22 noyabr 2024, cümə Bakı, 14°C
IMG-LOGO

Mənzildə elektrik.Təhlükəlidirmi?

03-01-2024

Biz evlərimizdə elektrikə o dərəcədə vərdiş etmişik ki, həyatımızı, rifahımızı onsuz təsəvvür edə bilmirik. Elektrikin kəsilməsi nəticəsində yaranan problemləri hamımız hiss etmişik. Enerji təminatı sistemində baş verən qəzalar nəticəsində ümumi meqapolis həcmində yaşanacaq problemləri gözümüzün önünə gətirsək elektrikin nə dərəcədə əhəmiyyət daşıdığını görərik.

Məişətdə istifadə etdiyimiz, həyatımızı, yaşayışımızı asanlaşdıran elektrik cihazlarının adlarını sadalasaq bir necə səhifə bizə yetməz. Bütün bu cihazlar 220 volt gərginliklə işləyir. Bu gərginlik isə “aşağıvoltajlı” olub təhlükəsiz hesab olunur. Amma bu belə deyil. Məişət texnikası ilə düzgün davranmadıqda yalnız mənzilə deyil, bütövlükdə binaya zərər verə biləcək ekstremal hadisələr baş verə bilər.

Nəzarətsiz və işlək şəkildə olan hər bir elektrik cihazı, hətta adi bir elektrik lampası da yanğına səbəb ola bilər. Nəzarətsiz istismar edilə bilən elektrik cihazlarının (soyuducular, şəxsi elektron-hesablayıcı maşınlar, faks və modemlər) sayı çox məhduddur. Elektrik cihazları aldıqda onların keyfiyyət sertifikatı və istehsalçısı ilə maraqlanmaqdan çəkinməyin. Əldən alınan və əldəqayırma mallar-yanğınla nəticələnən fövqəladə hal mənbəyidir.

Elektrikin insana təsiri cərəyanın gücündən, onun insanla “təmas” müddəti və şəraitindən və insan orqanizminin fərdi xüsusiyyətlərindən asılıdır. İnsan yerlə birləşən cisimlə birlikdə izolyasiya olunmamış ötürücüyə toxunduqda ölümcül təhlükəli hadisələr yaşana bilər.

Bu cür hallar baş verdikdə insanda xoşagəlməz hissiyat, yanıqlar, qıcolma, hüşünü itirmə, tənəffüsün dayanması baş verə və ölümlə nəticələnməyə gətirib çıxara bilər. Cərəyanın gücü 10-15 milliamper olduqda insan elektrik xəttindən sərbəst aralana bilmir. Məişətdə istifadə etdiyimiz elektrik cərəyanının gücünün 5-10 amper olduğunu nəzərə alsaq bunun nə dərəcədə təhlükəli olduğunu anlayarıq.

Bu cür təhlükədən qacmaq üçün nə etməliyik? Hər şeydən öncə təhlükəsizlik qaydalarına və təlimatlara əməl etməliyik:

– Əgər siz lampanı dəyişirsinizsə,soyuducunu və ya elektrik qızdırıcısını yuyursunuzsa cihazı elektrik xəttindən ayırın.

– Elektrik açarını mümkün olduğu qədər su çanağı, vannadan uzaqda qoyun. Elektrik cihazına nəm əllə toxunmayın.

– Naqildən yapışaraq cihazı elektrik açarından ayırmayın: belə olduqda gec və ya tez o zədələnəcək.

– Elektrik cihazlarını başdansovdu təmir etməyin, elektrik açarlarına  izolyasiya lenti dolamayın. Bunu etdikdə belə onu vaxtında dəyişin.

– Bir rozetkaya bir neçə cihaz qoşmayın, bu qısaqapanmaya səbəb ola bilər.

– Nəzarət edin ki, elektrik cihazlarının naqilləri mebelin, qapının, pəncərə çərçivələrinin arasında qalıb əzilməsin, qaz borularına və qızdırıcı sistemə toxunmasın.

-Əgər siz bağ evinə elektrik xətti çəkirsinizsə, çalışın ötürücü xətt ağacların düşmə ehtimalı olan yerlərdən keçməsin.

Bu sadə qaydaların pozulması nəinki insan üçün təhlükəli, letal nəticələrə gətirib çıxara, həm də bütün mənzili əhatə edə biləcək yanğına səbəb ola bilər.

Elektriklə zədələnmə halları olduqda nə etmək lazımdır?

Gecikmədən ilk növbədə zərərçəkmişi elektrik cərəyanından aralamaq lazımdır. Bunun üçün mənzilə gələn xətti ayırmaq lazımdır. Bu mümkün olmadıqda əlinizə quru paltar sarıyaraq zərərçəkmişin paltarından tutub onu xətdən aralamaq lazımdır.

Əgər zərərçəkmişin huşu özündədirsə onu döşəməyə uzadıb ayaqlarını 25-30 sm yuxarı qaldırın. Huşsuz vəziyyətdə olduqda isə onu üfiqi vəziyyətdə arxası üstə sərt bir cismin üzərinə uzadın. Bütün pəncərə və qapıları açın (zərərçəkmişə təmiz hava lazımdır), ona naşatır spirti iylədin. Zərərçəkmişin ürək fəaliyyəti və tənəffüsü dayanıbsa ona təcili süni tənəffüs verin, ürəyin qapalı masajını edin və dərhal onu həkimə çatdırın.

Çalışın eyni vaxtda bir neçə işi görməyin. Məsələn, başınız qaz plitəsinin yanında yemək qarışdırmaqla məşğuldursa, digər otaqda isə cərəyana birləşdirilmiş ütü yaddan çıxaraq alışa bilər. Siz bundan xəbərsiz olarsınız, xüsusilə ütünün istilik tənzimləyicisi pis işləyirsə bunun hansı nəticələrə gətirib çıxara biləcəyini təsəvvür edin. Ümumiyyətlə, texnikaya o qədər də bel bağlamayın, unutmayın ki, heç bir elektrik cihazı, hətta ən müasir  cihaz  belə 100% əminli ola bilməz. Bu cihazın yaxınlığında tez alışan material varsa, yanğın qaçılmaz olur.

Paylaş: