22 noyabr 2024, cümə Bakı, 14°C
IMG-LOGO

Ekstremal hadisələrə hazır olun

12-04-2024

Ekstremal situasiya gündəlik həyat axınının sərhədlərdən kənara çıxdığı bir vəziyyətdir. Təbii fəlakətlər, texnogen qəzalar, yanğın, partlayış və s. bu  kimi hadisələr haqqında tez-tez eşitsək də bu, gündəlik həyatımızda hər gün rastlaşdığımız hadisələr deyil. Lakin heç birimiz də bu hadisələrdən sığortalanmamışıq.

Hər an və hər yerdə ekstremal vəziyyətlərə düşmə ehtimalımız var. Bu situasiyalar bir qayda olaraq gözlənilmədən, birdən baş verir. Lakin burada da insanın ekstremal vəziyyətə olan hazırlığı, psixoloji durumu mühüm rol oynayır. Belə ki, bəzi insanlar ən ağır ekstremal vəziyyətlərdə belə sakitliyini qoruyaraq mübarizə aparsa da, bəziləri ən xırda çətin vəziyyətdə öz üzərində nəzarətini itirə, hətta mübarizə aparmadan belə rahatlıqla təslim ola bilir. Bəzən dinc dövrdə özünə güvənən, bacarıqlı adamlar ekstrim vəziyyət baş verdikdə sanki süstləşir, bütün gücünü itirmiş olur. Belə insanların sayı az deyil. Bu o səbəbdən baş verir ki, həmin insana dəyən təsir, qüvvə çox güclü olub və ona qarşı həmin insan hazırlıqsızdır. Bu zaman ən əsası öz gücünüz, potensialınız hesabına minimal itkilərlə həmin situasiyadan çıxmağı bacarmaqdır. Bunun üçün ekstremal hadisələr barədə məlumatlı olmaq, onu dərk etmək və belə vəziyyətlərə düzgün yanaşma strategiyası hazırlamaq lazımdır.

İlk növbədə bacardığınız qədər belə situasiyalardan qaçmağa, təhlükəsizliyiniz üçün lazımi profilaktik tədbirlərə riayət etməyə çalışın. Bu kimi vəziyyətlərə qarşı mübarizə aparmaq üçün yaxşı fiziki formada olmaq lazımdır. Bunun üçün sağlam həyat tərzi keçirməyə çalışın.  Bundan əlavə, orqanizminizin gizli resurslarını və psixikanızı elə düzgun işləməyi və yönlənməyi öyrədin ki, gözlənilmədən sizi haqlayan ekstremal hadisə zamanı həmin şəraitdən çıxa biləsiniz. Şüur və şüur altına elə bir hazırlıq proqramı yerləşdirin ki, hər an ekstremal hadisənin baş verə biləcəyinə və bu halda şəraitə uyğun olaraq dəqiq, tez və soyuqqanlı şəkildə fəaliyyət göstərməyə hazır olasınız.

Əgər ekstremal hadisə baş veribsə, bu zaman:

- Şəraitin sizdən tələb etdiyi fəaliyyəti həyata keçirməli-qaçmalı, müqavimət göstərməli, zərərçəkmişlərə yardım etməli və s. Bu zaman heç bir halda fəaliyyətsiz şəkildə qalmamağa çalışın.

- Qorxu, stress və çaşqınlığınızı heç kimə göstərməyin.

- Fikrinizi işə aydın, dəqiq və tam olaraq cəmlənmiş şəkildə yönəldin.

- Bacardığınız qədər qorxunuz  ilə mübarizə aparın və ona qalib gəlin. Əsas odur ki, qorxu hissi sizi lazım olan fəaliyyətlərin həyata keçirilməsindən uzaqlaşdırmasın və süst vəziyyətinə salmasın.

Paylaş: