Mərkəzi istilik sistemi ilə təmin edilməyən mənzillərin qızdırılması zamanı yanğın təhlükəsizliyi qaydalarına ciddi əməl olunmalıdır
Artıq havalar soyuyub. Necə deyərlər, qış qapını kəsib. Azərbaycanda noyabr-mart ayları ənənəvi olaraq ən soyuq dövr olduğundan, məhz bu aylarda mənzillərin isidilməsi əhalinin əsas qayğılarından biridir. Bu qayğının aradan qaldırılmasında “Azəristiliktəchizat” ASC əsas rol oynayır. Bu qurum Bakı şəhəri və respublikamızın regionlarında payız-qış mövsümündə çoxmərtəbəli binaların mərkəzləşdirilmiş qaydada dayanıqlı və etibarlı istilik təchizatı ilə təmin edilməsini həyata keçirir.
Mərkəzləşdirilmiş istilik sisteminin üstünlüyü – təhlükəsizlikdir. Qazanxanaların əksəriyyəti istənilən yanacaqla işləyə bilər ki, bu da həm mənzillərin, həm də sistemin təhlükəsizliyini təmin edir.
Mərkəzləşdirilmiş istilik sisteminin digər üstünlüyü odur ki, mənzilin daxilində quraşdırma işlərini aparmağa ehtiyac yoxdur. Mövcud vəziyyətdə evdə istilik sisteminin quraşdırılması bir neçə min manat tələb edir ki, bu da çoxları üçün kifayət qədər böyük maliyyə itkisi deməkdir.
Ən nəhayət, evdə quraşdırılan fərdi istilik sistemindən fərqli olaraq mərkəzləşdirilmiş istilik sistemi ekoloji cəhətdən təmizdir və mənzildə zərərli məhsulların yaranmasını istisna edir.
Sadalananları yekunlaşdıraraq qeyd etmək lazımdır ki, mərkəzləşdirilmiş istilik sistemi qənaətcil, təhlükəsiz və iqtisadi cəhətdən daha sərfəli bir sistemdir. Xarici ölkələrin və Azərbaycanın təcrübəsi göstərir ki, mərkəzləşdirilmiş istilik sistemi çoxmənzilli evlərin isidilməsi zamanı istifadə olunan ən təkmil qurğulardan biridir.
Lakin çox təəssüf ki, bu gün paytaxtda və respublikanın bəzi yerlərində elə binalar var ki, əvvəllər istilik sistemi olsa da, indi sistem işlək halda deyil. Buna səbəb isə həmin binalara ötən əsrin 90-cı illərində istiliyin verilməsinin dayandırılması zamanı boruların mənzillərdə kəsilməsi, binaların zirzəmisində müxtəlif iaşə obyektlərinin fəaliyyət göstərməsi, yəni həmin iaşə obyekti tikilərkən zirzəmidən keçən istilik borularının sökülüb atılmasıdır. Ona görə də bu gün bəzi binalarda mənzillərin qızdırılması zamanı insanlar alternativ variantlara əl atırlar. Əsasən isə güc qızdırıcı radiatorlara verilir ki, bu da kifayət qədər elektrik enerjisi sərfiyyatı və yanğın təhlükəsi deməkdir.
Həyət evlərində istilik təchizatı fərdi qaydada həyata keçirilir. Bu zaman əsasən “Kombi”sistemindən və qaz sobalarından istifadə edilir.
Yanğınların statistikası göstərir ki, soyuq qış aylarında fərdi qaydada evlərin isidilməsi zamanı çox vaxt yanğın təhlükəsizliyi qaydalarına əməl edilmir. Belə ki, şaxtalı havalarda istilik borularının donmaması məqsədilə bəzən “Kombi”lər evin içərisində, mətbəxdə quraşdırılır. Bu isə “Kombi” xarab olduqda, yaxud küləkli havada yanmış qazın içəriyə dolması səbəbindən partlayışa, yanğına, dəm qazından zəhərlənməyə səbəb ola bilir. Yaxud qaz sobalarının nasaz olması, nəzarətsiz, gecə yana-yana qalması yanğına, insan tələfatına gətirib çıxarır.
Son illərin statistik rəqəmləri qışda kənd yaşayış məntəqələrində daha çox yanğınların baş verdiyini göstərir. Bu da kənd evlərinin isidilməsi üçün qaz sobalarından, elektrik plitələrindən, qızdırıcı radiatorlardan istifadə zamanı yanğın təhlükəsizliyi tələblərinə riayət edilməməsi səbəbindən baş verir.
Gəlin yanğın təhlükəsizliyi qaydalarına əməl edək ki, evimiz isti olsun...
Rövşən Bəkirov
Dövlət Yanğın Nəzarəti Xidmətinin Yanğına
qarşı təbliğat şöbəsinin böyük təlimatçısı
Yanğınsöndürənlərin peşə fəaliyyətində...
Anbar və bazalar üçün yanğın...
Payız-qış mövsümündə yanğın...
Fövqəladə hal nədir?...
Müasir dövrün aktual problemlərindən...