22 noyabr 2024, cümə Bakı, 14°C
IMG-LOGO

Hər bir insana stresslə mübarizənin effektiv üsullarını mənimsəmək zəruridir

07-10-2023

Stress - insan orqanizminin fiziki və psixi gərginliyi nəticəsində baş verən xüsusi halıdır. Stress - orqanizmin xüsusi vəziyyəti olub müxtəlif psixi və fiziki yüklənmə zamanı özünü fiziki, psixi və psixoloji pozğunluqlarla göstərir.

Bu, orqanizmin müxtəlif qıcıqlara olan fərdi reaksiyasıdır. Stress zamanı əqli və fiziki funksiyalar öz fəaliyyətini azaldır. Bəzi insanlar müəyyən hadisəni və vəziyyəti stress üçün güclü mənbə hesab etdikləri halda, bəziləri bu hadisə və vəziyyətə qətiyyən əhəmiyyət vermirlər. Burada əsas rol insanın yaranmış vəziyyəti qəbul etmə (dərk etmə) forması və bu vəziyyətə nə dərəcədə əhəmiyyət verməsidir. İnsan şəxsiyyətinin formalaşmasında onun həyat təcrübəsi stressə qarşı müqavimət göstərməkdə mühüm rol oynayır.

Adətən yaşanmış ekstremal situasiyadan sonra insanda belə əlamətlər əmələ  qələ bilər:

  • Yuxunun pozulması;
  • İştahanın pozulması;
  • Fiziki zəiflik;
  • Nəfəs almanın dəyişməsi;
  • Mədədə boşluq hissi və s.

Beləliklə, stress hər zaman şəxsiyyətin psixofizioloji reaksiyasıdır.

Fövqəladə hallar zamanı insanlar müxtəlif stress vəziyyətinə düşə bilərlər. Belə zərərçəkənlərin ilk tibbi yardıma ehtiyacı olur. Xilasedici stressə hazır olmalı və müxtəlif stress vəziyyətləri ilə üzləşməzdən əvvəl onları araşdırmalıdır. Zərərçəkənə qayğı və diqqət göstərilməsi xilasedicinin fiziki, psixoloji və emosional cəhətdən hazır olduğunun göstəricisidir.

Fövqəladə hallar zamanı həm xilasedicilər, həm də zərərçəkənlər stress vəziyyətinə düşə bilərlər. Bu kimi hallarda xilasedicinin fəaliyyətinin səmərəliliyi onun hazırlıq səviyyəsindən asılı olacaqdır.

Stresslə mübarizənin ümumi prinsipləri

Praktik psixologiyada stressin öhdəsindən gəlməyin aşağıdakı  yolları göstərilir:

  • İnsan özündə emosional və fiziki rahatlığı üçün özünün cavabdeh olması  inamını yaratmalıdır.
  • Nikbin olun. Yadda saxlayın ki,  stressin mənbəyi öz-özlüyündə hadisələr yox, həmin hadisələri necə qavramağımızdır.
  • Özünüzdə hər hansı bir pərtlik, tutqunluq hiss etdikdə fikrinizi yaxşı, xoşagələn bir şey barədə düşünməyə yönəldin; bu, sizə həyatı daha açıq çalarlarda qavramağa kömək edər.
  • Müntəzəm olaraq idman və bədən tərbiyəsi ilə məşğul olun. Fiziki məşqlər insanın nəinki fiziki vəziyyətinə, həm də psixikasına müsbət təsir göstərir. Fiziki məşqlər - güclü stress halından çıxmağın ən yaxşı üsullarından biridir.
  • Özünüzə yaxın hesab etdiyiniz adamlarla ünsiyyətdə olun. Bəzən adam öz hissləri, həyəcanları haqda danışmaq istəyir. Keçirdiyi hissləri başqaları ilə bölüşmək insana öz probleminə kənardan baxmağa, həm də mənfi emosiyalardan azad olmağa kömək edir.
  • Özünüzü qüvvəniz çatan işləri görməyə alışdırın.
  • Həyata real nəzərlərlə baxın, özünüzdən hədsiz dərəcədə çox şey gözləməyin, öz imkanlarınızın hüdudunu real olaraq müəyyənləşdirin, öz üzərinizə yerinə yetirilməyəcək vəzifələr götürməyin.
  • Əgər hər hansı bir iş sizin qüvvəniz xaricindədirsə, qəti olaraq "YOX" deməyi öyrənin.
  • Həyatı sevməyi, hər ötən gündən, azca da olsa sevinc duymağı öyrənin.
  • Gün rejiminə riayət edin, kifayət qədər yatın. Yadda saxlayın: yuxu stressi aradan qaldırmaqda mühüm rol oynayır.
  • Özünüzdə sağlam həyat vərdişlərini yaradıb möhkəmləndirin, zərərli vərdişlərə qarşı möhkəm olmağı öyrənin.
  • Yadda saxlayın ki, hər bir insana stresslə mübarizənin effektiv üsullarını mənimsəmək zəruridir. Bunu nə qədər tez öyrənməyə başlasanız, bir o qədər yaxşıdır. Sağlam və xoşbəxt həyat yaşamaq üçün bunu etməyə dəyər.

 

Paylaş: