Tüstüsovurma və ventilyasiya kanalları yanğın təhlükəsizliyi baxımından daim işlək vəziyyətdə olmalıdır
Yanğınların statistikasına görə, yanğın zamanı baş verən ölüm hadisəsinin əksəriyyətinin səbəbi yüksək temperatur yox, tüstüdür. Yanğın zamanı tüstü əksər hallarda istidən daha sürətlə yayılır. Bu tüstü göz qişası ilə təmasda olaraq, gözlərdə kəskin yandırıcı ağrıya, göz yaşının axmasına və hərəkətlərdə dezorientasiyaya səbəb olur. Bu zaman, hətta çox az miqdarda tüstünün udulması da orqanizmin toksikasiyasına (zəhərlənməsinə) və bunun nəticəsi kimi, huşun itirilməsinə gətirib çıxarır. Bundan başqa, bir çox hallarda yanğın gözlənilməz olur və bu da insanlar arasında çaxnaşma və qarışıqlıq salınması ilə sonuclanır.
Məhz buna görə, tüstü ilə mübarizə yanğın təhlükəsizliyinin təmin edilməsində ən mühüm məsələlərdən birinə çevrilib. Bu məqsədlə məktəb laboratoriyalarında, otel mətbəxlərində, zirzəmi şəraiində fəaliyyət göstərən obyektlərdə və ümumi yerlərdə qoxu və tüstülərin bina xaricinə çıxması üçün tüstü və ventilyator sistemi quraşdırılır.
Tüstünün ləğv edilməsi sistemində yanğının alovlanması üçün kifayət etməyən, lakin insanın nəfəs alması üçün zəruri miqdarda olan oksigenin verilməsi nəzərdə tutulub. Sistem elə quraşdırılır ki, yanğın baş vermiş obyektdəki insanların təxliyə (evakuasiya) marşrutunda tüstünün çıxarılması ilə yanaşı, vizual görüntünü və nəfəs almanı təmin edə bilsin.
İş yerlərində çirkli havanın isidilərək, ya da isitmədən, təbii axın köməyi ilə əlaqədar mühitdən hava sorularaq çirkli havanın xaricə atılması, mühitə təmiz hava verilməsi üçün istifadə edilən sistemlər havalandırma sistemi adlanır və iki növü var: təbii və mexaniki havalandırma.
Təbii havalandırma çöldə və içəridə qoxu və tüstülərin bina xaricinə çıxmasının təbii, yəni atmosfer sütununun aşağı və yuxarı səthləri (binanın damında quraşdırılan deflektor cihazı vasitəsilə) arasında təzyiq fərqinin yaranması nəticəsində yaranan havalandırmadır. Ventilyator və havaverən maşınların istifadəsilə aparılan məcburi havalandırma sistemi isə mexaniki havalandırmadır.
Alovlanma və binalarda tüstünün yayılması bir çox hallarda insanların tələf olmalarına və əmlaklarının çox hissəsinin itirilməsinə səbəb olur. Bununla əlaqədar olaraq, məhz tüstünün insan sağlamlığına zərər gətirdiyindən, bina və tikililərin layihələndirilməsində, mühəndislərin məqsədi havalandırma xəttlərinin və sistemlərinin diqqətli təhlilini aparmaq və insan sağlamlığının və əmlakının təhlükəsizliyini təmin etmək üçün yanan maddələrin uzaqlaşdırılmasını layihələndirmək olmalıdır.
Tüstüdən müdafiə sistemlərinin əsas məqsədlərindən biri tüstü və zəhərli qazların lokallaşması, təxliyə yollarının boşaldılması və yanğının yarandığı binalardan insanların təhlükəsiz təxliyəsini təmin etməkdir. Bundan əlavə, hər hansı bir binanın tüstü sovurma sistemləri ilə təchiz edilməsi yanğın söndürən dəstələrə yanğının söndürülməsini və yayılmasını təşkil etməkdə və yanan maddələrin uzaqlaşdırılmasında çox kömək edir.
Ventilyasiya - havanın təşkil edilmiş qaydada dəyişilməsidir. Ventilyasiyanın vəzifəsi binanın işçi havasını təmiz hava və normal meteoroloji şəraitlə təmin etməklə, işçilərin ovqatını, onların əmək məhsuldarlığını artırmaqdır. Bu məqsədlə istehsalat ventilyasiyası təmiz havanın gətrilməsini, texnoloji proses zamanı yaranan izafi istiliyin, rütubətin, tozların, zərərli qazların və buxarların xaric olunmasını, həmçinin qaz və toz ilə çirklənmiş havanı atmosferə buraxmazdan əvvəl onun təmizlənməsini müxtəlif üsul və qurğular vasitəsilə həyata keçirməkdir.
“Fərdi qarajlar, mehmanxana, yataqxana, yaşayış evləri və inzibati binalar üçün yanğın təhlükəsizliyi Qaydaları”na görə, hər il qış mövsümü başlanmazdan əvvəl tüstüsovurma və ventilyator kanalları yoxlanılmalıdır. Yaşayış sahəsində qaz iyi gəlmədiyi hallarda otaqda qaz sızmasının olub-olmamasını adi kibrit vasitəsi ilə də yoxlamaq mümkündür. Kibrit yandırılaraq tüstü bacasının divardakı dəliyiniə yaxınlaşdırıldıqda, bu zaman alovun istiqaməti şaqulidən ən azı 45 dərəcə bacaya tərəf əyilməlidir. Əgər əyilmənin dərəcəsi azdırsa və ya alov əks istiqamətə əyilirsə qaz cihazından istifadə edilməməli, nasazlığın aradan qaldırılması üçün mütəxəssisə müraciət edilməlidir. Həmçinin, tüstü bacasının borularının birləşmə nöqtələrinin kipliyi də yoxlanılmalıdır. Boşluq olduğu hallarda həmin birləşmə asbest kəndiri ilə işlənilməlidir. Tüstü bacalarının yaşayış sahəsinin dam örtüyündən olan hündürlüyü 50 sm-dən az olmamalıdır.
Məişətdə istifadə olunan qaz cihazları əsasən 3 qrupa bölünür: plitə, suqızdırıcı və isitmə cihazları. Plitələrin quraşdırıldığı mətbəxin hündürlüyü 2,2 metrdən az olmamalı, nəfəsliyi olan pəncərəsi və ventilyasıya kanalı ilə təchiz edilmiş sahədə quraşdırılmalıdır. Dördgözlü plitə üçün mətbəxin həcmi 15 m3, üçgözlü plitə üçün 12 m3, iki gözlü plitə üçün isə 8 m3-dən az olmamalıdır. Təcrübə göstərir ki, plitələrdə qaz sızması 80-90 faiz hallarda qaz kranları ilə, qalan hissə isə yivli birləşmələrlə əlaqədardır. Təbii işıqlandırma, havalandırma sistemi olmayan yarımzirzəmidə (zirzəmidə) qaz cihazlarının quraşdırılması qadağandır.
Ventilyasiya kanalının yararlığını yoxlamaq üçün adi kağız vərəqdən də istifadə etmək olar. Vərəqi ventilyasıya kanalının divardakı dəliyinə yaxınlaşdırdıqda o divara yapışır.
Mənzil-istismar sahələrinin, mehmanxana və yataqxanaların, eləcə də inzibati binaların mühəndis-texniki əməkdaşları borcludurlarki qızdırıcı sistemlərin, havadəyişmə qurğularının, sobaların və digər qızdırıcı qurğuların təhlükəsiz istismarını, eləcə də yanğın törədə bilən pozuntuların aradan qaldırılmasını təmin etsinlər.
Mehmanxana, yataqxana və inzibati binaların mətbəx otaqlarında sorucu çətirləri, mətbəx qurğularının boru kəmərlərinin çölə açılan bacaları, ventilyatorun qanadlarını və gövdəsini vaxtaşırı təmizlənməli, onların çirklənməsinin qarşısı alınmalıdır.
Sanitar qovşağının texnikləri qızdırıcı sistemlərə, eləcə də havadəyişmə qurğularına xidmət göstərərkən vaxtlı-vaxtında onlara baxış keçirməli və aşkar edilmiş nöqsanları aradan qaldırmalidırlar. Bunun üçün onlar sakinləri qızdırıcı cihazlardan təhlükəsiz istismar edilməsi barədə təlimatlandırmalı, qış mövsümü başlanmazdan əvvəl bütün sobalara baxış keçirilməli və təmir işləri aparılmalıdır, nasaz sobalar və tüstü boruları istismara buraxılmamalıdır.
Tüstüyə qarşı avtomatik müdafiə sisteminə texniki xidmət göstərən təşkilat sistemə sınaq-nəzarət yoxlanılmasını həyata keçirməklə, texniki xidmət sahəsində görülən işləri xüsusi jurnalda qeyd etməklə cari və əsaslı təmir işlərini yerinə yetirir. Tüstüyə qarşı müdafiə sisteminə texniki xidmət göstərən ixtisaslaşdırılmış qabaqcıl təşkilat, sistemin saxlanılmasına cavabdehlik daşıyan mənzil istismar təşkilatının hesabında qalır və sistemin düzgün istismar edilməsinə nəzarəti həyata keçirir. Tüstüyə qarşı müdafiə sistemi ilə təchiz olunmuş binalarda hava verilməsi üçün nəzərdə tutulan lift şaxtasında yanğın zamanı, sərnişin lifti aşağı mərtəbəyə endirilir və orada saxlanılır
Tüstü boruları dam örtüyünün xarici səthindən 70 sm hündürlükdə olmalıdır. Sobalar və tüstü borularında çatlar olmamalıdır. Adi odun sobalarının qızdırılması üçün daş kömürdən istifadə edərkən ocaqçı gecəriyən və odadavamlı kərpicdən istifadə etməlidir. Tüstü borularının təmizlənməsi qış mövsümü başlanmazdan əvvəl həyata keçirilməlidir.
Qazanxanada kondisioner və havadəyişmə sisteminin idarəetmə otaqlarında, mövcud qurğuların texnoloji sxemləri, eləcə də yanğın baş verən zaman xidməti heyətin hərəkəti haqqında təlimatlar olmalıdır. Qızdırıcı cihazların və tüstü xaric edən boruların vaxtlı-vaxtında tozdan, eləcə də yanar materiallardan təmizlənməsi təşkil edilməlidir. Bərk yanacaq ilə işləyən qazanxanaların boruları qığılcım söndürənlə təchiz edilərək, yarım ildə bir dəfədən az olmayaraq təmizlənməlidir.
Qazanxana və havadəyişmə qurğuları otaqlarında odluqlardan (forsunkalardan) və boruların birləşmə yerlərindən maye yanacağın sızmasına yol verilməməlidir.
Havadəyişmə sistemlərinin istismarı zamanı havadəyişmə kanallarından tüstü bacası kimi istifadə etmək, qaz qızdırıcı qurğularını onlara qoşmaq, havadəyişmə kameralarında kənar əşyalar saxlamaq, alovun qarşısını alan qurğuları şəbəkədən ayırmaq və ya ləğv etmək, havadəyişmə kanallarında yığılan kondensatı, yanar maddələri və yağ hopmalarını yandırmaq qadağandır.
Tüstü yolu və borusu kanalı üçün yalnız yandırılmış, yaxud odadavamlı kərpicdən istifadə etmək lazımdır.
Yüksək mərtəbəli binalar, evlər, yataqxanalar və mehmanxanalar tüstüdən müdafiə sistemi, yanğın avtomatika qurğuları, qəza işıqlandırıcıları, yanğına qarşı daxili su kəməri, qəza lifti müntəzəm yoxlanmalı və işlək vəziyyətdə saxlanılmalıdır.
Müəssisə rəhbəri tüstüyə qarşı müdafiə sisteminə xidmət etmək üçün cavabdeh şəxs təyin etməlidir, həmin şəxs icra mexanizminin qapaqlarının, havadəyişmə sisteminin barmaqlıqlarının və s. təmizliyinə nəzarət etməlidir. Cavabdeh şəxs, həmçinin, elektrik aparatlarının, havavurucuların nasazlıqlarını aradan qaldırmalı, aparatların işlək vəziyyətdə olmasını təmin etməli, nasazlıqlar yarandıqda onların aradan qaldırılması üçün təcili tədbirlər görməlidir.
Rövşən Bəkirov
FHN-in Dövlət Yanğın Nəzarəti Xidmətinin Yanğına
qarşı təbliğat şöbəsinin böyük təlimatçısı
Yanğınsöndürənlərin peşə fəaliyyətində...
Anbar və bazalar üçün yanğın...
Payız-qış mövsümündə yanğın...
Fövqəladə hal nədir?...
Müasir dövrün aktual problemlərindən...