22 noyabr 2024, cümə Bakı, 14°C
IMG-LOGO

Dönərxanalarda yanğın təhlükəsizliyi

13-01-2024

Yanğın hadisələrinin böyük əksəriyyəti elektrik qurğularının, elektrik avadanlıqları və cihazlarının istifadəsi zamanı yanğın təhlükəsizliyi qaydalarının pozulması üzündən baş verir. Artıq yükləmə, qısaqapanma, izolyasiyanın pozulması, naqillərin müvafiq texniki qaydalara uyğun çəkilməməsi, montaj işlərindəki səhvlər və s. yanğın təhlükəsizliyinə zidd hallar kimi yanğınların baş verməsinə şərait yaradır. Odur ki, dönərxanalarda elektrik qurğularının istismarı, elektrik avadanlıqları və elektrik dönər aparatının istifadəsi zamanı yanğın təhlükəsizliyini təmin etmək üçün bir sıra qaydalara əməl olunması vacibdir.

İlk növbədə dönərlərin hazırlanmasında istifadə edilən elektirk cihazları standartlara uyğun olmalı, nəzarət ölçü cihazları və  mühafizə aparatları, koməkçi qurğular və elektrik ötürücüləri (kabelləri, naqilləri) müvafiq qaydaların tələblərinə uyğun olaraq seçilib quraşdırılmalı, eləcə də artıq yüklənmədən və qısaqapanmadan mühafizə edilməsi üçün qoruyucu aparatlarla təmin edilməlidir.

İzolyasiyası zədələnmiş və yaxud qoruyucu xassələrini itirmiş naqillərdən istifadə qadağandır. Dönər aparatının işin sonunda elektrik şəbəkəsində qoşulu vəziyyətdə qalmasına yol verilməməlidir.

Dönərin bişirilməsi üçün tələb edilən temperatur düzgün seçilməlidir. Toyuq ətində olan solmonella bakteriaysının məhv olması üçün 3-5 dəqiqə 75 C-dən artıq istilik verilməli, dönər çalışıldığı qədər az istilikdə bişməli və ən azı istilik mənbəyindən 15 sm uzaq olmalıdır.

Dönərxananın həcmini nəzərə almaqla yanar konstruksiyalı tikililərdə temperaturun həddi gözlənilməlidir. Köz dönərlərin hazırlanmasında manqaldan istifadə zamanı yanar konstruksiyalarla yanğına qarşı ara məsafəsinin saxlanılmasına əməl olunmalıdır.

Manqalüstü dönərxanalarda açıq alovdan istifadə qadağandır. Dönər aparatının yanar konsturuksiyalarla ara məsafəsi gözlənilməlidir. 

Dönərlərin hazırlanmasında propan qaz balonundan və qaz təsərrüfatından istifadəyə icazə verilmir.

Dönərxanalarda tüstü bacası quraşdırılmalıdır. Nasaz sobalardan və tüstü borularından istifadə etmək olmaz. Havaçəkən sistem işləməli, tüstü bacaları ildə iki dəfə təmizlənməlidir.  Tüstü boruları binaların dam örtüyünün xarici səthindən 70 sm yüksəklükdə olmalıdır. Sobaların korpusunda və tüstü borularında çatlar olmamalıdır.

Məlumdur ki, əksər hallarda otel, restoran, xəstəxana, məktəb və digər mətbəxi olan müəssisələrdə olduğu kimi dönərxanaların tüstü bacalarında da yağlı təbəqə əmələ gəlir. Bu yağlar bacaların şaquli və üfiqi kanallarında və mühərriklərin üzərində yığılır. Həmin yağlar çox yüksək yanma qabiliyyətinə malikdir. Ani qığılcım çox böyük yanğına səbəb olur və sürətlə yayılır. Yanğın zamanı bacanın içərisində temperatur 800 dərəcə C-yə qədər çatır. Bu istilik bacanın yaxınlığında olan digər yanan materialları da alovlandırır və yanğın qısa bir zamanda bütün binaya yayıla bilir.

Məlumat üçün bildiririk ki, iaşə obyektlərində yanğın təhlükəsizliyi baxımından aşkarlanan nöqsanlara dair İnzibati Xətalar Məcəlləsinin 518.1 və 536.1 maddələrinə əsasən fiziki, vəzifəli və hüquqi şəxslər barəsində məsuliyyət nəzərdə tutulub. Odur ki, yanğın təhlükəsizliyinə əməl olunması çox vacibdir.

Rövşən Bəkirov,
Dövlət Yanğın Nəzarəti Xidmətinin Yanğına qarşı
təbliğat şöbəsinin böyük təlimatçısı

Paylaş: