22 noyabr 2024, cümə Bakı, 14°C
IMG-LOGO

Yataqxanalarda yanğın təhlükəsizliyi

23-12-2023
 

Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğın Nəzarəti Xidmətinin əməkdaşları mütəmadi olaraq yataqxanalarda olur, sakinlərlə görüşərək onların yanğın-texniki biliyinin artırılması üçün maarifləndirmə tədbirləri həyata keçirirlər. Tədbirlər zamanı sakinlərin nəzərinə çatdırılır ki, yataqxana otaqlarında qeyri-standart, nasaz və istifadəsi nəzərdə tutulmayan elektrik avadanlıqlarından istifadə etmək olmaz. Hər hansı bir nasazlıq (naqillərin qızması, lampaların nasazlığı, qığılcım və s.) aşkar edilərsə, təhlükəsizlik vəziyyətinə gətirilənədək elektrik cərəyanı dərhal kəsilməlidir.

Hər bir yataqxana sakini yaşayış yerində elektrikdən düzgün istifadəyə və yanğından mühafizə qaydalarına əməl etməyə görə məsuliyət daşıyır. Yataqxanada yanğın və yaxud yanma əlamətləri (tüstü, yanıq iyi, temperaturun yüksəlməsi və s.) hiss edilərsə, bu halda hər bir şəxs özünün və digər şəxslərin təxliyəsini təmin edərək yanğının söndürülməsi və maddi dəyərlilərin qorunub saxlanması üzrə mümkün tədbirləri görməlidir. Bununla yanaşı, telefonla komendanta, rəhbərliyə təcili məlumat verməklə Fövqəladə Hallar Nazirliyinin “112 qaynar xətti”nə zəng etməlidir (bu zaman həmin şəxs öz adını və soyadını, obyektin ünvanını, yanğın baş verdiyi yeri bildirməlidir).

Yataqxanaların komendantları və digər vəzifəli (çavabdeh) şəxslər yanğın təhlükəsizliyi qaydalarına riayət olunmasına nəzarət etmək məqsədi ilə yaşayış evlərinin və yataqxanaların çardaq və zirzəmi otaqlarına, pilləkən qəfəslərinə, mənzillərə vaxtaşırı baxış keçirməli, onların tabeliyində olan ərazidə keçidlərin, yolların, yanğın su mənbələrinin və onların göstəricilərinin vəziyyətinə nəzarət etməli,  mütəmadi olaraq köçürmə yollarının, çöl (binanın xaricində) köçürmə nərdivanlarının, eyvanlarda olan keçid qapılarının, yanğına qarşı qurğuların vəziyyətini yoxlamalıdırlar.

Eyni zamanda yataqxana sakinləri  ümumi istifadə edilən pilləkən və dəhlizləri artıq əşyalarla tutmamalı, elektrik naqillərini, elektrik və qızdırıcı qurğularını daim saz vəziyyətdə saxlamalı, uşaqların odla oynamalarına yol verməməli, boyaların və lakların tətbiqi ilə mənzildaxili işlərin aparılması, kimyəvi məişət əşyalarından, qaz cihazlarından istifadə zamanı təhlükəsizlik tədbirlərinə riayət etməli, binada təyin edilmiş yanğına qarşı rejimə riayət etməli, yanğın baş verərsə, yanğınsöndürmə xidmətinin hadisə yerinə çağırılması üçün tədbirlər görməli və dərhal yanğının söndürülməsini ilkin yanğınsöndürmə vasitələri ilə təşkil etməlidir.

Yataqxanalarda yanğın təhlükəli işlərin tətbiq olunması ilə aparılan əsaslı təmir işləri dövründə DYNX-nə müraciət olunmalı, həmin binalarda yaşayan əhalinin və xidməti heyətin digər binalara köçürülməsi təmin edilməlidir. Yataqxanların həyətyanı sahələri yanan materiallardan daima təmizlənməlidir. Yana bilən tullantılar xüsusi meydançalarda quraşdırılmış konteynerlərə yığılmalı və vaxtında daşınıb aparılmalıdır. Yanğına qarşı su hovuzuna,  həmçinin yanğın qurğularına və vasitələrinə sərbəst yaxınlaşma təmin edilməli, ərazi işıqlandırılmalıdır.  Yanğın avtomobillərinin hərəkətinə maneə törədə bilən ayrı-ayrı yol sahələrinin, keçidlərinin təmiri zamanı və yaxud yaranmış hər-hansı bir məhdudiyyət barəsində Yanğından Mühafizə Xidməti məlumatlandırılmalıdır.

