22 noyabr 2024, cümə Bakı, 14°C
IMG-LOGO

Maliyyə savadlılığı  

12-02-2024

İnsanın fərd kimi inkişafı və uğurunun təməlində sağlamlıq durur. Fiziki və intellektual sağlamlıqla yanaşı, maliyyə sağlamlığı da rasional qərar qəbuletmə üçün əhəmiyyətli faktorlardan biridir. Maliyyə sağlamlığı bütünlükdə cəmiyyət üçün olduqca vacibdir

İnsan maliyyə cəhətdən necə sağlam ola bilər?

Fhnews.az Mərki Bankın saytına istinadən xəbər verir ki, bunun üçün artıq kiçik yaşlardan etibarən biz saymağı, hesablamağı, seçim etməyi və qənaətli davranmağı bacarmalıyıq. Bu da sadə maliyyə biliklərinin bünövrəsinin uşaq bağçasından qoyulması zərurətini yaradır.

Məktəblərdə isə bu biliklər daha da təkmilləşdirilir və möhkəmləndirilir. Məktəblilər sadə büdcə planlaması bacarıqlarına yiyələnirlər və bu biliklər ailə üzvlərinin maliyyə qərarlarına arzuolunan töhfə olur.

Maliyyə savadlılığı fərdlərin maliyyə məhsul və xidmətlərini başa düşmək, maliyyə risk və imkanlarını qiymətləndirmək, rasional seçimlər etmək üçün zəruri olan məlumatlılıq səviyyəsi, bilik, bacarıq və davranışlar toplusudur (İƏİT-İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı, 2012). Maliyyə savadlılığını insanlar həyatları boyu qazandıqları üçün bu istiqamətdə inkişaf məktəb təhsili ilə məhdudlaşmır. Fərdlər tələbə, işçi, menecer və ya ailə başçısı kimi daim maliyyə qərarları verməli olurlar. Təbii ki, maliyyə savadlılığı yüksək olan insanlar bu qərarların öhdəsindən asanlıqla gəlir. Yüksək rifah üçün dayanıqlı gəlir əldə etmə, səmərəli xərcləmə və effektiv qənaət vərdişi, eləcə də rasional sərmayə yatırımı bacarığı maliyyə savadlılığının yüksək olduğunu göstərən faktorlardır.

Təcrübə göstərir ki, maliyyə sağlamlığının bu dörd vacib prinsipinə əməl edən istehlakçılar hətta tarixin böyük böhranlarından belə üzü ağ çıxa bilmişdilər.

Bu səbəbdən Azərbaycan Respublikasının Mərkəzi Bankı istehlakçıların maliyyə savadlılığının artırılması və bu yolla onların hüquqlarının müdafiəsi fonunda müxtəlif səpkili tədbirlər həyata keçirir. Bu təbirlərdə əsas hədəf qrupları məktəblilər, tələbələr, müəllimlər, ev təsərrüfatı ilə məşğul olan yaşlı əhali qrupu, kiçik və orta sahibkarlar, insan resursları menecerləri, iqtisadiyyat və bankçılıq üzrə ixtisaslaşan jurnalistlərdir.

Maarifləndirmə məqsədilə qeyd olunan hədəf qruplarına təlim və seminarlar, yay məktəbləri, iş yerlərində tədbirlər təşkil edilir. Bu çərçivədə ictimai aksiyalar, müxtəlif nominasiyalarda müsabiqələr, təbliğat-təşviqat kampaniyaları həyata keçirilmiş, habelə praktiki əhəmiyyəti olan maarfləndirici oyunlar və müxtəlif intellektual resurslar yaradılmışdır.

Sizi də bu təşəbbüslərə qoşulmağa dəvət edirik!

Maliyyə sağlamlığınızın qayğısına birlikdə qalaq!

Paylaş: