22 noyabr 2024, cümə Bakı, 14°C
IMG-LOGO

Metropolitendə yanğın təhlükəsizliyi

 

21-02-2024

Azərbaycan Respublikasının müvafiq yanğın təhlükəsizliyi normalarının və qaydalarının tələbləri metropolitenin bütün obyektlərinə - inzibati binalara, elektrik və təsərrüfat qatarları depolarına, bazalara, anbarlara, qarajlara və s. şamil edilir.

Metropolitenin bina, otaq və qurğularında yanğın təhlükəsizliyinin təmin edilməsinə və yanğın təhlükəsizliyi tələblərinin vaxtlı-vaxtında yerinə yetirilməsinə görə məsuliyyət metropoliten rəhbərliyinin, tabeliyində obyekt, bina, sahə və qurğular olan müvafiq xidmət və bölmə rəhbərlərinin, habelə metropolitendə yerləşən (o cümlədən müvəqqəti) müəssisə və təşkilat rəhbərliyinin üzərinə düşür.

Yanğınsöndürmə xidməti gələnə kimi yanğının söndürülməsinə və sərnişinlərin təhlükəsiz təxliyə edilməsinə rəhbərlik stansiyalarda-stansiya rəisinə, o olmadıqda isə stansiya növbətçisinə, digər obyektlərdə və hərəkət qatarında isə vəzifə təlimatına uyğun olaraq digər metropoliten əməkdaşlarına həvalə olunur.

Metropolitenin xidmət, distansiya, depo və s. bölmə rəisləri öz obyektlərinin yanğın təhlükəsizliyinin təmin edilməsinə yönəldilmiş tədbirlərin işlənib hazırlanmasını və həyata keçirilməsini, avtomatik yanğınxəbərverici və söndürücü qurğularının tətbiq olunmasını təmin etməyə borcludurlar. Onlar stansiyaların, yol bölmələrinin, sexlərin, emalatxanaların və digər sahələrin yanğın təhlükəsizliyini təmin etməlidirlər. Habelə yanğına qarşı avtomatik qurğuların və rabitə vasitələrinin daimi hazırlıq vəziyyətində saxlanmasına görə məsul şəxsləri öz əmrləri ilə təyin etməli, metropolitendə yerləşən təşkilatlar tərəfindən yanğın təhlükəsizliyi qaydalarına riayət olunmasına nəzarəti həyata keçirməli, yanğın təhlükəsizliyinə cavabdeh şəxslərin soyadları və vəzifələri göstərilən lövhələrin bina və otaqların görünən yerlərindən asılmasını təmin etməlidirlər. 

Stansiyaların, yol bölmələrinin, sexlərin, bina və otaqların və s. yanğın təhlükəsizliyinə cavabdeh olan vəzifəli şəxslər yanğın təhlükəsizliyi qaydalarının tələblərini, habelə yanğın təhlükəsizliyi üzrə metropoliten rəhbərliyinin əmr və göstərişlərini vaxtında icra etməlidirlər. Həmçinin onlar istehsalat sahələrinin texnoloji xüsusiyyətlərini nəzərə almaq şərtilə müəyyən olunmuş yanğın təhlükəsizliyi qaydaları ilə işə yeni qəbul edilən işçilərin təlimatlandırılmasını həyata keçirməyə, müəyyən olunmuş qaydalara müvafiq surətdə iş yerlərini ilkin yanğınsöndürmə vasitələri ilə təmin etməyə, yanğınsöndürmə vasitələrinin saz və daim hazır vəziyyətdə saxlanılmsına cavabdehdirlər.

İş qurtardıqdan sonra, qapıları bağlamazdan əvvəl iş yerlərini yoxlamaq və yanğın təhlükəsi yarada biləcək nöqsanların ləğv edilməsi üçün tədbirlər görmək, iş yerinin siyahısı və onların yoxlanma qaydası xidmət (sahə) rəhbəri tərəfindən müəyyən olunmalıdır. Yoxlamanın nəticələri xüsusi jurnalda qeyd edilməlidir.  

Metropolitenin Texniki İstismar Qaydaları üzrə biliklərin yoxlanılması zamanı, həmçinin vəzifəyə təyinat zamanı, yaxud işin xüsusiyyətləri dəyişdikdə xidmət və müəsissələrin rəhbərləri tabeliklərində olan işçilərdən, yanğından mühafizə şöbəsinin əməkdaşlarının iştirakı ilə metropolitendə yanğın təhlükəsizliyi qaydalarına dair biliklər üzrə məqbullar qəbul etməlidirlər.

Elektrik qatarlarının lokomotiv briqadaları, stansiya növbətçiləri, hərəkət xidmətinin, elektrik təchizatı və elektromexanika xidmətlərinin dispetçerləri yanğın təhlükəsizliyi üzrə ilkin təlimatlandırma keçməkdən başqa, depoda, yol mənzilində və sərnişin stansiyalarında olarkən qatarda yanğın baş verdiyi hallarda davranış (hərəkət) qaydalarını da öyrənməlidirlər.  

Hər bir stansiya üçün iki nüsxə yanğınsöndurmə əməliyyat planı, yanğın təhlükəsizliyi tədbirləri haqqında təlimat, sərnişinlərin təxliyyə sxemi, metropolitendə tüstülənmə, alışma, yaxud yanğın zamanı işçilərin hərəkət qaydaları və tunel ventilyasiyası şaxtalarının iş rejimləri haqqında təlimat olmalıdır. Həmin sənədlər stansiya növbətçisinin otağında saxlanmalıdır. Yanğınsöndürmə əməliyyat planının ikinci nüsxəsi böyük xəzinədarda saxlanmalıdır və yanğınsöndürmə rəhbərinin tələbi üzrə ona təqdim olunmalıdır.

Metropolitendə çalışan bütün işçilər bu Qaydaları bilməli və onu yerinə yetirməlidirlər. Yanğın baş verdiyi hallarda ilkin yanğınsöndürmə vasitələrini düzgün tətbiq etməyi, yanğın təhlükəsi əmələ gətirən pozuntular aşkar olunduqda isə onların aradan qaldırılması üzrə lazımi tədbirlər görməyi bacarmalıdırlar.

Bu Qaydaları pozan şəxslər pozuntunun xüsusiyyətindən və nəticələrindən asılı olaraq, qanunla müəyyən edilmiş qaydada məsuliyyət daşıyırlar.

Metropoliten obyektlərində tonqal qalamaq, istehsalat tullantıları və zibil yandırmaq, siqaret çəkmək üçün avadanlıqla təchiz olunmamış yerlərdə siqaret çəkmək qadağandır. Yalnız yanmayan külqabılar, yaxud içərisində su olan zibil qutuları və «Siqaret çəkmək üçün yer» yazısı olan yerlərdə siqaret çəkməyə icazə verilir.

Keçidlərdə, dəhlizlərdə, pilləkənlərdə və digər təxliyyə yollarında əşyalar yerləşdirmək, habelə çardaqlarda, xollarda, vestibüllərdə, dəhlizlərdə, pilləkənlərdə hər-hansı materiallar saxlamaq və emalatxanalar, anbarlar, taxçalar, xidməti otaqlar və s. düzəltmək qadağandır.        

Qiymətli əşyaların saxlandığı anbar, xəzinə, yerüstü stansiya binaları və s. istisna olmaqla, pəncərə çərçivələrinə kip, barmaqlıqlar vurmaq olmaz. Bu halda barmaqlıqlar çıxarılıb-taxılan, yaxud sıyrılıb açılan olmalı və iş vaxtı ərzində açıq saxlanmalıdır;

Qoşulmuş elektrik cihazlarını (stasionar qurulmuş elektrik qızdırıcı cihazlardan başqa), termonizamlayıcı olmayan elektrik quruducu şkafları və suqızdırıcı cihazları nəzarətsiz qoymaq yanğın təhlükəsi yaradır.

Stansiya növbətçilərinin otaqlarında, tibb məntəqələrində, xəzinə və köşklərdə, həmçinin onların üstündəki boşluqlarda  müxtəlif yanan avadanlıq, əşya və material anbarları düzəltmək, daim adamların olduğu otaqlardan başqa yeraltı tikililəri, anbar və soyunub-geyinmə otaqlarını yumşaq mebellə və yanabiləcək şkaflarla təchiz etmək,  stansiyaların platformalarında, stansiyalararası yeraltı keçidlərdə ticarət köşklərini yerləşdirmək qadağandır.

Metropoliten rəhbərliyi və dövlət yanğın nəzarəti orqanları ilə razılaşdırılmaqla stansiyaların yerüstü vestibüllərində, onların ətrafındakı ərazilərdə və eyni zamanda metropolitenin giriş və çıxışları olan yeraltı keçidlərdə ticarət və sərnişinlərə digər xidmətlərin göstərilməsi üçün köşklərin yerləşdirilməsinə icazə verilə bilər.

İstismarda olan tunellərin və stansiyaların tikilən obyektlərə qovuşduğu yerlər işlərin başlanmasına qədər bunlardan  yanan məhsulların daxil olmasını istisna edən yanmayan arakəsmələrlə çəpərlənməlidir.

İstismarda olan xətlərə qovuşma yerlərində işlərin təşkili zamanı metropolitenin növbətçi heyəti ilə telefon rabitəsi yaradılmalıdır.

"Metrotikinti" və digər tikinti təşkilatlarının istismara verdiyi bütün obyektlər müvafiq surətdə ilkin yanğınsöndürmə vasitələri ilə təmin olunmalıdır.

Stansiyaların platformalarında və vestibüllərində zibil yığmaq üçün yanmayan zibil qutuları qoyulmalı və vaxtlı-vaxtında təmizlənməlidir.

Metropolitenin yeraltı xidməti-texniki otaqlarında, xidmət heyətinin iş yerlərində zibilin və istehsalat tullantılarının yığılması üçün pedallı qutular (vedrələr) qoyulmalıdır.

Təmir işlərinin aparıldığı yerlər iş vaxtı bitdikdən sonra yanan tikinti zibillərindən tamamilə təmizlənməlidir.

Metropolitenin ərazilərindən yığılan yanan zibillər və yanacaq-sürtgü materiallarının tullantıları hər gün metropoliten ərazisindən daşınıb aparılmalıdır.

Xüsusi iş geyimləri yanmayan materiallardan hazırlanmış şkaflarda, bu məqsədlə ayrılmış məişət otaqlarında saxlanmalıdır.     

Qaz qızdırıcıları üçün yanacaq qazları (butan, propan, asetilen və s.) olan balonların yerüstü tikililərdə (tutumu 5 litrdən çox olmamalıdır) qıfılla bağlanan metal qutularda Dövlət Yanğın Nəzarəti orqanları ilə razılaşdırılmış xüsusi yerlərdə (iki balondan ibarət bir dəstdən çox olmadan) saxlanılmasına icazə verilir. Qutunun yuxarı və aşağı hissələrində ventilyasiya deşikləri olmalıdır. 

Xidmət rəhbərlərinin sərəncamı ilə yerinə yetirilən qəza xarakterli işlər istisna olmaqla, metropolitenin yeraltı tikililərində odlu işlər yalnız gecə vaxtı, gərginlik açılandan sonra aparılmalıdır.    

Kommunikasiya xətlərinin çəkilməsi zamanı örtük divar və arakəsmələrdə əmələ gələn deşiklər yanmayan materiallarla kip qapanmalıdır.

Metropoliten tikililərində təmas relsinin, elektrik şəbəkəsinin və digər elektrik avadanlıqlarının üzərinə rütubətin və qrunt sularının düşməsinin qarşısını almaq məqsədilə axıntı yerlərində, həmin avadanlıqların üstündə yanmayan materiallardan hazırlanmış, sudan mühafizə edən çətirlər qurulur.

Metropolitenin bina, otaq, qurğularının və s. ətrafındakı mühafizə zonası kimi müəyyən olunan ərazi həmişə təmiz saxlanmalı, tullantıların yığılmasına yol verilməməlidir.

Bütün bina və tikililərə yanğınsöndürən maşınların sərbəst yaxınlaşması təmin olunmalıdır. Binalar və tikililər arasındakı yanğına qarşı ara məsafələrə heç bir şey qalaqlanmamalıdır və bunlardan avadanlıqların, materialların yığılması üçün, avtodaya-nacaq kimi, müvəqqəti bina və qurğuların inşası üçün istifadə olunmamalıdır.

Qabaqcadan layihəsi işlənib hazırlanmamış və müvafiq qaydada təsdiq edilməmiş binaların yenidən planlaşdırılması və təyinatının dəyişdirilməsi qadağandır.

Stansiyaların kabel kollektorlarının baş tərəflərindəki lyuklar bağlı vəziyyətdə saxlanmalıdır. Qıfılların konstruksiyaları lyukların kollektor tərəfdən açarsız, platforma tərəfdən isə açarla açılmasını təmin etməlidir. Qıfılların açarları stansiya növbətçisinin qəza yeşiyində saxlanmalıdır.

Kabel kollektorlarının təxliyyə lyuklərının metal pilləkənləri saz vəziyyətdə olmalıdır, lyuklərın üzərinə isə heç bir şey yığılmamalıdır. 

Təxliyyə çıxışlarının bütün qapıları sərbəst açılmalıdır, otaqlarda adam olduqda isə həmin qapılar bağlanmamalıdır. 

Binaların çardaqlarının ağac konstruksiyaları yanğına qarşı odadavamlı məhlulla hopdurulmalıdır.

Mərkəzləşmə məntəqələrində, krosxanalarda, diktor otaqlarında və s. otaqlarda kabel kanalları yanmayan materiallardan hazırlanmış lövhələrlə örtülməlidir.

Stansiya otaqlarındakı və kabel kollektorlarındakı yanğın əleyhinə rejimin yoxlanması üçün otaqların nömrələrinə müvafiq sürətdə nişanlanmış açarlar stansiya növbətçisinin otağındakı qəza yeşiyində olmalıdır. Həmin otaqların yoxlanması stansiya növbətçisinin, yaxud xidmətin nümayəndəsinin iştirakı ilə həyata keçirilməlidir.

Texnoloji prosesə müvafiq sürətdə yolun dövri təmir işlərinin yerinə yetirilməsi üçün lazım olan material ehtiyatlarından başqa, istismarda olan tunellərdə və yolun yerüstü sahələri zolağında şpalların, təmas relsinin izolə örtüyünün, sipərlərin, ağac lövhələrin və yana biləcək digər materialların yığılmasına yol vermək olmaz. Materialların həcmi, onların saxlanma müddəti və yeri metropolitenin yanğından mühafizə şöbəsi ilə razılaşdırılmalıdır. Yolun yerüstü sahələri quru otdan, budaqlardan və s. təmizlənməlidir.

Hər kilometr üçün nəzərdə tutulmuş ehtiyat ağac şpallar elektrik deposunun açıq xətt və meydançalarına yığılmalı, ayrılmış sahə metropolitenin yanğından mühafizə şöbəsi ilə razılaşdırılmalı və ilkin yanğınsöndürmə vasitələri ilə təmin edilməlidir.

İstismarda olan tunellərdə qaz generatorları ilə iş görmək, şpallara, qısa şpallara, pazlara, altlıqlara və s. kreozot hopdurmaq, habelə bitum qızdırmaq (3 kiloqramdan çox olmayan daşınan qapalı buta qurğularında qızdırılan cüzi miqdardan başqa) qadağandır. Həmin butaların konstruksiyaları metropolitenin yanğından mühafizə şöbəsi ilə razılaşdırılmalıdır.

Hərəkət relslərinin xətləri arasına ağacdan düzəldilmiş lövhələr və tezalışan materiallardan müxtəlif kipləşdiricilər düzmək, layihədə nəzərdə tutulandan başqa stansiya platformalarından enmək üçün körpüləri ağacdan düzəltmək olmaz.

Eskalatorların maşın zalının giriş qapısı daim bağlı olmalıdır. Eskalatorların və maşın zallarının otaqlarında, demontaj kameralarında, maili gedişlərdə pilləkənlərin altındakı yerlərdə və pilləkən meydançalarında tezalışan zibillərin eskalator maşınları zalında maşın zallarının ehtiyat avadanlıqlarla təchizatı barədə xidmət rəhbəri tərəfindən təsdiq edilmiş cədvəl divardan asılmalıdır.

Eskalatorlar üçün sürtgü materialları metaldan düzəldilmiş, hermetik bağlanan qablarda xüsusi ventilyasiyası olan izoləedilmiş yanmayan otaqlarda (yerlərdə) saxlanmalıdır. Elektrik şəbəkəsi açarı sürtgü materialları anbarından kənarda olmalıdır. İşıqlandırma partlayışa qarşı təhlükəsiz quraşdırılmalıdır. Anbarın qapısında müəyyən edilmiş qaydada xəbərdaredici və qadağanedici yazılar olmalıdır. Anbarın görünən yerinə sürtgü materiallarının yolverilən norması barədə lövhəcik vurulmalıdır. Taranın (qabın) üzərində onun tutumunu və sürtgü materialının növünü göstərən yazılar olmalı-dır. Anbardakı qablar mayenin işlədilən taraya (qaba) rahat və təhlükəsiz tökülməsi üçün uyğunlaşdırılmalıdır. 

Dartı, dartı-azaldıcı və azaldıcı yarımstansiyaları, elektrik şəbəkələri, elektrotexniki avadanlıqları Elektrik Qurğularının Quraşdırılması qaydalarına (EQQ), elektrik qurğularının texniki istismarı (TİQ) və Təhlükəsizlik texnikası qaydalarına (TTQ) cavab verməlidir. 

Transformator kameralarının qapıları yanmayan, yaxud çətin yanan materiallardan hazırlanmalı, binanın çıxışı istiqamətində açılmalı və daima qıfılla bağlı vəziyyətdə olmalıdır.   

Ventilyasiya qutularının, şaxta və oyuqlarının konstruksiyası onlardan rütubətin və kondensatın transformatorların, yüksək gərginlikli avadanlığın və paylayıcı qurğuların üzərinə düşməsini istisna etməlidir.

Avtomatik yanğınsöndürmə sistemi işə düşdüyü hallarda dağılmamaqdan ötrü avtomatik yanğınsöndürmə sisteminin qurulduğu yarımstansiyalarının transformator yuvalarının divarları təzyiq klapanları ilə təchiz olunmalıdır.
Yarımstansiyaların binalarında dəyişən və sabit cərəyan paylayıcı qurğuların otaqlarından, həmçinin ventilyasiya kanallarından anbar kimi istifadə etmək, yağları yerə tökmək, kənar materialları, əşyaları, habelə yanacaq tullantılarını saxlamaq, təmir zamanı transformatorların gövdəsini tezalışan mayelərlə yumaq qadağandır..
Qaz kəmərlərinin tezalışan və yanan mayeləri olan boru kəmərlərinin kabel xətləri ilə birlikdə çəkilməsinə yol verilməməlidir.
Kabel kollektorları təmiz saxlanmalı, işıqlandırılması saz olmalı, yanğınsöndürmə vasitələri ilə təmin olunmalıdır. Kabellərin və elektrik avadanlığının üzərinə qrunt sularının düşməməsinə təminat olmayan yerlərdə yanmayan materiallardan sukənarlaşdırıcı çətirlər qurulmalıdır. 

Elektrik şəbəkələrində qığılcımlanmaya, qısaqapanmaya, naqillərin qızmasına və s. səbəb olan bütün nasazlıqlar təxirəsalınmadan aradan qaldırılmalıdır. Nasazlıqlar aradan qaldırılana qədər elektrik şəbəkəsi söndürülməlidir. 

Metropoliten stansiyalarında və tunellərində yanğın, yaxud tüstülənmə baş verməsi halları üçün, «Metropolitendə tüstülənmə, alışma, yaxud yanğın baş verdiyi hallarda işçilərin davranış qaydaları və tunel ventilyasiyası şaxtalarının iş rejimi haqqında» təlimat və digər metodik sənədlər əsasında tunel ventilyasiyası şaxtalarının iş rejimi üzrə konkret təlimat tərtib edilməlidir. Stansiyaların növbətçi heyəti və elektromexanika xidmətinin dispetçerləri həmin təlimatı bilməli, şaxtaları uyğun rejimə keçirməyi bacarmalıdırlar.
Metropolitenin ventilyasiya köşklərinin 25 metrliyində yanan konstruktiv elementlərdən olan tikililərin, qarajların, avtodayanacaqların, yeməkxanaların yerləşdirilməsi, zibil və tullantıların yığılması, tüstü və ya qaz ayrılması ilə müşahidə olunan işlərin aparılması qadağandır. 

Elektrik deposunun ərazisinə daxil olan yollar saz vəziyyətdə saxlanmalı, üzərində kənar əşyalar olmamalıdır. Həmin yollar gecə vaxtı işıqlandırılmalıdır. Hərəkət qatarını və digər nəqliyyat vasitələrini avtomobil yollarında saxlamaq qadağandır.

Elektrik və təsərrüfat qatarı depoları ilə hərbiləşdirilmiş yanğından mühafizə şöbəsi arasında telefon rabitəsi olmalıdır.

Baxış və əyləmə qanovlarındakı aşağı gərginlik naqilləri rels dirəyindən və şpallardan izolə edilməlidir. Daşınan lampalar həmin naqilə birləşdirilərkən elə etibarlı kontakt yaradılmalıdır ki, naqillərdə yerli qızışma, qığılcımlanma və qısaqapanma baş verməsin. 

Hər bir depoda yanğın baş verəcəyi hallar üçün hərəkət qatarlarının təxliyə planı tərtib olunmalıdır, xidmət heyəti həmin planı praktik tətbiqlə ildə ən azı bir dəfə öyrənməlidir. 

Təsərrüfat qatarlarının, drezinlərin və digər texnikanın təmiri bu məqsədlə xüsusi ayrılmış yerlərdə və avadanlıqlarda yerinə yetirilməlidir.

Hesabdan silinmiş vaqonların bir qayda olaraq, istehsalat-məişət ehtiyacları üçün istifadə edilməsinə yol verilə bilməz. Müstəsna hallarda, metropoliten rəisinin icazəsi ilə, ilkin yanğınsöndürmə vasitələri ilə təmin olunmaqla, yanğın təhlükəsizliyinə tam cavab verməklə və digər tələblərə əməl etmək şərtilə inventar parkından  çıxarılan vaqonların istehsalat-məişət ehtiyacları üçün istifadə olunmasına yol verilə bilər. Həmin vaqonların saxlanılması yeri Dövlət Yanğın Nəzarəti orqanları ilə razılaşdırılmalıdır.

Hərəkət qatarlarının təmiri zamanı yalnız elektrik deposu rəisinin əmri ilə icazə verilmiş yerlərdə odlu və oddan təhlükəli işlər yerinə yetirilə bilər.

Xətdə olan elektrik qatarlarında yanğın təhlükəsizliyinə görə məsuliyyət qatar maşınistinin üzərinə düşür. Texniki baxımdan saz və yanğınsöndürmə vasitələri ilə komplektləşdirilmiş elektrik qatarlarının xəttə buraxılmasının təmin edilməsinə görə məsuliyyət kompleks briqadasının ustasının üzərinə düşür.

Xəttə çıxmazdan əvvəl qatarın texniki baxımdan yoxlanılması zamanı elektrik avadanlığının sazlığı, isitmə sistemi, qatarın təmizliyi, ilkin yanğınsöndürmə və ikitərəfli  «sərnişin-maşınist» rabitəsinin mövcudluğu və sazlığı yoxlanılmalıdır. Aşkara çıxarılan pozuntular aradan qaldırılana qədər qatarın xəttə buraxılması qadağandır. 

