Məişətdə yanğın təhlükəsizliyi
Payız-qış mövsümü insanların məişət qayğılarının daha çox artdığı bir dövrdür. Havalar soyuduğundan onlar ilk növbədə mənzillərinin, iş yerlərinin qapı-pəncərəsini bağlayaraq otaqları isitməyə çalışırlar. Doğrudur, son illər Bakıda, respublikamızın digər iri şəhərlərində əksər yaşayış binaları, müəssisələr istiliklə təchiz olunub. Lakin bunu bütün binalara aid etmək olmaz. Ona görə də bəzi yaşayış binalarında, xüsusən kənd evlərində mənzilləri isitmək üçün elektrik və qaz cihazlarından, eləcə də müxtəlif yanacaqla işləyən sobalardan istifadə edirlər. Əlbəttə, bütün bunlar məişət cihazlarından istifadə zamanı yanğın təhlükəsizliyi qaydalarına vətəndaşlar tərəfindən əməl olunmasına daha çox məsuliyyət tələb edir. Yanğınlar od ilə ehtiyatsız davranmanın müxtəlif növlərindən, məişətdə işlədilən elektrik qızdırıcı cihazlarından, həmçinin təbii və mayeləşdirilmiş qaz ilə işlədilən cihazlardan düzgün istifadə edilmədikdə baş verir.
Qış mövsümündə elektrik verilişində bəzi hallarda fasilələr yarandığından mənzilləri işıqlandırmaq məqsədilə şamdan və neft lampasından istifadə edirlər. Bu zaman adi ehtiyat tədbirləri tamamilə unudulur. Bəzən vətəndaşlar tərəfindən mənzillərdə şamdan istifadə edərkən şam yanmayan altlıqlar üzərində deyil, papiros və ya kibrit qutuları üzərində, stolda və ya pəncərə altı taxta üzərində yapışdırılaraq yandırılır, eləcə də onları nəzarətsiz qoyub gedirlər. Bu zaman şam yıxıla bilər, əgər yanmaqda davam edərsə, yanğın onun altındakı yanar konsturuksiyalara keçərək inkişaf edər. Bəzən də şamları istilik nəticəsində parçalana bilən altlıqlar üzərində qoyurlar ki, nəticədə şam yanıb qurtararkən öz altlığını sındıraraq yanğının baş verməsinə səbəb olur. Odur ki. mənzillərdə şamdan istifadə edərkən, onları sabit metal şamdana taxmaq lazımdır.
Elektrik təsərrüfatında yanğınlar əsasən 3 səbəbdən baş verir: artıq yükləmədən, qısaqapanmadan və yüksək keçirici müqavimətdən. Elektrik dövrəsinin artıq yüklənməsi yanğına səbəb olan əsas amillərdən biridir. Belə ki, elektrik xəttindən cəryan keçərkən həmişə hərarət əmələ gəlir. İşlədiləcək məişət elektrik cihazlarının nominal gücünə uyğun müvafiq en kəsikli elektrik naqilləri seçilməlidir. Əks halda elektrik naqili həddən artiq qızaraq naqilin izolyasiyasının keyfiyyətini tədricən itirir, bu da öz növbəsində elektrik təsərrüfatında qəza yaranmasına və yanğın baş verməsinə səbəb olur. Belə hal bir rozetkaya bir neçə elektrik cihazı qoşulduqda da baş verə bilər.
Elektrik təsərrüfatında baş verən yanğınların səbəblərindən biri də qısaqapanmadır. Qısaqapanma izolyasiya olmayan və ya izolyasiyası zədələnmiş naqillərin bir-birinə toxunması nəticəsində baş verir. Bu zaman naqillər o qədər qızır ki, metal damarlar əriyərək qığılcım yaradır. Qısaqapanma baş vermiş hissənin yaxınlığında yana bilən konstruksiyalar dərhal alışır. Elektrik şəbəkəsində yüksək keçirici müqavimətin yaranması nəticəsində baş vermiş yanğınlarla tez-tez rastlaşırıq. Yüksək keçirici müqavimət, naqillərin sonluqlarının birləşdirilməsi xüsusi bərkidicilərlə həyata keçirilmədikdə, həmçinin nasaz elektrik rozetkaları və çəngəllərində olan boşluqlar nəticəsində yaranır. Hər bir vətəndaş bilməlidir ki, qısaqapanma və həddən artıq yüklənmə nəticəsində mənzillərdə baş verəcək yanğınların qarşısını almaq üçün müəyyən yükə hesablanmış əriyən qoruyucu və ya avtomatik açar quraşdırılmalıdır. Qısaqapanma və ya həddən artıq yüklənmə olduqda qoruyucunun əriyən məftili, naqillər təhlükəli temperatura çatmamış qırılır və təhlükənin qarşısı alınır. Əsasən yaşayış evlərində elektrik xətlərinin çəkilişi zamanı vətəndaşlar elektrotexniki norma və qaydaların tələblərini pozurlar. Belə ki, həmin işlərin mütəxəssis elektriklər tərəfindən deyil, özləri və ya digər bu işi bilməyən insanlar tərəfindən çəkilməsinə və qurulmasına yol verirlər. Bu zaman elektrik xətlərinin yanar konstruksiyalar üzərində çəkilməsinə, qoruyucu və avtomatların düzgün olmayan yerlərə bərkidilməsi xətlərdə baş vermiş hər hansı qəza zamanı yanğınlarla nəticələnir.
Bir çox yaşayış evlərində təbii və maye qazla işləyən müxtəlif cihazlardan istifadə olunur. Məişətdə işləyən qaz cihazlarından törənən yanğınların əsas səbəbi boru kəmərindən, birləşmə qovşaqlarında kipliyin pozulması və qaz sobalarının odluqlarından qazın sızmasıdır. Mayeləşdirilmiş qaz təbii qazdan daha çox yanğın təhlükəli xassələrə malikdir. Qaz balonları qızdırıcı cihazlardan ən azı bir metr kənarda yerləşdirilməlidir. Belə balonları qızdırmaq, zirzəmidə saxlamaq qəti qadağandır. Mənzillərinizdə qaz sızmasını hiss etdikdə ümumi qaz kranını bağlamaq, mənzilin havasını təmizləmək üçün qapı-pəncərələri açaraq hava cərəyanı yaratmaq lazımdır. Bu zaman mənzillərdə elektrik işlədicilərini dövrəyə qoşmaq və ya dövrədən ayırmaq olmaz. Maye qaz balonlarından istifadə zamanı yanğın təhlükəsizliyi qaydalarının pozulması nəticəsində bir çox yanğın və partlayış hadisələri ilə rastlaşırıq.
Qış mövsümündə bir çox yaşayış evlərində bərk yanacaqla işləyən sobalardan da istifadə olunur. Sobalar qurularkən, həmçinin istismar edilərkən yanğın təhlükəsizliyi qaydalarına ciddi riayət olunmalıdır. Yanğın təhlükəsizliyi standartlarının tələblərinə və texniki şərtlərə cavab verməyən sobalardan istifadə olunmasına icazə verilmir. Sobalar yanmayan və istilik keçirməyən altlıqlar üzərində qurulmalı, onun qalama qapısı önündə döşəməyə 70x50 sm ölçüdən kiçik olmayan metal təbəqə ilə mismarlanmalıdır. Qalanmış sobanı nəzarətsiz və ya az yaşlı uşaqların nəzarəti altında qoymaq qadağandır. Sobanın ətrafinda odun qurutmaq, sobaya həddən artıq odun atmaq, sobaları tezalışan mayelərlə qalamaq qəti qadağandır.
Bəzən sobaların, qaz cihazlarının üstündə yaş paltarı qurutmaq üçün paltar asırlar. Bu çox təhlükəlidir. Unutmayın ki, yanan sobaların, qaz cihazlarının üstündəki paltar hər an alışa bilər.
Otaqdan və evdən çıxarkən elektrik cihazları şəbəkədən ayrılmalıdır. Yadda saxlamaq lazımdır ki, suqızdırıcı cihazlar nəzarətsiz qaldıqda yanğın təhlükəsi yaradır. Cərəyana qoşulmuş elektrik çaynikinə və ya samovara uzun müddət nəzarət etmədikdə, su qaynayıb buxarlandıqdan sonra çaynikin və ya samovarın dibində hərarət 300-500 dərəcəyə çatır ki, bu isə yanğın baş verməsi üçün kifayətdir.
Çarpayıda uzanarkən siqaret çəkmək təhlükəlidir. Yuxulaya bilərsiniz və bu zaman söndürülməmiş siqaret kötüyü yorğan-döşəyin üstünə, yerə düşüb yanğın törədə bilər.
Mənzillərdə yanğın adətən mətbəxdə baş verdiyindən, burada olarkən həddən artıq diqqətli olun! Yadda saxlayın ki, mətbəxdə və balkonda tezalışan maddə və mayelərin saxlanması qəti qadağandır. Hətta yuxarı mərtəbələrdən aşağıya atılan siqaret kötüyü küləklə sizin balkona gətirilə və orada saxlanlan maddə və mayeləri alışdıra bilər. Mətbəxdə isə küləkdən yellənən pərdələr yanan qaz plitəsinə yaxınlaşdıqda alışa bilər və beləliklə də böyük yanğına səbəb olar. Mətbəx və balkonları lüzumsuz əşyalarla doldurmayın. Bu xüsusilə tezalışan maddə və mayelərə, eləcə də taxta mebel və şkaflara, ümumiyyətlə, alışa bilən hər bir materiala aiddir. Bir çox yanğınlar mətbəxdə isti qazan və tavalardan, onların içərisindəki qaynar yağdan çıxır.
Yağ alışmışsa, dərhal qazı və ya elektrik enerjisini kəsin, qazanı (tavanı) qapaqla və ya yaş parça ilə örtün və yağın, eləcə də qazanın (tavanın) soyumasını gözləyin, əks halda yağ yenidən yanmağa başlaya bilər. Qaynar yağ, piy alışaraq divar və ya döşəməyə düşmüşdürsə, onları söndürmək üçün yuyucu tozdan və ya tozlu odsöndürəndən istifadə edin. Spirallı elektrik plitəsi həddən artıq qızdıqda, onu cərəyandan ayırın və spiralı nəm parça ilə örtərək soyumasını gözləyin.
Yaşayış binalarındakı, mənzillərdəki yanğınlar bir qayda olaraq, yanğına ehtiyatsızlıqla, laqeyd yanaşma (siqaret çəkmə, açıq yanğın mənbələrinin istifadəsi və s.) nəticəsində, nasazlıq, habelə məişət elektrikli istilik cihazlarının, mənzildaxili elektrik avadanlığı sistemlərinin işinin pozulması səbəbindən baş verir.
Yanğının nəticələri kədərlidir. Yanğın əmlakınızın, sağlamlığınızın itirilməsi deməkdir, həyatınıza təhlükədir. Yalnız yanğın təhlükəsizliyi qaydalarının əsas tələblərinə riayət etməklə bu bəlanın qarşısını almaq olar.
FHN-in Dövlət Yanğın Nəzarəti Xidmətinin
Yanğına qarşı təbliğat şöbəsi
Yanğınsöndürənlərin peşə fəaliyyətində...
Anbar və bazalar üçün yanğın...
Payız-qış mövsümündə yanğın...
Fövqəladə hal nədir?...
Müasir dövrün aktual problemlərindən...