22 noyabr 2024, cümə Bakı, 14°C
IMG-LOGO

Yanğınlar zamanı panika

06-01-2024

Fəlakətə məruz qalmış  insan bu hadisənin təsirindən  çətinliklə xilas olur. Bəziləri ağır zədə alaraq sağlamlığını itirir, bəziləri isə həyatindan məhrum olur. Sağ qalan və fiziki zədə almayan insanlar isə ilk baxışda görünməyən, amma çox ağrılı olan, müalicəyə çətinliklə tabe olan "yaralara" məruz qalır.  Bu "yaralar"  insan psixologiyasında, təfəkküründə yaranır. Bu cür zədələr xüsusən  yanğınlar zamanı qorxu və  panika yaşamış  insanlarda dərin izlər buraxır. 

Panika insan həyatı üçün kənar faktorların təsiri nəticəsində təhlükə törədən hadisələr nəticəsində yaranan, insanların kəskin qorxu hissinə məruz qalması, onların düşünmədən, xaotik surətdə təhlükədən uzaqlaşmaq istəməsi ilə müşayiət olunan psixoloji haldır.

Panika bəzən real təhlükənin mövcud olmadığı hallarda belə baş verir. Bu zaman insanlar, şəraiti düzgün qavrayıb qiymətləndirmə qabiliyyətini itirərək  kütləvi psixoza tabe olurlar.

Statistika göstərir ki, ölüm hallarının sayı daha çox  insanların kütləvi surətdə yığışdığı yerlərdə (teatrlar, kinoteatrlar, rəqs,  konsert zalları, stadionlar, mehmanxanalar və s.)  olur. Bu zaman insanların ölümünün əsas  səbəbi  adətən  panika, panik qaçış olur.

Təsadüfi deyil ki, yanğınlar vaxtı insanlar panikaya daha çox məruz qalırlar. Panik reaksiya uşaqlarda, yeniyetmələrdə, qadınlarda, yaşlı insanlarda ümumi süstləşmə, ləng  hərəkət etmə, bəzən isə tam hərəkətsizlik halı şəklində təzahür edir. Digər insanlar isə adətən, xaotik hərəkət edir, real və ya xəyali təhlükədən xilas olmağa çalışırlar. Təbii ki, alovun ətrafı bürüdüyü şəraitdə insanların davranışı az halda düşünülmüş olur.

Panikanın aşkar təzahürü hər şeyi, hamini unudaraq təhlükədən uzaqlaşmaq  məqsədi ilə yaranan panik qaçışdır. Gəlin panik qaçışın mexanizmini tamaşa zalında insanların davranışı ilə müqayisə edək. Adətən, insanların zaldan çıxışı tamaşanın sonunda baş verir. İnsanlar belə halda eyni zamanda çıxışa doğru hərəkət etmir. Publikanın bir hissəsi ayağa qalxaraq artistləri alqışlayır, bir hissəsi qarderoba doğru gedir, digər qismi isə yerində oturaraq insanların axınının azalmasını gözləyir.  Keçidlərdə, pilləkənlərdə insanların hərəkəti onların iradəsi ilə düşüncəli tərzdə tənzimlənir. Burada psixoloji faktor fiziki faktor üzərində üstünlük təşkil edir. İnsanların bir-birinə təzyiq etməsi insan axını arasında gözə carpmayacaq dərəcədə azdır.

Hadisə baş verdikdə isə, insanların məcburi təxliyəsi baş verir. Tamaşaçılar eyni zamanda qalxıb keçidlərə doğru hərəkət edir. Bəziləri hətta fiziki gücdən istifadə etməklə axını sürətləndirmək istəyir. İzdihamın sıxlaşması fiziki həddə kimi yüksəlir ki, bu da ağır zədələnmələrə və hətta insan ölümünə gətirib çıxara bilər.

İnsan axınının sıxlaşması hərəkət edən insanların arxadan gələnlərin təzyiqini saxlamasına səy etmələri nəticəsində yaranır. İzdihamda olan insanların bir qismi, axının içərisində olduğu üçün hərəkətin istiqamətini bu və ya digər istiqamətdə dəyişdirmək gücündə olmadığı üçün ümumi hərəkətə passiv surətdə tabe olur. Bəzən insan sıxlığı elə bir həddə olur ki, bu zaman ayaqları yerə toxunmayanları belə irəliyə doğru aparır. Məcburi təxliyə zamanı xarakterik xüsusiyyətlərdən biri də bunun əlverişsiz şəraitdə - yüksək temperaturun təsiri altında, tüstüdə və s. baş verməsidir.

Bu cür halda panika eyni zamanda çölə çıxmaq istəyənlərin çox hissəsini əhatə edir ki, hamı bütün vasitələrdən istifadə etməklə təhlükə mənbəyindən uzağa getməyə çalışır.

Yanğınlar zamanı insan alovu bilavasitə öz həyatı üçün təhlükə sayır. Bu zaman onda gecikmədən hərəkət etmək arzusu yaranır və nəticədə öz üzərində nəzarəti itirir. Ekstremal şəraitdə insan ətrafında olan heç nəyə, heç kimə fikir vermədən yalnız özü barəsində düşünür. Nəticədə qeyri-iradi olaraq hərəkət edir ki, bu da düşüncəsiz davranışlara gətirib çıxarır. Göründüyü kimi, son nəticədə hər bir şey insanın iradəsindən, hadisəni cəld dəyərləndirmək qabiliyyətindən asılıdır.

Panikanın qarşısını, konstruktiv- planlı surətdə təxliyəni, təxliyə yollarını əvvəlcədən  müəyyənləşdirməklə , psixoloji təsir tədbirləri ilə, ictimai binaların rəhbərliyinin öncədən gördüyü tədbirlər sayəsində almaq olar.

Yanğınlar zamanı panikanın qarşısını almaq üçün:

- İstənilən halda soyuqqanlı, səbrli olun. Öz davranışlarınızla ətrafdakıları, xüsusən qadın və uşaqları sakitləşdirin.

- Şəraiti düzgün  qiymətləndirib real təhlükənin olub-olmadığına  əmin olun.

- Baş vermiş yanğın barədə yanğın siqnalizasiyasından və ya telefondan istifadə edərək  yanğınsöndürmə xidmətinə məlumat verin.

- Qorxduğu üçün süstləşib qalan insanlara kömək edin. İzdihamdan çıxdıqdan sonra yaralılara yardım edin.

- Panikanın artmasına səbəb olan insanları  sakitləşdirin və əsas kütlədən uzaqlaşdırın.

- Yaxınlıqda olan çıxışa doğru hərəkət edib,  irəliyə qadın və uşaqları  buraxın.

- Cib dəsmalı  və ya paltarınızın qolu  ilə ağzınızı tutaraq  nəfəs alın.

Yanğınlar zamanı düzgün hərəkətlə onlarla insanın həyatını xilas edə bilərsiniz.

Paylaş: