Çadır düşərgəsində vəhşi heyvanlardan necə qorunmalı?
Çadır düşərgəsi ərazisini seçdikdə əvvəlcədən gediləcək yerin flora və faunasını öyrənməli, yerli əhalidən vəhşi heyvanların təhlükəli olub-olmadığı haqqında məlumatlar toplanmalıdır.
Vəhşi heyvanların yuvalarının yaxınlığında, su mənbələri və yol keçidlərində çadır düşərgəsi qurulmamalıdır.
Kamp edərkən azı iki nəfər olun. Düşərgədə nə qədər çox insan olarsa vəhşi heyvanlarla qarşılaşma riski bir o qədər az olar. Yüksək səslə danışmaq, mahnı oxumaq da heyvanları sizdən uzaqlaşdıra bilər. Heyvanlar adətən insanlarla qarşılaşmaq istəmirlər.
Vəhşi heyvanların və balalarının həyatı üçün təhdid yaratmayın. Təbiətdə özünüzü ev sahibi kimi deyil, qonaq kimi aparın. Unutmayın ki, heyvanlar sizin yox, siz heyvanların ərazisindəsiniz.
Qida tullantılarını çadır olan ərazinin yaxınlığına atmamaq, qidaları isə çadırın içərisində saxlamamaq lazımdır. Yatmazdan əvvəl qida olan çanta və ya torbanı düşərgə ərazisindən azı 300 metr aralıda ağzı bağlı halda ağacdan asmaq lazımdır.
Yuxu saatından əvvəl düşərgə ərazisində uzunmüddətli yana biləcək tonqal qalanmalıdır. Tonqal təbiətdə vəhşi heyvanlardan qorunmaq üçün ən yaxşı müdafiə üsuludur.
İlanlar adətən kəskin qoxuları sevməzlər. Ona görə də çadırların ətrafına bir miqdar naftalin, kükürd tozu səpə bilərsiniz. Kakao, darçın, sarımsaq da bəzən işə yaraya bilər.
Təbiətdə hərəkət edərkən əlinizdə yürüş çubuğu və ya ağac olması tövsiyə olunur. Onu ağaclara, kollara vurmaqla səs çıxarmaq işə yarayır.
Unutmayın! Qaydalara biganəlik özünüzün və ətrafınızdakı insanların həyatına təhlükə yarada bilər.
Hazırladı: Elnur İmanov
FHN Gəncə Regional Mərkəzinin
Maarifləndirmə sektorunun müdiri
Yanğınsöndürənlərin peşə fəaliyyətində...
Anbar və bazalar üçün yanğın...
Payız-qış mövsümündə yanğın...
Fövqəladə hal nədir?...
Müasir dövrün aktual problemlərindən...