Pirotexniki məmulatların yanğın təhlükəsizliyi
Pirotexniki məmulatlar yanma və partlayış təhlükəli hesab olunur. Onların yanması nəticəsində əmələ gələn məhsul insanlara və ətraf mühitə zərərli təsir göstərir. Əgər xarici amillərin təsiri (zərbə, qızma, elektromaqnit şüalanma, detonasiya impulsu və s.) ehtimal olunan son hədd səviyyəsindən çox olarsa, bu pirotexniki məmulatların işə düşməsinə səbəb olur.
Bu halda yanma müvafiq zərbə dalğası, qəlpələrin və yanan konstruksiya elementlərinin atılması ilə müşayiət olunan partlayışa keçə bilər. Pirotexniki məmulatların hazırlanması (layihələndirilməsi), istehsalı, sınaqdan keçirilməsi, ləğv edilməsi, istifadəsi yalnız xüsusi icazə əsasında həyata keçirilməlidir.
Əhaliyə sərbəst satılmaq üçün nəzərdə tutulan pirotexniki məmulatlar üzərində dəst (komplektli) şəkildə istifadəyə dair aydınlaşdırıcı mətnə malik təlimat kitabçası olmalı, məmulatla davranış və istifadə qaydası ilə birlikdə verilməlidir. Təhlükəsiz təlim üsulları, işəsalma və ləğv edilmə (lazım gəldikdə), PM-ın alovlanmasına və yanğıntörətmə ehtimalına qarşı tədbirlər, zəmanətli saxlama müddəti, istehsal tarixi və məmulatın təhlükəsizliyi barədə xəbərdarlıq, istehsalçının rekvizitləri, məmulatın xüsusiyyətlərinə uyğun məlumat və bilgilərin toplanması qaydası göstərilməlidir.
Pirotexniki məhsulun hazırlanması, sökülüb-boşaldılması və təkrarən doldurulması (təmir edilməsi), yoxlanması və sınaqdan keçirilməsi, təkrarən qablaşdırılması və təkrarən nişanlanması (markirovkası) işləri xüsusi avadanlıqlarla təchiz olunmuş emalatxanalarda həyata keçirilməlidir.
Emalatxanalarda pirotexniki məmulatın spesifikasına uyğun ilkin yanğınsöndürmə vasitələri, yanğın barədə xəbərdaretmə siqnalizasiya sistemi, hər bir iş yerində pirotexniki məmulatın saxlama norması və təlimatı olmalıdır.
Emalatxanalarda pirotexniki məmulatın təlimatında nəzərdə tutulmayan alət və vasitələrdən isitifadə etmək, kənar şəxslərin olması, yanğın təhlükəsizliyi tələblərinə uyğun gəlməyən paltar və ayaqqabıda işləmək, buxar boru kəmərlərinin, qızdırıcı cihazların və komunikasiya xətlərinin üzərində hər hansı material qoymaq istehsalat tullantıları yığıb saxlamaq qadağandır.
Bütün pirotexniki mütəxəssislər pirotexnik məmulatlarla işləmək üçün yalnız yanğına qarşı təlimat keçdikdən sonra buraxılırlar.
Müxtəlif təyinatlı anbarlar, dükanların anbar otaqları, topdansatış bazalarında PM-ın saxlanılması anbarları təhlükəlilik sinfindən asılı olaraq Azərbaycan Respublikasının «Yanğın təhlükəsizliyi haqqında» 313 IQ nömrəli 10 iyun 1997-ci il tarixli Qanunu və təlimata müvafiq təşkil olunmalıdır.
Pirotexniki məmulatların saxlanılmasının daimi, müvəqqəti və qısamüddətli sərf anbarlarının yerinin seçilməsi müəyyən olunmuş qaydada, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin nümayəndəsinin iştirakı ilə həyata keçirilməlidir. Anbarın tikintisi və təchizat işləri başa çatdırıldıqdan sonra, müəssisə tərəfindən təşkil olunmuş komissiya tərəfindən istismara qəbul edilir və aktla rəsmiləşdirilir.
Daimi saxlanılma anbarlarının süni işıqlandırılması bayırdan olmalıdır. Anbarlarda növbətçi işıqlandırmadan, qaz pilitələrindən, elektrik istilik cihazlarından istifadə edilməsi və cərəyan mənbələrinin quraşdırması qadağandır.
Anbarların elektrik avadanlığı istifadə edildikdən sonra günün işdən sonrakı müddətində cərəyan mənbəyindən ayrılmalıdır. Elektrik cərəyanının şəbəkədən ayrılması üçün nəzərdə tutulan aparatlar, anbarın xaricində, yanmayan materialdan olan divarda və ya ayrı dayaq üzərində, plomblanması və qıfıllanması mümkün olan şkafın içərisində quraşdırılmalıdır.
Pirotexniki məmulatlar anbarlarda yerləşdirilən zaman yanğın təhlükəsizliyi qaydalarına müvafiq olaraq onların bir yerdə saxlanılması uyğunluğunu nəzərə almaq lazımdır.
Fişənglərin nümayişi başa çatdıqdan sonra qalan məmulatlar bağlı və plomblanmış halda yenidən anbara qaytarılmalıdır.
Anbar otaqları yanğınsöndürmənin əl vasitələri ilə, yaxud yanğınsöndürmənin avtomatik qurğuları ilə (YSAQ) təchiz olunmalıdır. Yanğınsöndürmə vasitələrinin nomenklaturası və onların yerləşdirilməsi yanğın nəzarəti orqanları ilə razılaşdırılmalıdır.
Anbarda yanğın baş verdiyi halda, orada olan işçilər dərhal yanğının söndürülməsinə və alovun getdikcə genişlənməsinin qarşısının alınmasına və yanğınsöndürmə hissəsinə zəng etməyə borcludurlar. Qablaşdırılmış PM-a doğru yanğının yayılmasının qarşısını almaq mümkün olmadıqda işçilər təhlükəsiz məsafəyə təxliyə (evakuasiya) olunmalıdırlar.
Xaricdən yanğını söndürmək üçün anbarlara, onların ərazilərinə və su kəməri şəbəkəsi kollektoruna, yaxud yanğından mühafizə sututarına yanğınsöndürən maşınların rahat yaxınlaşması mümkünlüyü qabaqcadan nəzərdə tutulmalıdır. Yanğının söndürülməsi üçün cəlb edilən texnika, yanğınsöndürmə vasitələrinin gücü və cədvəl üzrə gediş vaxtları, yerli özünüidarəetmə orqanının planı ilə təyin edilir. Suyun sərfi 10 l/san.-dən az olmamalıdır.
Hər bir saxlama otağında anbarda işin aparılması və yanğın təhlükəsizliyi təlimatı üzrə, anbarın yüklənməsində məmulatların təhlükəsiz saxlanma qaydalarının normaları asılmalıdır.
Anbarların və avadanlıqların təmiri PM-lar tam çıxarıldıqdan və bütün ehtiyatlılıq tədbirləri görüldükdən sonra yalnız müəssisənin rəhbərinin icazəsi ilə həyata keçirilə bilər. Açıq alovun tətbiqi ilə müstəsna hallarda, «Partlayış təhlükəli obyektlərdə od təhlükəli işlərin təhlükəsiz aparılması Qaydaları»na uyğun odla görülən işlərin icrasına icazə tərtib etməklə aparılır. Anbarların ərazisində siqaret çəkmək qadağandır.
Yükləmə-boşaltma işləri və PM-ın nəqliyyat vasitələri ilə daşınması, təhlükəli yüklərin avtomobil nəqliyyatında daşınmasının yanğın təhlükəsizliyinin tələblərinə və qaydalarına uyğun olaraq həyata keçirilməlidir.
Doldurma-boşaltma yerinə yalnız bir maşın buraxılır, onun anbarın binasına yaxınlaşması 5 m-dən az olmayan məsafədə həyata keçirilir. Bütün qalan maşınlar anbardan 100 m məsafədə dayanmalıdır.
Qablaşdırılmış PM-ın yükləmə və boşaltma yerləri, yanğın təhlükəsizliyi işlərinin şəraiti nöqteyi-nəzərindən xüsusi qurğularla təchiz olunmalıdır (dayaqlar, sipərlər, pilləkənlər, körpücüklər, xərəklər, hündür skamyalar və s.), körpücüyün eni - taxtanın qalınlığı 60 mm olmaqla 1 m-dən az olmamalıdır. Qəza vəziyyətinin aradan qaldırılması və yanğınsöndürmə vasitələri stasionar və ya müvəqqəti işıqlandırma sistemi ilə təchiz olunmalıdır.
Fişəng məmulatının daşınmasında «Təhlükəli yüklərin avtomobil nəqliyyatı ilə daşınması Qaydaları» və «Beynəlxalq yollarla daşınmalar haqqında Avropa sazişi»nin (DOPOQ) tələbləri əldə rəhbər tutulmalıdır.
PM-ı stasionar qablaşdırmada və ya xüsusi konteynerlərdə nəql etdikdə həcmi 5 litrdən az olmayan iki yanğınsöndürənlə təchiz olunmuş və sənaye şəraitində hazırlanmış avto və elektroyükləyiciliərdən istifadə etməyə icazə verilir.
Məişət təyinatlı (I və II sinfə aid olan) pirotexniki məmulatların satışına sahəsi ən azı 25 kv.m olan ayrıca yerləşən ticarət müəssisəsinin binalarında və tikililərində (bundan sonra ticarət obyekti) icazə verilir.
Ticarət obyektinin ərazisi yanar zibil tullantılardan və quru otlardan təmizlənməlidir.
Ticarət obyekti yanğından və ildırımdan müdafiə sistemi ilə təchiz olunmalıdır.
Ticarət obyektinin isitmə sistemi mərkəzləşdirilmiş qaydada olmalıdır.
Çox mərtəbəli ticarət obyektlərində pirotexniki məmulatların satışı bölməsi ticarət obyektinin yuxarı mərtəbəsində, təxliyə yollarından mümkün qədər uzaq məsafədə yerləşdirilməlidir.
Pirotexniki məmulatlar olan otaqların, vitrin və köşklərin süni işıqlandırılması zamanı pirotexniki məmulatların üzərinə işıqlandırıcıların konstruksiyalarının toxunmasına və ya qızdırmasına yol verilməməlidir.
Zəmanətli saxlanma müddəti bitmiş və məhv edilməsi nəzərdə tutulan pirotexniki məmulatlar yararlı məmulatlardan ayrı saxlanılmalıdır.
Ticarət obyektlərində satışa çıxarılan bütün pirotexniki məmulatlara dair istehsalçı tərəfindən verilmiş sertifikatın surətinin olması vacibdir.
Ticarət obyektlərinin rəhbərləri tərəfindən satış zamanı pirotexniki məmulatların işə düşmə riskini aradan qaldıran və belə hallar baş verdikdə məmulatın təhlükəli faktorlarından insanların və əmlakın mühafizə olunması üçün bütün mümkün olan təhlükəsizlik tədbirləri görülməlidir.
Ticarət obyektlərindəki köşklərin vitrinlərin və piştaxtaların tərtibatı alıcıların pirotexniki məmulatlarla birbaşa, sərbəst davranışına yol verməməlidir. Alıcının pirotexniki məmulatlarla davranışı yalnız satıcı (məsləhətçi) vasitəsilə həyata keçirilə bilər.
Yalnız özünəxidmət ticarət obyektlərində alıcıların pirotexniki məmulatlarla birbaşa təması mümkün ola bilər. Bu obyektlərdə pirotexniki tərkibə, fitilə birbaşa təsiri məhdudlaşdıran qablaşması olan məmulatların satışına icazə verilir. Ticarət obyektlərində hər növ pirotexniki məmulatlardan bir bağlama miqdarından artıq məmulatların saxlanması qadağandır.
Pirotexniki məmulatların satışı yalnız məmulatın tərkibi və yanğın təhlükəsizliyi tədbirləri barədə xüsusi təlimat keçmiş işçilər tərəfindən həyata keçirilməlidir. İşçilərin təlimatlandırılması barədə xüsusi ayrılmış jurnalda qeydiyyat aparılmalıdır.
Ticarət obyektlərində aşağıdakı hallar qadağandır:
-ticarət obyekti digər təyinatlı binada yerləşdikdə pirotexniki məmulatın satışı;
- pirotexniki məmulatların satışı bölməsini çıxışlara, pilləkən qəfəsinə, tambur və digər təxliyə yollarına 4 metr məsafədən yaxın və mağazanın aşağı mərtəbələrində yerləşdirmək;
- tüstünün xaric edilməsi üçün pəncərə oyuqları və şaxtaları olmayan anbarlarda pirotexniki məmulatların saxlanılması;
- pirotexniki məmulatları metal seyflərdən, dolablardan və xüsusi anbarlardan kənarda saxlamaq;
- zavod qablaşmasında olmayan və üzərində zədə izləri olan pirotexniki məmulatların satışı;
- vahid istehlakçı qablaşmadan çıxarılaraq tətbiqinə dair təlimatı olmadan pirotexnik məmulatın satışı;
- I-III sinifdən artıq sinfə aid olan pirotexniki məmulatın satışı;
- elektriklə işə salma sisteminə malik pirotexniki məmulatların satışı;
- 16 yaşına çatmayan şəxslərə pirotexniki məmulatların satışı (əgər pirotexniki məmulatın istehsalçısı tərəfindən digər yaş həddi müəyyənləşdirilməyibsə);
- pirotexniki məmulatın nümayiş etdirilməsi məqsədilə istifadə edilməsi.
Rövşən Bəkirov
FHN-in Dövlət Yanğın Nəzarəti Xidmətinin Yanğına
qarşı təbliğat şöbəsinin böyük təlimatçısı
Yanğınsöndürənlərin peşə fəaliyyətində...
Anbar və bazalar üçün yanğın...
Payız-qış mövsümündə yanğın...
Fövqəladə hal nədir?...
Müasir dövrün aktual problemlərindən...