İnsanların yanğın haqqında xəbərdar edilməsi üçün səs siqnalları quraşdırılmalı və yanğınların söndürülməsi üçün su ehtiyatları nəzərdə tutulmalıdır;

Müvafiq İcra Hakimiyyəti orqanlarının icazəsi olmadan yataqxanalarda yenidənqurma işlərinin aparılması, qarajların və tikililərin quraşdırılması, meydançalarda və həyətyanı sahələrdə yanar və tezalışan mayelər olan çənlərin, həmçinin təzyiq altında olan qaz balonlarının (ərazi və binalarda) yerləşdirilməsi qadağandır.

Yataqxana binalarının çardaqları daima təmiz olmalıdır. Texniki mərtəbələrin və çardaqların pəncərələri şüşələnməli, daima bağlı saxlanılmalıdır. Pilləkən qəfəslərində quraşdırılmış elektrik şitləri etibarlı açarlar ilə bağlanmalıdır.

Yataqxanaların elektrik qurğuları, şəbəkələri və işıqlandırıcıları mövcud tələblərə tam cavab verməlidir. Binaların rəhbərləri istismar etdikləri elektrik qurğu və şəbəkələrə texniki qulluq göstərilməsini müqavilə yolu ilə xüsusiləşdirilmiş təşkilatlar tərəfindən həyata keçirilməsini təmin etməlidirlər. Onlar elektrik avadanlıqlarına, müdafiə aparatlarına və elektrik şəbəkələrinə vaxtlı-vaxtında profilaktiki baxışların, eləcə də planlaşdırılmış təmirlərin keçirilməsini təmin edərək yanğın törədə bilən pozuntularının aradan qaldırılmasına, qısaqapanmadan, artıq yüklənmələrdən, artıq daxili və atmosfer gərginliklərindən və s. pozuntulardan mühafizə aparatlarının texniki baxımdan saz olmasına müntəzəm olaraq nəzarət etməlidirlər.

Yanğın təhlükəsi törədən keçirici müqavimətin əmələ gəlməməsi üçün, kabel naqillərin birləşmə sahələri və sonluqları xüsusi sıxaclarla və ya qaynaq edilməsi yolu ilə bərkidilməlidir. Müvəqqəti elektrik şəbəkələrinin qurulması və istismarı qadağandır. İstisna hallarda tikinti, təmir və qəza işləri aparılan sahələrdə müvəqqəti elektrik şəbəkəsindən istifadə etmək olar.  Elektrik qızdırıcı qurğuların, stolüstü işıqlandırıcıların, radio-televizor cihazların, soyuducuların və s. cihazların şəbəkəyə qoşulması üçün yalnız standartlara uyğun birləşdiricidən istifadə edilməsinə icazə verilir.

Elektrik şəbəkələrinin və qurğularının istismarı zamanı üst örtüyü zədələnmiş elektrik naqilindən istifadə edilməsi, elektrik şəbəkələrinin qorunması üçün nəzərdə tutulmuş avtomat qoruyucular əvəzinə dövlət standartına uyğun olmayan qoruyuculardan (burulmuş məftil və s.) istifadə edilməsi, elektrik naqillərinin, işıqlandırıcıların kəndir ilə bərkidilməsi, lampa qalpaqların və çılçıraqların elektrik naqilindən asılması qadağandır.

Sakinləri elektrik və qızdırıcı cihazlardan təhlükəsiz istismar edilməsi barədə təlimatlandırmaq lazımdır.

Binanın tüstü borularının təmizlənməsi qış mövsümü başlanmazdan əvvəl həyata keçirilməlidir.

Köçürmə yolları və dəhlizlər daima elektrik işığı ilə işıqlandırılmalıdır. Köçürmə qapılarının, eləcə də ümumi istifadədə olan dəhlizlərin qarşısına mebellərin və ya başqa əşyaların yığılması, köçürmə pilləkənlərinin və çıxışlarının tamam bağlanması, tüstüləməyən pilləkan qəfəsələrində şüşəbənd və ya jalüzlərin düzəldilməsi, köçürmə yolunda hərəkətedən və fırlanan qapıların quraşdırılması qadağandır.

Yeni il şənlikləri ilə əlaqədar tədbirlər yalnız gündüz vaxtı keçirilməlidir. Yeni il şənliyi keçirilərkən şamlardan, atəşfəşanlardan istifadə etmək, şam ağacının sellüloid oyuncaqlarla, odadavamlı məhlulla hopdurulmamış pambıqla bəzədilməsi qadağandır. Şam ağacının yanında, çıraqbanların yandığı zaman valideyinlərin (böyüklərin) nəzarəti olmadan az yaşlı uşaqları saxlamaq olmaz.

Yataqxanaların hər mərtəbəsində odsöndürən balonlar yerləşdirilməlidir. Odsöndürən balonlar yer səviyyəsindən 1,5 metr hündürlükdən çox olmamalıdır. Qapının küncündən (asılı vəziyyətdə) 1,2 metrdən az olmayan məsafədə yerləşdirilməlidir. Odsöndürən balonlar köçürmə (təxliyyə) yollarında maneçilik törətməməli və  elə quraşdırılmalıdırlar ki, onların gövdəsində olan məlumat yazısı görünsün.

Yanğın baş verən zaman insanların köçürülməsinə (təxliyə olunmasına) kömək edən qurğuların (yanğınxəbərverici, tüstüdən mühafizə qurğuları, təxliyənin işıqlandırıcıları və təhlükəsizlik nişanları) işlək və saz vəziyyətdə saxlanmalıdır. Köçürmə yollarının yanar materiallardan olan üzlüklərlə bəzədilməsinə yol verilməməlidir. Köçürmə (təxliyyə) yollarının üzərində, döşəmədən 2-2,5 metr  hündürlükdə «ÇIXIŞ» sözü yazılmış işıqlandırıcı lövhələr asılmalıdır. Pilləkən qəfəsələri, köçürmə (təxliyə) yolları, keçidlər və dəhlizlər adamların hərkətinə maneə törədə bilən kənar əşyalardan daima təmizlənməlidir.

Yanğın zamanı pəncərələrin və qapıların açılmasından, həmçinin şüşələrin sındırılmasından mümkün qədər imtina etmək lazımdır. Otağı və ya binanı tərk edərkən qapıları və pəncərələri bağlamaq lazımdır, çünki hava axını yanğının yayılmasına şərait yaradır. Tüstüdən müdafiə sistemi olan binalarda yanğın zamanı tüstünün xaric edilməsini və havanın vurulmasını təmin edən ventilyatorları hərəkətə gətirmək lazımdır.

Yanğından mühafizə bölməsi yanğın yerinə gəldiyi zaman yanğının söndürülməsinə rəhbərlik edən şəxs və ya orada yaşayan şəxslərdən biri, yanğından mühafizə bölməsinin yüksək vəzifəli şəxsinə yanğın haqqında məlumat verməlidir (binada adamların olması haqqında, yanğının mənbəyi haqqında, yanğının ləğv edilməsinə yönəldilmiş işlər haqqında məlumat, həmçinin binada yanğının ləğv edilməsi haqqında məlumat). İnsanların, əmlakın köçürülməsi və yanğının ləğv edilməsi ilə məşğul olmayan xidməti heyəti başqa köməkçi işlərə cəlb etmək lazımdır.

Yataqxanaların komendatları, inzibati nümayəndələri yanğının baş verməsinə səbəb ola bilən bütün amilləri aydınlaşdırmalı və belə halların baş verməməsi üçün  profilaktiki tədbirlər həyata keçirməli, yanğın təhlükəsizliyi qaydalarına əməl olunmasına ciddi yanaşmalıdırlar.

 Rövşən Bəkirov

FHN-in Dövlət Yanğın Nəzarəti Xidmətinin Yanğına qaşı

təbliğat şöbəsinin böyük təlimatçısı

Etiketlər:
Paylaş: