22 noyabr 2024, cümə Bakı, 14°C
IMG-LOGO

Vərdiş halına çevirdiyiniz hərəkətlər sayəsində həm özünüz, həm də yaxınlarınız bir çox qəza hallarından uzaq ola bilər

03-01-2024

Hər hansı sahə üzrə bilikli, məlumatlı olmaq insanı güclü edir. Bildiklərini praktikada tətbiq etdikdə isə  onun gücü ikiqat artmış olur. Nəzəri məlumatlar insana qəza şəraitlərindən uzaq olmağa və fövqəladə hallarda özünü müdafiə etməyə kömək edir.

Lakin təkcə nəzəri biliklər yetərli deyil. Məsələn, yolu svetoforda qırmızı işıq yandıqda keçməməli olduğunuzu bilməklə kifayətlənməyin. Bunu, demək olar ki, hamı bilir. Əsas odur ki, insan bunu özündə şərti refleks halına gətirsin və bu, onda vərdiş halına çevrilsin. Eləcə də, evdən çıxdıqda  mexaniki surətdə qazı bağlasın, təhlükəli kimyəvi maddələri hündürdə yerləşən şkaflara yığsın və s. Vərdiş halına çevirdiyiniz bu kimi hərəkətlər sayəsində həm özünüz, həm də yaxınlarınız bir çox qəza hallarından uzaq ola bilər.

Mürəkkəb xarakterli qəzalarda da əvvəlcədən qazanılmış özünüqoruma vərdişləri mühüm rol oynayır. Qəza zamanı insanın anidən verdiyi qərarlar çox vaxt yanlış olur ki, bu da zərərçəkmişlərin vəziyyətini daha da ağırlaşdırır. Məsələn, otaqda  yanğın başladıqda tüstü yayılarkən  insan boğulmamaq üçün qapı və pəncərələri açmağa çalışır. Yalnız mütəmadi məşqlər nəticəsində qazanılmış vərdiş insanı əksinə addım atmağa yönəldir-bütün nəfəslik və pəncərələri bağlamağa vadar edir ki,  havalandırma nəticəsində daxil olan oksigen  yanğını daha da gücləndirməsin.

Əgər baş verən qəzanı aradan qaldırmağı bacarmırsınızsa, o zaman ən azından təhlükəli ərazidən təxliyə yolunu bilməlisiniz. Bunun üçün isə əvvəlcədən həmin təxliyə yolunu bir neçə dəfə keçmək lazımdır ki, qəza halında əlacsız vəziyyətə düşmüş olmayasınız.

Qəza vəziyyətlərində insanın özünü müdafiəsi üçün eyni zamanda qəza-xilasetmə avadanlıqlarından istifadə etmə bacarığı da tələb olunur. Ekstremal hallarda insanın qorunması üçün çoxsaylı xilasetmə ləvazimatları mövcuddur. Əlbəttə, burada söhbət peşəkar xilasedicilərin istifadə etdiyi avadanlıqlardan getmir. Əgər insanın ətrafında xilas olmaq üçün yetərli dərəcədə ləvazimat varsa, lakin o, bunlardan istifadə edə bilmirsə, onlar artıq  əhəmiyyətsiz əşyaya çevrilir.  Ömründə bir dəfə də olsun əleyhiqaz geyinməyən insan ekstremal vəziyyətdə həyatının qorunması üçün lazım olan  vaxt ərzində çatdırıb onu geyinə bilməyəcək. Yaxud da əlində heç vaxt odsöndürücü tutmayan, yalnız şəkillərdə onu görən insan yanğın vaxtı alovu söndürməli olduğu halda odsöndürücünün təlimatını oxumağa başlayacaq ki, bu da yanğının qarşısını vaxtında almağa mane  olacaq. Bu səbəbdən hər hansı qəza şəraitində sizə lazım olacaq xilasedici alətlərdən istifadə barədə vaxtında öyrənməyə çalışın. Belə olduqda qəza hallarında mübarizədə əliboş qalmayacaqsınız.

Paylaş: