmadığı zaman obyektlərdə tədbir keçirmək olmaz!

Yeni il öncəsi tədbir təşkilatçılarına, belə tədbirlərin keçiriləcəyi məkanların  rəhbərlərinə Dövlət Yanğın Nəzarəti Xidməti çağırış edərək yanğın təhlükəsizliyi tələblərinin nəzərdə tutulmuş qaydada təmin edilməsini bir daha onların diqqətə çatdırır və tələb edir ki, tədbirlərin keçerilməsini Dövlət Yanğın Nəzarəti Xidməti ilə razılaşdırsınlar. Bu insanların həyatının, sahibkarların və dövlətin əmlakının qorunması üçün vacibdir. Yuxarıda qeyd edilən qaydalara əməl etməyən obyektlərdə tədbirlərin keçirilməsinə icazə verilməyəcək.

Əyləncə, şənlik keçirən obyekt rəhbərlərinə çağırış edərək bildiririk ki, insanların kütləvi toplaşdıqları yerlərdə yanğın təhlükəsizliyini təmin etmək onların borcudur. Bunun üçün Dövlət Yanğın Nəzarəti Xidmətinə müraciət edərək, metodoloji köməklik, texniki suallar üzrə tövsiyyə, digər aidiyyəti sualların cavablandırılması üzrə mütəxəssis rəyi almaq onların hüququdur.

Rövşən Bəkirov

FHN-in Dövlət Yanğın Nəzarəti Xidmətinin

Yanğınaqarşı təbliğat şöbəsinin böyük təlimatçısı

Etiketlər:
Paylaş: