Səhiyyə müəssisələrinin yanğın təhlükəsizliyi
Təşkilati-hüquqi və mülkiyyət formasından asılı olmayaraq səhiyyə müəssisələrinin - klinikaların, poliklinikaların, doğum evlərinin, dispanserlərin, xəstəxanaların, körpələr evi, uşaq evləri, sanatoriya, istirahət evi, əczaxana, əczaxana anbarı və səhiyyənin digər müəssisələrində, bu tipli başqa sosial obyektlərdə hər bir əməkdaş yanğın təhlükəsizliyi qaydalarını bılməli, onlara ciddi riayət etməli, yanğın baş verdikdə isə insanları xilas etmək, yanğını söndürmək üçün ondan asılı olan bütün tədbirləri görməlidir. Bu müəssisələrin yanğın təhlükəsizliyinə görə məsuliyyət müəssisə rəhbərinin üzərinə düşür.
Səhiyyə müəssisələrinin ərazisi və binaları həmişə təmiz saxlanılmalıdır.
Səhiyyə müəssisələrinin ərazisindən bütün yanar zibil və tullantılar müntəzəm surətdə xüsusi ayrılmış sahəyə daşınmalıdır. Bina, qurğu və yanğın su mənbələrinə gedən yollar, keçidlər, girişlər mane törədən əşyalarla tutulmamalıdır. Bütün bina və qurğulara sərbəst yaxınlaşmaq üçün yol olmalıdır. Müəssisələrin ərazisində yerləşən binalar arasındakı yanğına qarşı ara məsafələrdə yanar material saxlamaq, əlavə tikinti inşa etmək, eləcə də müvafiq yanğına qarşı məsafələr olmadan tikililər inşa etmək qadağandır.
Səhiyyə müəssisələrinin binaları yanğınları söndürmək üçün su ehtiyatı ilə təmin edilməlidir. Yanğına qarşı su kəməri olmadıqda su təchizatı, tutumu 50 kubmetrdən az olmayan təbii və yaxud süni su hövzələrinin (rezervuarların) quraşdırılması yolu ilə təmin oluna bilər.
Xəstəxana palatalarında çarpayılar arasındakı məsafə 0,8 metrdən, əsas mərkəzi keçidin eni isə 1,2 metrdən az olmamalıdır.
Zirzəmidə, dəhlizdə, pilləkən qəfəsində, anbarda, çardaqda, qarajda, palata və otaqlarda tez alışan və yanar mayelərin saxlanması yanğın təhlükəsi yaradır.
Binalarda yanğına qarşı qapıların çıxarılması, yanğına və tüstüyə qarşı arakəsmələrin sökülməsi, açıq alovdan istifadə etməklə işlərin icra olunması yanğın təhlükəsizliyi qaydalarının tələblərinə ziddir.
Səhiyyə müəssisələri və sosial obyektlərin otaqlarında dolabça, stul və çarpayılar çıxış və keçidləri tutmamalıdır. Dəhliz və digər köçürmə yollarında çarpayıların qoyulmasına yol verilmir. Yataq rejimində olan xəstələr yerləşdirilən müalicə müəssisələrində hər beş xəstəyə ən azı bir xərək olmalıdır.
Səhiyyə müəssisələri və sosial obyektlərin binalarının hər mərtəbəsində ən azı iki köçürmə çıxış qapısı olmalıdır.
Pilləkən qəfəsləri, köçürmə çıxışları, keçidlər, dəhlizlər daim boş olmalı və heç nə ilə tutulmamalıdır. Köçürmə yollarında arakəsmələr, pilləkən qəfəslərində anbarlar düzəltmək, habelə pilləkənlərin altında avadanlıqlar saxlamaq qadağandır. Çıxış qapıları binadan çıxış istiqamətində sərbəst açılmalıdır. Çıxış qapılarını mismarlayaraq bağlamaq qəti qadağandır.
Səhiyyə müəssisələrinin otaqlarının divarlarına kağız üzlük çəkmək, taxta divar və tavanları yağlı boya ilə rəngləmək, eləcə də yanma zamanı zəhərli maddələr əmələ gətirən materiallardan döşəmələr salmaq qadağandır. Çoxmərtəbəli binalarda ağır xəstələr və uşaqlar birinci mərtəbədə yerləşdirilməlidir.
Səhiyyə müəssisələrində laboratoriyalar və anbarlardakı reaktivlər açarla bağlanan şkaflarda saxlanılmalı, açarlar laborantlarda, yaxud digər məsul şəxslərdə olmalıdır. Ümumi miqdarı 3 kiloqramdan artıq olmamaq şərti ilə tezalışan və yanar mayeləri yalnız xüsusi metal yeşikdə saxlamağa icazə verilir. Ümumi xəstəxana korpusundakı əczaxanalar bir qayda olaraq birinci mərtəbədə yerləşdirilməli, onların çölə müstəqil çıxışı olmalı və başqa təyinatlı otaqlardan yanmayan örtüklər və divarlarla ayrılmalıdır. Digər təyinatlı binalarda yerləşən əczaxanalarda tezalışan və yanar mayelərin ümumi miqdarı 100 kiloqramdan artıq olmamalıdır. Əczaxanalarda spirt, efir və digər yanar mayelər yanmayan otaqlarda, yaxud metal şkaflarda saxlanılmalıdır. Əczaxanalarda iki oksigen balonundan artıq balon saxlamaq olmaz. Bu balonlar şaqul vəziyyətdə xüsusi yuvalarda möhkəmləndirilməli, xamut, yaxud digər vasitələrlə bərkidilməlidir.
Səhiyyə müəssisələrində tibbi alətlərin sterilləşdirilməsi yalnız müəyyən edilmiş yerlərdə yanğın təhlükəsizliyi qaydalarına ciddi əməl olunmaqla həyata keçirilməlidir.
Banka, butulka və digər qablarda saxlanılan kimyəvi reaktivlərin səciyyəvi xassələri göstərilməklə üzərində “Yanğın təhlükəlidir”, “Zəhərlidir”, “Kimyəvi cəhətdən aktivdir” və s. aydın şəkildə yazılmalıdır.
Müalicə və uşaq müəssisələrinin, əczaxanaların zirzəmilərində emalatxana yerləşdirmək, eləcə də tezalışan və yanar maye saxlamaq üçün anbar kimi istifadə etmək qadağandır. Mineral turşuların 3 litrdən artıq olmamaq şərti ilə yalnız kip bağlanan şüşə qabda saxlanılmasına icazə verilir.
Səhiyyə müəssisələrinin fizioterapiya kabinetlərində elektrik və işıq müalicəsi kabinetinə sahəsi bir prosedura taxta üçün 6 kvadrat metrdən az olmamaq şərti ilə sahə ayrılmalıdır. Hər bir elektrik və işıq müalicəsi kabinetinin mərkəzi elektrik lövhəsindən götürmək üçün müstəqil xətti olmalıdır. Aparatlar şəbəkəyə rezin boru salınmış naqillə qoşulmalıdır. İzolyasiyası zədələnmiş elektrik xətlərindən istifadə olunmasına yol verilmir. Başqa istehlakçıların bu elektrik xətlərinə qoşulması yolverilməzdir.
Uşaq və müalicə müəssisələri elektrik işığı ilə işıqlandırılmalıdır. 50 nəfərdən çox yeri olan uşaq və müalicə müəssisələrinin binalarında qəza işığı quraşdırılmalıdır. Xəstəxana, poliklinika, körpələr evi, uşaq evləri, sanatoriyalar, istirahət evi, əczaxana, əczaxana anbarı və digər müalicə profilaktika müəssisələrinin rəhbərləri elektrik qurğularına xidmət etmək məqsədilə ixtisaslaşdırılmış istismar təşkilatı ilə müqavilə bağlamalı, yaxud ixtisaslı elektrik montyorunun xidmətlərindən istifadə etməlidirlər.
Elektrik şəbəkələri və elektrik cihazlarının istismarı zamanı zədələnmiş qoruyucu örtükləri olan elektrik xətlərində kustar üsulla hazırlanmış qoruyucular tətbiq etmək, elektrik lampalarına kağız və ya əski parçası dolamaq, elektrik xətlərindən şəkil və paltar asmaq üçün istifadə etmək qadağandır.
Yataq otaqlarında, xəstəxana palatalarında, xəstə və uşaqların yerləşdirildiyi digər otaqlarda ütü, elektrik plitələri və başqa elektrik qızdırıcı cihazlarından istifadə etmək qadağandır.
Elektrik cihazlarından istifadə etmək üçün xüsusi otaqlar ayrılmalıdır. Elektrik şəbəkəsinə qoşulmuş cihazları (soyuduculardan başqa) nəzarətsiz qoymaq, eləcə də yanmayan altlıqları olmadan bu cihazlardan istifadə etmək olmaz.
Elektrik qurğularının və avadanlıqlarının quraşdırılması və istismarı zamanı “Elektrik Qurğularının Quraşdırılması Qaydaları”nın tələblərinə riayət olunmalıdır.
Səhiyyə müəssisələrinin hər bir elektrik və işıq müalicəsi şöbəsində (kabinetində) xidməti heyətlə yanğına qarşı aparılan təlimatın və elektrik aparatlarının işində müşahidə edilən nöqsanların qeyd edilməsi üçün jurnal olmalıdır.
Elektrik və işıq müalicəsi aparatlarına və avadanlığına qulluq və onların təmiri müvafiq hazırlıq keçən və bu barədə vəsiqəsi olan mütəxəssislər tərəfindən həyata keçirilməlidir.
Hər bir elektrik və işıq müalicəsi kabinetində elektrik lövhəsi qoyulmalı, bu lövhədə voltmetr, fəza dəyişdirici açar və qoyulmuş aparatlara müvafiq qoruyucular quraşdırılmalıdır.
Bütün müalicə elektrik aparatları daim saz vəziyyətdə olmalı, yerlə etibarlı birləşdirilməlidir.
Səhiyyə müəssisələrində elektrik qurğularının istismarı vəziyyətinə cavabdeh şəxs təyin edilməli, mütəmadi olaraq elektrik avadanlıqları və elektrik şəbəkələrinə profilaktiki baxış keçirilməlidir.
Müalicə-profilaktika müəssisələrində standartlara yuğun olmayan elektrik cihazlarından istifadə etmək qadağandır.
Elektrik şəbəkəsinə qoşulmuş cihazları nəzarətsiz qoymaq, həmçinin elektrik xətlərini normadan artıq yükləmək olmaz. Unutmaq olmaz ki, normadan artıq yüklənmiş elektrik xətləri yanğın təhlükəsi yaradır.
Səhiyyə müəssisələrində rentgen plyonkaları saxlanılan arxivlər məxsusi olaraq ayrılmış binaların yuxarı mərtəbələrində, yaxud əsas binadan yanmayan divar və arakəsmələrlə ayrılmış xüsusi otaqlarda yerləşdirilməlidir. Rentgen arxivində kənar plyonka və rentgenoqramların saxlanılmasına yalnız o zaman yol verilə bilər ki, həmin otaqlarda onların miqdarı 4 kiloqramdan artıq olmasın.
Rentgenoqramlar kip örtülən metal şkafda, yaxud istilik cihazlarından 1 metrdən az olmayan məsafədə yerləşən yeşikdə saxlanılmalıdır. Rentgenoqramlar saxlanılan otaqlarda siqaret çəkmək, açıq alovla cihazlar, plitələr, sterilizatorlar tətbiq etmək qadağan edilməlidir. Plyonkaların miqdarı 500 kiloqramdan artıq olan arxivlər yanmayan divar və qapılarla bölmələrə ayrılmalı, bölmələrdə 500 kiloqramdan artıq plyonka saxlanılmamalıdır.
Müalicə müəssisələrinin əsas binasında yerləşən arxivdə plyonkaların miqdarı 300 kiloqramdan artıq olmamalıdır. Rentgenoqramlar saxlanılan otaqlarda ilkin yanğınsöndürmə vasitələri olmalıdır.
Rentgen arxiv anbarının qapısında “Rentgen arxivi” sözləri ilə lövhə, girişdə isə “Yanğın təhlükəlidir”, “Siqaret çəkmək qəti qadağandır” yazısı olmalıdır.
Səhiyyə və digər sosial obyektlərdə çardaqlar təmiz saxlanılmalı, odadavamlı məhlulla hopdurulmalıdır. Çardaqda anbar, arxivlər düzəltmək, burada hər hansı əşya və ya material yığmaq qadağandır.
Səhiyyə müəssisələrində otaqlar, aparatlar və qurğulardan çıxarılan bütün havadəyişmə və sovurma kanallarının boruları dam örtüyündən kənara çıxarılmalıdır.
Uşaq və müalicə-profilaktika müəssisələrinin binalarında elektrik qaz qaynağı və digər yanğın təhlükəli işlərin aparılmasına yalnız bu müəssisələrin rəhbərləri, yaxud onları əvəz edən şəxs tərəfindən yazılı icazə ilə yol verilə bilər. qaynaq işləri zəruri yanğın təhlükəsizliyi tədbirləri həyata keçirildikdən və iş yeri yanğınsöndürmə vasitələri ilə təmin edildikdən sonra ixtisaslaşdırılmış mütəxəssislər tərəfindən yerinə yetirilməlidir.
Uşaq və müalicə müəssisələrində bir qayda olaraq mərkəzi isitmə sistemi olmalıdır. Soba tipli istilik sistemi olan müəssisələrdə tüstü bacaları mütəmadi olaraq ayda bir dəfədən az olmayaraq təmizlənməlidir. Mətbəx plitələri, su qaynadıcılarının bacaları da ayda bir dəfədən az olmayaraq təmizlənməlidir.
Səhiyyə müəssisələrinin ərazisində olan su mənbələrinin yerləşdiyi yer standart işarələrlə göstərilməlidir.
Səhiyyə və digər sosial obyektlərdə bayram şənlikləri, kino seanslar, tamaşalar, konsertlər və digər kütləvi tədbirlərin təşkili zamanı yanğın təhlükəsizliyi qaydalarına ciddi əməl olunmalıdır. Uşaq və müalicə müəssisələrinin taxta binalarında, eləcə də yanar örtükləri olan binalarda kütləvi tədbirlər ikinci mərtəbədən yuxarı olmayan otaqlarda keçirilə bilər.
Xəstəxanalar, körpələr evləri, uşaq evləri, sanatoriyalar, istirahət evləri, poliklinika, əczaxana və digər müalicə-profilaktika müəssisələrində insanların köçürülməsi üçün nəzərdə tutulan dəhlizlər, keçidlər və çıxışlar boş olmalıdır. Kütləvi tədbirlərin keçirildiyi zaman qapıları açarla, yaxud çətin açılan siyirtmələrlə bağlamaq qadağandır. Hər qapının yanında tibb işçisi, yaxud xidməti heyətin üzvlərindən biri daim növbətçi olmalıdır.
Kütləvi tədbirlər zamanı pəncərələri taxta qapılarla bağlamaq, pəncərələrə gedən yolları isə mebel və digər əşyalarla tutmaq olmaz.
