22 noyabr 2024, cümə Bakı, 14°C
IMG-LOGO

Qar və buzlu yollarda ehtiyat tədbirləri 

14-01-2024

Sıx qar yağmuru və yolların buz bağlaması sürücülərin işində çətinliyə səbəb olur. Belə ki, buz  qatında  avtomobilin hərəkəti zamanı ilişmə əmsalı quru örtüklə müqayisədə təxminən 8 dəfə və daha az olur. Bu səbəbdən qarlı hava şərtlərində sürücülərə avtomobili diqqətli sürmək, təqib məsafəsinə uyğun olaraq maşını  yavaş idarə etmək tövsiyə olunur. 
Qış vaxtı yolların qar və buz qatı ilə örtüldüyü zaman səriştəli avtomobil sürücüləri bilirlər ki,  sürüşkən yol üzərində maşın tələsmədən və  rəvan sürülür. Belə sürücülər qar topa və yığınlarına qarşı sayıq olur, digər avtomobillərlə aralıq məsafəsini yay vaxtından daha uzun saxlayır. Bundan əlavə, qazanılmış təcrübə qarla əlaqədar avtomobildə baş verən nasazlıqların  daha tez həll yolunu tapmaqda kömək edir. Lazımi tədbirləri görə bilməyən sürücülər isə yaxşı olar  ki, belə hava şərtlərində maşını evdə saxlayaraq ictimai nəqliyyatdan istifadə etsin.

Qış vaxtı qarlı havalarda avtomobil sürənlərə aşağıdakılar məsləhət edilir:

• Qarlı havada bayıra çıxarkən boş bir sahədə buz örtüyü üzərində avtomobilinizi dayandırın və bütün təkərlərin eyni zamanda dayanıb-dayanmadığına fikir verin. Bundan əlavə, buz üzərində avtomobilin əyləc məsafəsini yoxlayın.

• Avtomobillərdə qış şinlərinin olmasına çalışın.  Buzlu yol şərtlərində mütəmadi olaraq şinlərdə havanın təzyiqini yoxlayın.  Ümumiyyətlə, avtomobilinizi soyuq hava şəraitinə uyğun olan avadanlıqlarla təchiz edin. Bu barədə peşəkarlardan da məsləhət almağa çalışın.

• Sürüşmə təhlükəsi varsa, əyləc məsafəsinin  uzana biləcəyini  düşünərək, sürəti azaldın, təqib məsafəsini normalın iki qatına çıxarın.

• Unutmayın ki,  əriməyə başlayan qar sərtləşmiş qardan daha təhlükəlidir və bu zaman avtomobilinizin sürətini azaldın.

• Döngələrdə dönərkən diqqətli olun. Xüsusən də yolların kəsişdiyi ərazilərdə digər avtomobillərlə toqquşma ehtimalı olduğunu unutmayın. Piyada keçidlərində diqqətinizi toplayın , yol keçən piyadalar da sürüşkən səth üzərində hərəkət edir və onlar da tez dayana bilmirlər.  Körpü və estakadalara gəlincə isə, burada da ehtiyatlı olun,  çox vaxtı küləyin təsirindən bu yerlərdə buz qatı daha sürüşkən olur.

• Qarlı hava şərtlərində uzun faralardan istifadə etməyin. Avtomobiliniz ağ rəngdədirsə, qarlı havada onun görünməsində çətinlik ola biləcəyi səbəbindən qısa faraları gündüz də yandırın.

• Buzlanmış ön şüşəni istilətmədən silməyin, cızıla bilər.

• Qış vaxtı yolun üzərini örtən qar və buz səthinin rənginə diqqət yetirin. Səthin rəngi onun sürüşkən olub-olmamasını təxmin etməyə imkan verir. Hava isindikdə yolun açıq rəngli, soyuduqda isə tünd rəngli sahələrinin az sürüşkən olduğu ehtimal edilir.

• Yollarda təzə yağan qar bir sıra hallarda altda qalan buz qatını örtür. Çox vaxt əyləcə basan zaman  bu qar qatı hamarlanmır, avtomobil təkərləri önündə toplanır və şinlərin yola yapışması azalır,  avtomobilin əyləc yolu artır.

• Qarlı və buzlu yollar üzərinə sürüşməyə qarşı qum görüb sürəti artırmayın. Bir sıra hallarda əyləcə basan zaman qum  dayanıqlı olmur və təkərlərlə bir yerdə sürüşür.

Qarlı və buzlu yollarda piyadalar

Buz bağlamış  yollarda hərəkət edən piyadalara geyim və yerişlərlə bağlı bir sıra məsləhətlər tövsiyə olunur. Qarlı hava zamanı  buzlanan yollarda hərəkət edən insanlarda bir sıra hallarda yıxılma, sınıqlar və s. travmalar olur. Bu səbəbdən aşağıda sadalananlara riayət etmək məsləhət olunur:

• Altı  sürüşkən olmayan rezin və dişlı ayaqqabılar seçib geyinin.

• Maneə törədəcək qədər uzun paltar geyinməyin. Ala bilməsi ehtimal olunan bir sıra travmalar üçün paltarın qalın olmasına çalışın. Hərəkətləri məhdudlaşdırıcı xüsusiyyətdə olmayan geyimlərdən istifadə edin. Dar paltarlar hərəkət qabiliyyətinizi azalda bilir.

• Gedərkən yüngülcə önə əyilin və  yerə baxın. Addımlar böyüdükcə bədən tarazlığını təmin etmək çətinləşir. Addımlarınızı kiçik və yerə yaxın olaraq atın. Getmək üçün buzlu yerləri deyil, qarlı yerləri seçin.

• Buz üzərində kəskin hərəkətlər etməyin.

• Zərurət olmadıqca eniş-yoxuşlardan istifadə etməyin.

• Üşüməmək üçün əllərin cibə soxulması tarazlıq itkisini asanlaşdıra bilir. Bu səbəbdən əllərinizi cibə qoymayın.

• Uşağınızı və ya ağır əşyalarınızı qucaqda daşımayın.

• Paket və ya  çantalarınızı iki əlinizlə daşımayın.

• Pilləkənləri qalxıb düşərkən tutacaqlardan istifadə edin.

Təcrübələrə görə, yıxılma vaxtı yaş həddi  artdıqca yıxılma və sürüşmələr zamanı baş verən  qırıq sayları  artır. Bu səbəbdən xüsusilə yaşlı insanlara qarlı havalarda  məcbur qalmadıqca çölə çıxmamaları tövsiyə edilir.

Paylaş: