Mənzildə təhlükəsizlik tədbirləri
Mətbəx-mənzilinizdə uşaqlar üçün ən çox təhlükə yaradan yerlərdən biridir. Travmalar, yanıqlar, zəhərlənmələr adətən mətbəxdə baş verir. Uşaqları belə hallardan qurtarmaq üçün isə ilk növbədə bir sıra qaydalara riayət etmək lazımdır.
Belə ki, plitə üzərində qazanları elə qoymaq lazımdır ki, onlardan ən böyüyü plitənin qırağından maksimum aralı olsun. Qaynama prosesini diqqətlə izləyin ki, qazandan tökülən maye konforun odunu söndürməsin. Yağlı mayelərə gəlincə isə, onlar özü-özünə alışa bilər.
Uşaqlar qaz açarları ilə oynamağı sevirlər, bu səbəbdən diqqətli olun. Ümumiyyətlə, uşaqların plitə ilə oynamasına yol verməyin.
Məişət kimyəvi vasitələr də (boya, skipidar, benzin, texniki yağlar) uşaqlar üçün potensial təhlükədir. Onlar ağzı açarla bağlı, uşaqların əli çatmadığı bir yerdə saxlanılmalıdır. Heç vaxt bu vasitələri mətbəxdə çanağın altına və ya asan əl çatan bir yerə qoymayın.
İnsektisidlərin (zərərverici həşəratı qırmaq üçün kimyəvi maddələr, zəhərlər) və herbisidlərin saxlanmasına xüsusi diqqət yetirin. İçində benzin, ləkə təmizləyən, digər vasitələr olan butulkalarla ehtiyatlı olun, onları oda yaxın qoymayın. Belə ki, onlar öz-özünə alışa bilərlər.
Eyni ehtiyat tədbirləri dərmanlara da aid edilməlidir. Uşaqlar zəhərli maddələrə qarşı çox həssasdırlar. Orta səviyyədə dərman qəbulu belə onların ağır zəhərlənməsinə səbəb ola bilər.
Xüsusi olaraq bıçaq, qayçı və digər kəsici, deşici predmetlər olan yeşik və siyirmələrə diqqət yetirin. Müəyyən yaşa çatdıqdan sonra isə həmin predmetlərin təhlükəlilik dərəcəsini və istifadə qaydasını uşaqlara başa salın.
Mikser, kofe üyüdən, ətçəkən və s. elektrik vasitələrini rozetkaya qoşulu vəziyyətdə saxlamayın.
Uşaqlar vaxtının çox hissəsini qonaq otağında keçirirlər. Burada da onlara təhlükə yaradan hallara diqqət yetirmək lazımdır. Məsələn, mebeldən tezsınan və təhlükə yarada bilən şüşə və ya çini predmetləri yığışdırın. Uşaqlara həmişə nəyisə qadağan etmək yaxşı deyil. Onların normal böyüməsi üçün hərəkətlərinə müəyyən dərəcə azadlıq vermək lazımdır. Bu zaman isə valideynlər bir sıra təhlükəsizlik tədbirlərinə xüsusi diqqət yetirməlidirlər.
Alkoqol, siqaret, alışqan, kibrit kimi vasitələri uşaqlardan uzaq bir yerdə saxlayın. Qəpik, şpilka, sancaq, meyvə çəyirdəkləri, mismar, şurup kimi vasitələri də əlçatmaz bir yerdə saxlayın ki, uşaqlar onları uda, rozetkaya taxa, ağızlarına və ya burunlarına sala bilərlər.
Bəzi otaq və ya bağ bitkiləri zəhərlidir, bu səbəbdən onları uşaqlardan uzaq bir yerdə saxlayın.
Uşaqların oynadığı terras və eyvanların yaxşı çəpərləndiyinə diqqət yetirin.
Bəzən oyuncaqlar da uşaqlar üçün təhlükə mənbəyi ola bilər. Qırılmış oyuncaqların çox vaxt iti kənarları olur. Onları atın. Uşaqlara təhlükəli oyuncaqlar verməyin. Oyuncaq silahlar, güllələr, pistonlar, yay, ox, quşatan kimi vasitələr həm uşaqlar üçün, həm də ətrafdakılar üçün təhlükəli ola bilər. Oyuncaqlar aşağı rəflərdə yerləşdirilməlidir ki, uşaqlar onlarla oynamaq üçün yuxarıya çıxmalı olmasın.
Bəzən olur ki, uşaq çarpayıdan durur və aşaraq, yerə düşür. Bunun üçün çarpayının çəpərinin hündürlüyü heç olmazsa 50-60 sm olmalı, çarpayının kənarlarındakı çubuqlar arasındakı məsafələr isə 7 sm-i keçməməlidir.
Otaq qapılarında açar saxlamayın. Belə ki, uşaqlar onu bağlayaraq qapı arxasında qala bilərlər.
Yanğınsöndürənlərin peşə fəaliyyətində...
Anbar və bazalar üçün yanğın...
Payız-qış mövsümündə yanğın...
Fövqəladə hal nədir?...
Müasir dövrün aktual problemlərindən...