Kütləvi tədbirlərin keçirildiyi otaqların pəncərələrində barmaqlıqlar olmamalıdır. Yeni il şənliklərində yolka möhkəm dayaq üzərində elə qurulmalıdır ki, otaqdan çıxışı çətinləşdirməsin. Yeni il şənliyinin keçirilməsi zamanı yolkanı selüolit və digər taz yanan oyuncaqlarla bəzəmək, altlıq və budaqları oddan qoruyan tərkiblə hopdurulmamış pambıqla örtmək, otaqda fişənglər, benqal fişəngləri yandırmaq, otaqdakı işığı tamamilə söndürmək, uşaqlara oddan qoruyan tərkiblə hopdurulmamış pambıq və tənzifdən kostyumlar geydirmək qadağandır. Yolkanın əlvan işıqlarla bəzədilməsi üçün elektrik lampaları müəyyən olunmuş qaydalara riayət etməklə etibarlı surətdə quraşdırılmalıdır. Lampaların qüvvəsi 25 voltdan artıq olmamalıdır. Kütləvi tədbirlər zamanı bütün yanğın avadanlığı (odsöndürənlər, su çəlləkləri, qum yeşikləri və kürəklər, eləcə də daxili yanğın kranları) saz vəziyyətdə olmalıdır. Yanğının söndürülməsi ilə əlaqədar olmayan təsərrüfat və digər ehtiyaclar üçün yanğınsöndürmə vasitələri və yanğın avadanlıqlarından istifadə etmək qadağandır.
Kütləvi tədbirlərin keçirilməsi üçün nəzərdə tutulan otaqlarda bir nəfərə düşən sahə 0,75 kvadratmetrdən az olmamalıdır.
Qeyd edilən bu normadan artıq insan yerləşdirilməsinə icazə verilmir.
Kütləvi tədbirlər keçirilən otaqların çölə an azı iki çıxışı olmalıdır.
Yolka şənliklərində və digər kütləvi tədbirlərin keçirilməsi zamanı alışma yarada bilən kimyəvi və digər maddələr, həmçinin pirotexnika tətbiq etməklə işıq effekti yaratmağa icazə verilmir.
Kütləvi tədbirlərin keçirilməsinə və bu zaman yanğın təhlükəsizliyi qaydalarına riayət edilməsinə görə məsuliyyət uşaq və müalicə müəssisələrinin rəhbərlərinin üzərinə düşür.
Yanğın zamanı uşaq və müalicə müəssisələrinin hər bir işçisinin əsas vəzifəsi insanların həyatını xilas etməkdir. Yanğın zamanı müəssisə rəhbəri, eləcə də tibb və xidməti heyət dərhal yanğın haqqında yaxınlıqdakı yanğından mühafizə xidmətinə xəbər verməlidir. Müəssisənin nümayəndəsi çağırılmış yanğından mühafizə xidmətinin əməkdaşlarını yanan, yaxud tüstülənən binadan insanların hamılıqla xilas edilib-edilməməsi və hansı otaqlarda qalması haqqında dəqiq məlumatlandırmalıdır.
Yanğın zamanı tibb işçiləri insanları otaqlardan köçürmək üçün onlardan asılı olan bütün tədbirləri görməli, ilk növbədə kiçik yaşlı uşaqları və ağır yataq xəstələrini xilas etməlidirlər. İnsanların köçürülməsinə birinci olaraq yanğın baş verən otaqdan, eləcə də alovun yayılması təhlükəsi olan otaqlardan başlamaq lazımdır. Xilas edilmiş uşaq və xəstələr təhlükəsiz yerlərə göndərilməlidir.
Səhiyyə müəssisələrində donmuş istilik su kəmərlərini açıq alovla qızdırmaq qadağandır. Bunun üçün isti buxar, yaxud isti qumdan istifadə etmək lazımdır.
Klinikalar, poliklinika, doğum evi, dispanser, xəstəxana, körpələr evi, uşaq evi, sanatoriya, istirahət evi, əczaxana, əczaxana anbarı və səhiyyənin digər müəssisələrində, bu tipli başqa sosial obyektlərdə müvafiq normalara uyğun ilkin yanğınsöndürmə vasitələri, avtomatik yanğınsöndürmə qurğuları olmalıdır. Bu vasitələr daim işlək vəziyyətdə saxlanılmalıdır.
FHN-in Dövlət Yanğın Nəzarəti Xidmətinin Yanğına qarşı təbliğat şöbəsi
Yanğınsöndürənlərin peşə fəaliyyətində...
Anbar və bazalar üçün yanğın...
Payız-qış mövsümündə yanğın...
Fövqəladə hal nədir?...
Müasir dövrün aktual problemlərindən...