Mehmanxanalarda yanğın təhlükəsizliyi qaydalarının tələblərinə əməl olunmalıdır
Mülkiyyət formasından asılı olmayaraq bütün obyektlərdə olduğu kimi mehmanxanalarda və mehmanxana tipli obyektlərdə də binaların, qurğu və otaqların yanğın təhlükəsizliyinin yüksək səviyyədə təmin olunmasında məsuliyyət bu müəssisələrin rəhbərlərinin üzərinə düşür. Mehmanxanaların və mehmanxana tipli obyektlərin müvafiq vəzifəli şəxsləri, eləcə də mühəndis-texniki xidmətləri binaların avtomatik yanğınsöndürmə, tüstü xaric edən və yanğına qarşı su təchizatının texniki vəziyyətinə görə məsuliyyət daşıyırlar. Yanğın təhlükəsizliyinə cavabdeh olan fəhlə, qulluqçu, eləcə də mühəndis-texniki işçilər "Fərdi qarajlar, mehmanxana, yataqxana, yaşayış evləri və inzibati binalar üçün yanğın təhlükəsizliyi Qaydaları"nı bilməli, bu qaydaların tələblərinə əməl etməlidirlər.
Mehmanxana və mehmanxana tipli obyektlərin hər bir korpusunda, mərtəbəsində yanğına qarşı vəziyyətə cavabdehliyi mehmanxana rəhbərinin əmri ilə bu funksiyanın yerinə yetirilməsi üçün təyin edilmiş mərtəbə üzrə növbətçilər, xidmət rəisləri və digər vəzifəli şəxslər daşıyırlar. Bu şəxslər onlara həvalə edilən sahələrdə yanğına qarşı rejimə, köçürmə yollarının vəziyyətinə nəzarət etməli, yanğınsöndürmə vasitələrini, rabitə və xəbərverici qurğuları daim işlək və hazır vəziyyətdə saxlamalı, mehmanxananın ilkin odsöndürücü balonlarla təmin olunmasına nəzarət etməli, gələn hər bir şəxsi yanğın təhlükəsizliyi qaydalarının əsas tələbləri ilə tanış etməlidirlər.
Mehmanxana və mehmanxana tipli obyektlərin baş mühəndisləri elektrik qurğularının, kondisionerlərin, isitmə və havadəyişmə qurğularının istismarı zamanı yanğın təhlükəsizliyi qaydalarına riayət olunmasına gündəlik nəzarət etməli və hər hansı bir yanğının baş verməsinə səbəb ola bilən nöqsanların aradan qaldırılması üçün təxirəsalınmaz tədbirləri həyata keçirməlidirlər. Bununla yanaşı yanğınsöndürmə qurğularına vaxtlı-vaxtında texniki xidmətin göstərilməsinin təşkil edilməsi, yanğın texniki komissiyaya rəhbərlik edilməsi, ildə iki dəfədən az olmayaraq binanın, mühəndis qurğularının yanğın təhlükəsizliyinin və yanğına qarşı müdafiə sistemlərinin vəziyyətlərinin yoxlanılması üçün komissiya təşkil edilməsi də mehmanxanaların baş mühəndislərinin üzərinə düşən vəzifələrdəndir.
Mehmanxanalarda və mehmanxana tipli obyektlərin yanğın təhlükəsizliyinin təmin olunması üçün əsas tələblərin bir qismi ərazinin saxlanması ilə bağlıdır. Belə ki, mehmanxanaların və mehmanxana tipli obyektlərin həyətyanı sahələri yanan materiallardan daim təmizlənməlidir. Yana bilən tullantılar xüsusi meydançalarda quraşdırılmış konteynerlərə yığılmalı və vaxtında daşınıb aparılmalıdır. Bütün bina və qurğulara sərbəst yaxınlaşma təmin edilməlidir. Yol örtüyünün vəziyyəti xüsusi avtonəqliyyat vasitələrinin binalara sərbəst yaxınlaşmasına maneə törətməməlidir. Yanğına qarşı su hovuzuna və binalara gedən giriş-çıxış yollarına, həmçinin yanğın qurğularına və vasitələrinə sərbəst yaxınlaşma təmin edilməlidir. Yaxınlıqda olan yanğına qarşı su hovuzlarının yerləşdiyi yeri göstərən standart göstəricilər binaların fasad hissəsində, xüsusi dirəklərdə yerləşdirilməlidir. Yanğın su mənbələrinin göstəriciləri rənglənməli və su mənbəyinin ünvanı aydın və dəqiq rəqəmlərlə göstərilməlidir. Günün gecə vaxtlarında göstərici etibarlı işıqlandırıcılarla işıqlandırılmalıdır.
Mehmanxanalarda və mehmanxana tipli obyektlərdə köçürmə (təxliyə) yollarının konstruktiv elementlərinin odadavamlı örtüyü və ya onların üzərinə çəkilmiş suvağın müdafiə qatı istismara hazır vəziyyətdə saxlanılmalı, pilləkən qəfəslərində quraşdırılmış elektrik şitləri etibarlı açarlarla bağlanmalıdır. Binaların çardaqları daima təmiz olmalı, texniki mərtəbələrin və çardaqların pəncərələri şüşələnməli, daima bağlı olmalıdır. Çardaqların, texniki mərtəbələrin, zirzəmilərin, yanğına qarşı divarların və havadəyişmə kameralarının qapıları da daima bağlı vəziyyətdə olmalıdır. Binaların çardaqlarında yanar materialların və əşyaların saxlanılması qəti qadağandır. Binaların zirzəmiləri daima bağlı saxlanılaraq açarlar nəzarət otağında və yaxud komendantda olmalıdır. Zirzəmilərin və texniki mərtəbələrin girişində, onların plan sxemləri asılmalıdır. Mehmanxanalarda pilləkən qəfəslərində, dəhlizlərdə layihə ilə nəzərdə tutulmuş yanğına qarşı qapıların çıxarılması, eləcə də yanğına və tüstüyə qarşı arakəsmələrin sökülməsi, açıq alovdan istifadə etməklə istilik, su və kanalizasiya borularının qızdırılması, zirzəmilərdə, dəhlizlərdə, pilləkən qəfəslərində, çardaqlarda və eyvanlarda tez alışan və yanan mayelərin saxlanılması yanğın təhlükəsizliyi qaydalarının tələblərinə ziddir.
Mehmanxanaların və mehmanxana tipli obyektlərin pəncərələrində dəmir barmaqlıqların quraşdırılması, texniki mərtəbələrin, texniki zirzəmilərin, havadəyişmə kameralarının təyinatı üzrə istifadə edilməməsi və onlarda yanar materialların saxlanılması, döşəmələrin və paltarların yuyulmasında tez alışan mayelərdən istifadə olunması, mehmanxana otaqlarını, eləcə də inzibati binaları tərk edərkən televizor, maqnitafon və digər məişət elektrik qurğularının cərəyan altında saxlanılması qadağandır. Mühəndis-texniki xidmət növü olmayan mehmanxana rəhbərləri istismar etdikləri elektrik qurğu və şəbəkələrə texniki qulluq göstərilməsini müqavilə yolu ilə xüsusiləşdirilmiş təşkilatlar tərəfindən həyata keçirməlidirlər. Mehmanxanalarda və mehmanxana tipli obyektlərdə elektrik qurğularının və şəbəkələrinin istismarına cavabdeh şəxslər elektrik avadanlıqlarına, müdafiə aparatlarına və elektrik şəbəkələrinə vaxtlı-vaxtında profilaktiki baxışların, eləcə də planlaşdırılmış təmirlərin keçirilməsini təmin edərək yanğın törədə bilən pozuntuların aradan qaldırılmasını, qısaqapanmadan, artıq yüklənmələrdən və s. pozuntulardan mühafizə aparatlarının saz olmasına müntəzəm olaraq nəzarət edilməsini təmin etməlidirlər. Mehmanxanalarda müvəqqəti elektrik şəbəkələrinin qurulması və istismarı qadağandır. Elektrik şəbəkələrinin və qurğularının istismarı zamanı üst örtüyü zədələnmiş elektrik naqilindən istifadə etmək, elektrik şəbəkələrinin qorunması üçün nəzərdə tutulmuş avtomat qoruyucuları dövlət standartına uyğun olmayan qoruyucularla əvəz etmək, mehmanxana nömrələrində və inzibati binaların otaqlarında müxtəlif elektrik qızdırıcı cihazlarından (su qaynadan, elektrik ütüləri və s.) istifadə etməyə icazə verilmir.
Mehmanxanalarda paltarın ütülənməsi, su və qidanın qızdırılması üçün xüsusi otaqlar ayrılmalı, bina və otaqların köçürmə (təxliyə) yollarının işıqlandırıcıları daim işlək vəziyyətdə olmalıdır.
Mehmanxanaların və mehmanxana tipli obyektlərin mühəndis-texniki əməkdaşları qızdırıcı sistemlərin, havadəyişmə qurğularının, sobaların və digər qızdırıcı qurğuların təhlükəsiz istismarını, eləcə də yanğın törədə bilən pozuntuların aradan qaldırılmasını təmin etməyə borcludurlar. Havadəyişmə sistemlərinin istismarı zamanı havadəyişmə kanallarından tüstü bacası kimi istifadə etmək, qaz qızdırıcı qurğularını onlara qoşmaq, havadəyişmə kameralarında kənar əşyalar saxlamaq qadağandır.
Mehmanxanalarda və mehmanxana tipli obyektlərdə fəaliyyət göstərən mətbəxlərdə sorucu çətirləri, mətbəx qurğularının boru kəmərlərinin çölə açılan bacaları, ventilyatorun qanadları və gövdəsi vaxtaşırı təmizlənməli, onların çirklənməsinin qarşısı alınmalıdır. Tüstüdən müdafiə sistemi, yanğın avtomatika qurğuları, qəza işıqlandırıcıları, yanğına qarşı daxili su kəməri, qəza lifti müntəzəm yoxlanmalı və işlək vəziyyətdə saxlanılmalıdır.
Mehmanxanaların dispetçer məntəqələrində olan yanğına qarşı müdafiə cihazları və idarəetmə qurğuları xidmətə başlayan növbətçi heyət tərəfindən daima işlək vəziyyətdə saxlanılmalı və hər növbə vaxtı yoxlanmalıdır. Mehmanxanaların yanğına qarşı su təchizatı və tüstüyə qarşı müdafiə sistemləri, otaqlarda və köçürmə yollarında quraşdırılan avtomatik yanğınxəbərverici siqnalizasiya sistemlərinə qoşulmalı və daima işlək vəziyyətdə saxlanılmalıdır. Avtomatik yanğınsöndürmə və yanğın siqnalizasiya qurğularına, tüstüyə qarşı müdafiə sisteminə, yanğına qarşı daxili su şəbəkələrinin nasos stansiyasına texniki xidmət ixtisaslı mütəxəssislər tərəfindən həyata keçirilməlidir. Təbii işıqlandırıcısı olmayan köçürmə yolları daim elektrik işığı ilə işıqlandırılmalıdır.
Mehmanxanaların və mehmanxana tipli obyektlərin bütün otaqlarında görülən yerlərdə otağın yerləşmiş olduğu müvafiq mərtəbənin ayrıca köçürülməsi üçün yanğın siqnalizasiya sisteminin və ilkin yanğınsöndürmə vasitələrinin yerləşdirildiyi yerin, köçürmə çıxışlarının və onlara gedən yolların izahedici mətnlə göstərilən sxemli planı, mehmanxanada yaşayan şəxslər tərəfindən riayət olunması məcburi sayılan yanğın təhlükəsizliyi qaydaları və yanğın baş verdiyi halda insanların hərəkəti haqqında yaddaş kitabçaları asılmalı, Fövqəladə Hallar Nazirliyinə məlumat vermək üçün “112” qaynar xəttinin telefon nömrəsi olmalıdır.
Əcnəbi turistlər üçün nəzərdə tutulan mehmanxanalarda yanğın təhlükəsizliyi qaydaları və yanğın vaxtı insanların hərəkəti, davranış qaydaları haqqında yaddaş, həmçinin yaddaş haqqında radio verilişlərinin mətni fransız, alman və ingilis dillərində hazırlanmalıdır.
Yanğın baş verdikdə insanlar dərhal məlumatlandırılmalı, onların təxliyəsi həyata keçirilməlidir. İnsanlar ən yaxın çıxış yolları vasitəsilə binanı tərk etməli, əgər dəhlizdə alov genişlənibsə, eyvana çıxmalıdırlar.
Mehmanxanalarda siqaret çəkilməsinə icazə verilən yerlərdə müvafiq işarələr asılmalıdır. Belə yerlərdə su ilə təchiz olunan yanmayan materiallardan olan külqabı qoyulmalıdır. Külqabı bağlanan qapaqla təchiz olunmalıdır.
Mehmanxana kompleksinin bar və restoranlarında, diskoteka otaqlarında sintetik yanar materiallardan dekorasiya və digər təyinatlar üçün istifadə edilməsi qadağan olunur. Mehmanxanalarda kütləvi tədbirlərin keçirilməsi nəzərdə tutulan otaqlarda, bayramların, konsertlərin, kinoseansların, yeni il şənliklərinin keçirildiyi yerlərdə yanğın təhlükəsizliyi qaydalarının bütün tələblərinə riayət olunmalıdır.
FHN-in Dövlət Yanğın Nəzarəti
Xidmətinin Yanğına qarşı təbliğat şöbəsi
Yanğınsöndürənlərin peşə fəaliyyətində...
Anbar və bazalar üçün yanğın...
Payız-qış mövsümündə yanğın...
Fövqəladə hal nədir?...
Müasir dövrün aktual problemlərindən...