Dartı mühərriklərinin giriş (yaxud çıxış) ucluqlarını mexaniki zədələnmələrdən mühafizə etmək üçün nəzərdə tutulan üzlüklər yanmayan materialdan olmalıdır.

Elektrik qatarları maşınistlərinin kabinəlarındə yanmayan materiallardan düzəldilmiş külqabılar olmalıdır. Külqabılar bərkidilməli və qapaqla bağlanmalıdır. 

Maşınist kabinəlarındə qurulmuş elektrik qızdırıcı sobaları yaxşı bərkidilməli və onların müstəqil elektrik mühafizəsi olmalıdır. Sobaların üstündə və yaxınlığında yanan materialların yerləşdirilməsinə yol verilə bilməz.

Hərəkət qatarının elektrik avadanlığının müəyyən olunmuş nümunə üzrə etibarlı mühafizəsi olmalıdır. Hər cür qoruyucu qurğular nominal cərəyanı göstərilməklə nişanlanmalıdır.

Depoda, stansiyalarda və tunellərdə gecə əyləmələri zamanı elektrik qatarlarından fəhlələrin istirahəti üçün istifadə olunmasına yol verilməməlidir.

Vaqonların sürülüb yoxlanılması zamanı sumbatalı tormoz qəlibləri tətbiq edilərkən, yaxud bandajlar cilalanarkən təmir briqadaları vaqonaltı avadanlıqları yanan çöküntülərdən diqqətlə təmizləməlidirlər.

Metropoliten xətlərinin açıq sahələrində işləyən vaqonlarda qış vaxtı ventilyasiya qutularını yanan materiallarla qapamağa icazə verilmir.

Hərəkət qatarlarının yoxlanılması üçün daşınan işıqlandırma vasitələrinin gərginliyi 36 V-dan çox olmamalıdır. Lampalar mexaniki zədələnmədən mühafizə edilməli və mühafizə qapağı ilə təmin olunmalıdır.  

Metropoliten işçilərinə, sərnişinlərə yanğın xəbərinin, məlumatların verilməsi üçün istifadə edilə bilən bütün rabitə və xəbərdarlıq vasitələri (o cümlədən meqafonlar), habelə binalardakı, tikililərdəki, hərəkət qatarlarındakı, işarəvermə, yanğınsöndürmə və yanğından mühafizə vasitələri daim saz vəziyyətdə saxlanılmalı və akt tərtib edilməklə mütəmadi (normativ sənədlərə müvafiq olaraq) yoxlanılmalıdır. Günün hər hansı bir vaxtında onlardan istifadə etmək imkanı təmin olunmalıdır.

Bütün rabitə vasitələrinin yanında yanğın işarələrinin verilməsi və yanğınsöndürmə dəstələrinin çağırılması qaydaları barədə lövhəciklər asılmalıdır. Stansiya növbətçisinin (HSM) otağında qoyulmuş yanğınxəbərverici işarəni qəbul edən cihaza gələn səs cihazı (cihaz işə düşən zaman) stansiyanın platformasında dublyaj (təkrar) olunmalıdır. Nasaz yanğınxəbərverici cihazların və telefon aparatlarının üzərində «İşləmir» sözü yazılmış lövhəcik asılmalıdır. Hər bir stansiyada və stansiya növbətçisinin otağında saz meqafon olmalıdır.

Metropolitenin bütün obyektləri və hərəkət qatarları müəyyən olunmuş normalara uyğun surətdə ilkin yanğınsöndürmə vasitələri ilə təmin edilməlidir.

Yanğınsöndürmə sistemlərinin söndürülməsi ilə bağlı bütün təmir işləri barədə və yanğın xəbəri haqqında metropolitenin yanğından mühafizə şöbəsinə, obyekt rəhbərinə, stansiya növbətçisinə, növbətçi dispetçerlərə və qatar dispetçerinə məlumat verilməlidir.

Əgər su kəməri lazımi miqdarda su verilməsini və daxili su kəmərlərindəki yanğınsöndürmə kranlarında tələb olunan təzyiqi təmin edə bilmirsə, o zaman təzyiqartırıcı nasoslar quraşdırılır ki, həmin nasoslar da yanğınsöndürmə kranlarının yaxınlığında quraşdırılmış düyməciklər vasitəsilə işə salınır. Stansiyanın başlanğıc və sonunda yerləşən siyirtmələrin bağlanması yolu ilə stansiyanın su şəbəkəsinin tunel sahəsindən ayrılmasına bir qayda olaraq yol verilmir. Yalnız qəza hallarında, müvəqqəti olaraq, siyirtmələrin axın istiqamətinin dəyişdirilməsinə icazə verilir.

Metropoliten obyektlərinin daxili su kəməri şəbəkəsinin suvermə sınaq metodikasına uyğun surətdə, daxili yanğınsöndürmə su kəməri istismara verildiyi zaman, o cümlədən təmirdən sonra, daha sonralar isə, ən azı beş ildə  bir dəfə elektromexanika xidmətinin işçiləri tərəfindən sınaqdan çıxarılmalıdır.

Təzyiqartırıcı nasosların olduğu nasos stansiyası otağında daxili su kəmərinin sxemləri və yanğınsöndürmə nasoslarının işə salınması qaydası haqqında təlimat divardan asılmalıdır. Yanğınsöndürmə nasosları qırmızı rənglə rənglənməlidir.                     

Normalara müvafiq qaydada metropoliten obyektləri avtomatik yanğınxəbərverici  və avtomatik yanğınsöndürmə sistemləri ilə təmin olunmalıdır.      

Yanğın hidrantlarının və sututarlarının  yanında işıqlanan göstəriciləri olmalıdır. Su mənbələrinin ətrafının kənar əşyalarla tutulmasına yol verilməməlidir. 

Yanğınsöndürən avtomobillərin metropolitenin obyektlərinə sərbəst yaxınlaşmasını təmin edən yolların, yaxud keçidlərin bağlanılması, həmçinin yanğın hidrantlarının və sututarlarının nasazlığı barədə yanğından muhafizə şöbəsinə məlumat verilməlidir. 

Hər stansiyada yanğın zamanı hər işçinin vəzifələrini müəyyən edən təlimat, həmçinin yanğın baş verdikdə adamlara xəbərdarlıq etmək qaydaları olmalıdır.

Yanğın baş verdikdə metropolitenin müdiriyyətinin və yanğından mühafizə xidmətinin əsas fəaliyyəti ilk növbədə adamların təhlükəsiz surətdə təxliyə olunmasının təmin edilməsinə yönəldilməlidir. 

Yanğın, alışma və ya tüstülənmə aşkar etmiş hər bir metropoliten işçisinin vəzifəsidir ki, FHN-in “112” qaynar xəttinə, yaxud «101» telefonu ilə şəhərin yanğından mühafizə xidmətinə təcili məlumat versin; yanğın barədə metropolitenin yanğından mühafizə şöbəsini məlumatlandırsın (yanğın metropolitenin yeraltı tikililərində baş verdikdə isə həm də qatar dispetçerinə məlumat vermək), adamlara xəbər versin, onların və əmlakın təxliyəsi üçün tədbirlər görsün, eyni zamanda obyektdə mövcud olan yanğınsöndürmə vasitələri ilə (odsöndürən, daxili yanğınsöndürmə kranı, stasionar yanğınsöndürmə qurğusu və s.) yanğının söndürülməsinə başlasın, çağırılan yanğınsöndürmə bölmələrinin qarşılanmasını və onların yanğın yerinə ötürülməsini təşkil etsin.

Yanğın qatarda, tuneldə, yaxud stansiyada baş verdikdə lokomotiv briqadası (maşınist) öz hərəkətlərində xüsusi hallarda briqadanın hərəkətlərini müəyyən edən təlimatı rəhbər tutmalıdır.

Rövşən Bəkirov,
FHN-in Dövlət Yanğın Nəzarəti Xidmətinin Yanğına 
qarşı təbliğat şöbəsinin böyük təlimatçısı

Paylaş: