Evdə təhlükəsizlik qaydaları
Hər bir valideyn öz uşağı ilə vaxtaşırı təhlükəsizlik qaydaları barədə söhbət aparmalı, ona evdə təhlükəli yerlər və əşyalar haqqında ətraflı məlumat verməli, təhlükəsizliyin əsas qaydalarını izah etməlidir. Təbii ki, uşaq özünü tam əmin, rahat hiss etdiyi doğma evində hər hansı bir təhlükənin mövcud olduğunu eşitdikdə təəccüblənə bilər. Bunun üçün onu belə halların mümkünlüyü barədə məlumatlandırmalısınız.
İlk növbədə sadalayacağınız və misal gətirəcəyiniz "təhlükə"- iti, batıcı və kəsici alətlərdir. Qayçı, bıçaq və iynənin kəsərək, bataraq yaralaya biləcəyini izah edin. Əgər uşaq heç olmasa bircə dəfə sadaladığınız əşyalardan zədələnibsə, bunu daha yaxşı bilər və anlayar. Ona bu əşyanın hər hansı birini gördükdə mütləq yerinə qoymaq lazım olduğunu başa salın. Çünki evdə səliqə təkcə gözəllik üçün deyil, təhlükəsizlik üçün də vacibdir.
İkinci təhlükəli qrup elektrik avadanlığıdır. Uşaq bilməlidir ki, bu avadanlıqlar həm elektrik cərəyanı keçirə, həm də yanğına səbəb ola bildiyi üçün təhlükəlidir. Uşaq otaqdan belə çıxarkən işləyən televizoru söndürməli, böyüklərin icazəsi olmadan ütünü qoşmağın qadağan olduğunu bilməlidir. Hər hansı bir elektrik cihazının söndürülməsini uşağınızdan xahiş edirsinizsə, ona öncədən bunu əşyanın düyməsini basaraq və elektrik çəngəlindən (vilkadan) tutaraq rozetkadan çıxarmasını izah edin.
"Su ilə elektrik birləşərək təhlükəli olur" - bunu uşaqlar bir deviz kimi yadda saxlamalıdırlar! Elektrik cihazlarına (televizor, musiqi mərkəzi, elektrik çaydanı və s.) yaş əllərlə toxunmaq olmaz! Elektrik cihaz və ya telləri islandıqda cərəyan vurma və bəzən də yanğın təhlükəsi yarana bilər. İşlək vəziyyətdə olan televizor və kompyuterin ekranına da əl vurmaq təhlükəlidir, çünki üzərində yığılan statik elektrik cərəyanı insanı vura bilər.
Evdə olan növbəti təhlükə qrupu - dərman və məişətdə istifadə olunan kimyəvi maddələrdir. Bura yuyucu toz, həşəratlara qarşı dərman, qab yuma mayeləri və sairə aid edilir. Təbii ki, uşaq dərmanın insanı müalicə etdiyini, məişət mayelərinin isə qabları və paltarları yuyub təmizlədiyini düşünə bilər. Lakin o, mütləq bilməlidir ki, düzgün qəbul olunmayan dərman insana zərər, kimyəvi maddə isə onu zəhərləyə bilər. Bu səbəbdən uşaqlar mütləq yadda saxlamalıdır:
-Həkimin göstərişi və valideynin icazəsi olmadan dərmanı içmək olmaz!
-İçində məişət kimyası olan qabları açmaq olmaz!
Bundan başqa, mütləq övladınızı artıq istifadə olunmuş aerozol balonları ilə tanış edib bu əşyaların sərbəst açılıb və ya bağlanmasının təhlükəli olduğunu bildirin. Çünki bu proseslər partlayış və ya qabın içində qalıq qazın gözə düşməsi ilə nəticələnə bilər.
Yanğınsöndürənlərin peşə fəaliyyətində...
Anbar və bazalar üçün yanğın...
Payız-qış mövsümündə yanğın...
Fövqəladə hal nədir?...
Müasir dövrün aktual problemlərindən...