Avtonəqliyyat müəssisələrində yanğın təhlükəsizliyi
Avtonəqliyyat müəssisələrinin rəhbərləri yanğın təhlükəsizliyinə dair mövcud qaydaların tələblərinə uyğun olaraq obyektdə yanğına qarşı rejimi təmin etməli, avtomobil dayanacaqlarında, texniki qulluq və təmir otaqlarında, sexlərdə, anbarlarda, sahələrdə və s. yerlərdə yanğın təhlükəsizliyinin təmin edilməsinə cavabdeh şəxslər təyin etməli, rübdə bir dəfədən az olmayaraq müəssisənin yanğın təhlükəsizliyinin vəziyyətini, yanğından mühafizənin texniki vasitələrinin mövcudluğunu və sazlığını, idarənin yanğından mühafizəsinin və könüllü yanğınsöndürmə dəstələrinin döyüş hazırlığını yoxlamalı, onların işinin yaxşılaşdırılması istiqamətində zəruri tədbirləri həyata keçirməlidir.
Müəssisənin struktur bölmələrinin rəhbərləri və ayrı - ayrı bölmələrin, otaqların və qurğuların yanğın təhlükəsizliyinə cavabdeh şəxslər isə yanğın baş verdikdə insanların, avtomobillərin, avadanlıqların və digər maddi sərvətlərin təxliyyə planının işlənib hazırlanmasını təmin etməlidirlər. Onlar həmçinin binaların, qurğuların, texnoloji proseslərin, istehsalat avadanlıqlarının, istehsalatda istifadə edilən, saxlanılan və dövr edən maddə və materialların yanğın təhlükəliliyi xüsusiyyətlərini bilməli, habelə yanğın - partlayış təhlükəli maddələrin tətbiqini, nəqlini, yanğın baş verməməsi üçün təhlükəsiz vəziyyətdə saxlanılmasını təşkil etməli, insanların təxliyyə yollarının, yanğına qarşı ara məsafələrinin və səddlərin, su təchizatı mənbələrinin və s. saxlanılmasına nəzarət məqsədilə əraziyə, binalara, istehsalat və xidməti otaqlara dövri baxışlar keçirərək, aşkar edilən çatışmazlıqların aradan qaldırılması üzrə təcili tədbirlər görməlidirlər. İş başa çatdıqdan sonra yanğın təhlükəsizliyinə cavabdeh şəxslər iş yerlərinin və otaqların yığışdırlımasına, texnoloji proseslərin şərtlərinə görə bütün gün ərzində işləməli olan növbətçi işıqlandırıcılar və elektrik qurğuları istisna olmaqla, elektrik istifadəedicilərinin şəbəkədən ayrılmasına nəzarət etməli, yanğına qarşı mühafizə, yanğın siqnalizasiya və rabitə vasitələrinin fəaliyyətə daima hazır və saz vəziyətdə saxlanılmasını təmin etməlidirlər.
Müəssisə rəhbərinin yazılı icazəsi olmadan, açıq alovun tətbiq edilməsilə bağlı elektrik - qaz qaynağı və digər işlərin bu məqsədlər üçün nəzərdə tutulmayan yerlərdə aparılmasına yol verilməməlidir.
Avtonəqliyyat müəssisələrində çalışan fəhlə və qulluqçular yanğın təhlükəsizliyi qaydalarının, habelə müəyyən edilmiş qaydada təsdiq edilmiş yanğın təhlükəsizliyi tədbirlərinə dair təlimatların tələblərini bilməli və onlara əməl etməlidirlər.
Müəssisənin ərazisi mövcud yanğın təhlükəsizliyi qaydalarının tələblərinə müvafiq olaraq saxlanılmalıdır.
Dövlət yanğın nəzarəti xidməti və idarəetmə orqanları ilə razılaşdırılmadan müəssisənin ərazisində müvəqqəti binaların, qurğuların, eləcə də yanacaq-sürtkü materialları anbarlarının tikintisinə yol verilm’m’lidir.
Ərazinin işlənmiş yanacaq - sürtkü materialları ilə çirkləndirilməsinə yol verilməməlidir.
Müəssisənin ərazisində yerləşən avtomobillərin yanacaqdoldurma məntəqələri mövcud qaydaların tələblərinə cavab verməlidir.
İstehsalat və inzibati binalarda zibil qutusu və su ilə dolu qabla təchiz edilmiş siqaret çəkilməsi üçün xüsusi yer ayrılmalıdır.
Texnoloji qurğuların yerləşdirilməsi, energetika və texnoloji rabitə xətlərinin çəkilməsi üçün nəzərdə tutulan cardaqlardan və texniki mərtəbələrdən Asan alışan mayelərin ( AAM) və yanar mayelərin (YM) və yanar qaz (YQ) boru kəmərlərinin yerləşdirilməsi məqsədilə istifadə etmək qadağandır.
Akkumulyatorların doldurulması üçün nəzərdə tutulan otaqların, rəngləmə, qazgenerator otaqlarının, eləcə də AAM və YM tətbiq edilən otaqların döşəməsi yanmayan və qığılcım əmələ gətirməyən materialdan hazırlanmalıdır.
Avtomobillər açıq meydancalarda mövcud yanğın təhlükəsizliyi qaydalarının tələblərinə uyğun olaraq saxlanılmalıdır.
Açıq saxlanılma meydançalarının yanğının baş verməsi halında avtomobillərin tez təxliyyəsinə mane ola biləcək əşya və avadanlıqlarla tutulması qadağandır.
Otaqların yanğın - partlayış təhlükəliliyi sinfindən və ətraf mühitin şəraitindən asılı olaraq kabellərin, elektrik naqillərinin, mühərriklərin, işıqlandırıcıların və digər elektrik avadanlığının düzgün seçilməsinə və tətbiqinə nəzarət edilməlidir. Qısaqapanmalardan, izafi yüklənmələrdən, daxili və atmosfer gərginliklərindən, eləcə də digər qeyri - normal iş rejimlərindən mühafizə aparatlarının vəziyyətinə müntəzəm nəzarət edilməlidir. Elektrik qurğularında və kabel otaqlarında baş verə biləcək yanğın və alışmanın ləğv edilməsi üçün nəzərdə tutulan xüsusi qurğu və vasitələrin istismara yararlı vəziyyətdə olmasına nəzarət edilməlidir;
Hər bir avtomobil istifadə üçün yararlı olan odsöndürənə (karbon qazlı, tozla) malik olmalıdır. Avtomobilin mühərrik bölməsi əlavə olaraq yanğınsöndürmə qurğusu ilə (su ilə, köpüklə, alovsuz aerozolla) təchiz edilə bilər.
Sərnişinlərin daşınması üçün təyin edilmiş və xüsusi olaraq bu məqsədlər üçün lazımı avadanlıqlarla təchiz edilmiş avtonəqliyyat vasitələri iki ədəd odsöndürənlə (karbon qazlı, tozla) dəstləşdirilməlidir. Odsöndürənlərdən biri sürücünün kabinəsındə, ikincisi isə avtobusun sərnişin salonunda və ya avtomobilin gövdəsində yerləşdirilməlidir. Avtonəqliyyat vasitələrinin mühərrik bölməsi əlavə olaraq məsafədən işə salınan yanğınsöndürmə qurğusu ilə təchiz edilə bilər.
Sərnişinlərin daşınması üçün nəzərdə tutulan avtonəqliyyat vasitələri müvafiq xəbərdarlıq lövhələri ilə təmin edilmiş, işlək vəziyyətdə olan qəza çıxışları ilə təchiz edilməlidir.
Pnevmatik əyləc sistemi olan avtomobillər yalnız yanğın baş verməsi hallarında avtomobilin çevik təxliyyə olunması imkanını təmin edən, saz pnevmatik əyləc sistemi olduqda saxlanılmaq məqsədilə otaqda yerləşdirilə bilər.
Yanğının baş verməsinin qarşısının alınması məqsədilə aşağıdakı hallar qadağandır:
* mühərrikin və onun karterinin üzərində çirkin və yağın yığılmasına yol vermək;
* istifadə edilmiş silgi materialarının (əski, parça və s.) avtomobilin kabinəsındə və mühərrikin üzərində qalmasına yol vermək;
* qidalanma sisteminin cihazları nasaz olan avtomobilləri istismar etmək;
* yanacaq sistemində nasazlıq olduğu zaman şlanq və digər üsullarla benzini bilavasitə tutumdan karbüratora ötürmək;
* qidalanma sistemi cihazlarının (xüsusilə yanacaq çənlərinin) bilavasitə yaxınlığında siqaret çəkmək;
* qidalanma sitemində və elektrik naqillərində nasazlıq olan avtomobilləri saxlanılma məqsədilə yerləşdirmək.
Qaz balonlu avtomobillərin aparatları, boru xətləri və ventilləri kip bağlanan olmalıdır.
Qaz balonlu avtomobillərə yanacağın doldurulması qazdoldurma stansiyalarında və ya qaz doldurması ilə məşğul olan xüsusi işçilər tərəfindən həyata keçirilməlidir. Qazın doldurulma qaydaları həmin stansiyanın təlimatlarına uyğun olmalıdır.
Avtomobillərin xəttə buraxıldığı və ya qəbul olunduğu zaman nəzarət məntəqələrində gündəlik olaraq qaz aparatlarına baxış keçirilməli, kipliyi və sazlığı yoxlanılmalıdır.
Avtomobilin mühərriki işlək vəziyyətdə olduğu zaman sıxılmış və mayeləşdirilmiş qazla doldurulması qadağandır.
Uzun müddət dayanacaqda saxlanılan avtomobillərin mühərrikinin işə salınmasından və işıqlandırıcı elektrik cihazlarının işə qoşulmasından əvvəl mühərrik bölməsinin örtüyü qaldırılmalı və örtükaltı sahənin havası dəyişdirilməlidir. Bundan sonra qaz aparatlarının, boru xətlərinin və birləşmələrin sazlığı yoxlanılmalıdır.
Ventillərin bağlı vəziyyətində və birləşmələrin kip olmayan yerlərindən qaz sızması zamanı qaz balonlu avtomobillərin istismarı, eləcə də bu vəziyyətdə binaya girişi qadağandır.
Qaz balonlu avtomobillər xətdən qayıtdığı və onun gecə ərzində və ya uzun müddətə dayanacaqda saxlanılması üçün hazırlandığı zaman, eləcə də emalatxanalarda texniki baxış zamanı balonlarda olan bütün ventilləri bağlamaq və qidalandırma sistemində olan bütün qazı işlətmək lazımdır. Bundan sonra mühərrikin işəsalma açarı çıxarılmalıdır. Ventilləri açıq vəziyyətdə olan balonlarla yüklənmiş avtomobillərin uzun müddətə dayanacaqda saxlanılması qadağandır.
Yol şəraitində balonlardan qaz sızmasının aradan qaldırılması mümkün olmadıqda avtomobillər təhlükəsiz yerə (insanlardan və od mənbəyindən uzaq) təxliyyə olunmalı və (müəssisələrdə qazın boşaldılması üçün nəzərdə tutulan xüsusi yerlərdə) qaz boşalıdılmalıdır.
Ventilləri nasaz olan avtomobillər balonlarda qaz olmadan açıq meydançalarda saxlanılmalıdır.
Qaynaq və boyama işlərinin (süni qurutma daxil olmaqla) yerinə yetirilməsi ilə əlaqədar təmir aparıldıqda balonlardan qaz boşaldılmalı, balonlar isə azot və ya digər təsirsiz qazlarla üfürülərək təmizlənilməlidir.
Qaz balonlu avtomobildə yanğının baş verməsi halında aşağıdakı tədbirlər görülməlidir:
* maqistiral xətdə və balonda olan ventillər bağlanmalı;
-mühərrikin işlək vəziyyətində dirsəkli valın dövretmələrinin sayı artırılaraq, qaz xəttində ventildən karbüratora qədər olan qaz sərf edilməli;
-yanğın karbon qazlı və ya tozlu odsöndürənlərlə, yanğınsöndürmə qurğuları və qumla söndürülməli;
- qaz balonu bol su ilə sulanmalıdır.
İldırım çaxması zamanı mayeləşdirilmiş və sıxılmış qazların boşaldılmasını icra etmək qadağandır.
Avtomobillərin təmiri və texniki qulluq zamanı da yanğın təhlükəsizliyi qaydalarına əməl edilməlidir. Belə ki, yanacaq cəninin çıxarılması ilə əlaqədar olan, eləcə də çənlərdən yanacaq sızması mümkün olan yanacaq xətlərində texniki qulluq və texniki təmir aparılmazdan əvvəl, həmin çənlərin və yanacaq xətlərinin daxili tamamilə yanacaqdan təmizlənməlidir. Yanacağın boşaldılması onun alışması mümkünlüyünü istisna edən yerlərdə həyata keçirilməlidir. Boşaldılmış yanacağın texniki qulluq və texniki təmir məntəqələrində saxlanılması qadağandır.
Qığılcım əmələgəlməsinin qarşısının alınması üçün benzini bir qabdan digərinə boşaldan borunun dəliyinə latun ərintisindən hazırlanmış və qabın dibinədək endirilən zəncir bərkidilməlidir.
Təmirdən əvvəl benzin çənləri yuyulmalı və içərisindəki yanacaq buxarları tam kənarlaşdırılanadək buxarlandırılmalıdır.
Dəmirçi, termiki, qaynaq, rəngsazlıq və ağac emalı işləri yalnız xüsusi ayrılmış otaqlarda həyata keçirilməlidir.
Minik avtomobillərinin təmirindən və texniki qulluq göstərilməsindən əvvəl yanacaq çənləri tam boşaldılmalı və mühərrikin yağ doldurucu “boğazı” kip bağlanmalıdır.
Yanacaqdoldurucu kolonları, cənləri, nasosları, əlaqə xətlərini və içərisində benzin saxlanılmış digər tutumları, yalnız onlar benzin qalıqlarından təmizləndikdən, habelə alışmanın və partlayışın baş vermə mümkünlüyünü istisna edən təhlükəsizlik tədbirlərinə riayət edilməklə zərərsizləşdirildikdən sonra təmir etmək olar.
Qaz balonlu avtomobildə elektrik avadanlığı cihazları yoxlanılmazdan (tənzimlənməzdən) əvvəl bütün ventillər kip bağlanılmalı və mühərrikin yerləşdiyi örtükaltı sahənin havası əsaslı şəkildə dəyişdirilməlidir.
Detalların yuyulması üçün yanmayan tərkibli pastalardan, həlledici və emulsiyalardan istifadə edilməlidir.
Etilləşdirilmiş benzinlə işləyən mühərrik hissələrinın neytrallaşdırılması məqsədilə kerosinlə yuyulmasına yalnız bu məqsədlər üçün xüsusi ayrılmış yerlərdə icazə verilir.
Doldurulması üçün quraşdırılan akkumulyator batareyaları bir - biri ilə öz aralarında qığılcımlanma ehtimalını istisna edən, etibarlı elektrik əlaqəsi olan, möhkəm birləşən sixacla (turşu tərkibli akkumulyatorlar üçün) və ya hamar səthi ucluqlarla (qələvi akkumulyator üçün) birləşdirilməlidir. Akkumulyator batareyalarının sıxaclarının “burma naqillə” birləşdirilməsi qadağandır.
Akkumulyator otağına açıq alovla (yandırılmış kibrit, siqaret və.s.) daxil olmaq, akkumulyatorların doldurulması üçün nəzərdə tutulan otaqlarda elektrik qızdırıcı cihazlardan (elektrik plitəsi və.s.) istifadə etmək qadağandır.
Avtonəqliyyat müəssisələrində qaynaq və lehimləmə işləri mövcud yanğın təhlükəsizliyi qaydalarına və müəyyən edilmiş qaydada təsdiq edilmiş digər normativ sənədlərin tələblərinə uyğun olaraq aparılmalıdır.
Şin təmiri işlərinin təşkili mövcud yanğın təhlükəsizliyi qaydalarının tələblərinə uyğun olaraq yanğın təhlükəsizliyini təmin etməlidir.
Rezin yapışqanların hazırlanması və yapışdırılacaq səthə çəkilməsi ilə bağlı işlər təcrid edilmiş otaqlarda həyata keçirilməlidir.
Şinləri təmir edən və isitmə qurğularının yaxınlığında benzin, yapışqan və digər alovlanan və yanar materialların saxlanılması qadağandır.
Boyama qurğularının işinin təşkili, yerləşdirilməsi və istismarı mövcud yanğın təhlükəsizliyi qaydalarının tələblərinə uyğun olaraq yanğın təhlükəsizliyini təmin etməlidir.
Boyama otağından kənarda boş qabların saxlanılması üçün xüsusi meydança ayrılmalıdır. Boş qablar vaxtlı - vaxtında müəssisə ərazisindən kənarlaşdırılmalıdır.
Lak - boya materialları üçün həlledici və durulaşdırıcı qismində benzoldan, metanoldan və pirobenzoldan istifadə etmək qadağandır. Bunun mümkün olduğu bütün hallarda isə lak - boya materiallarında toluol və ksilolun tətbiqi (15%-dən cox olmayaraq) məhdudlaşdırılmalıdır.
Eyni boyama kamerasında nitrosellüloza, yağlı və sintetik lak - boya materialları ilə işləmək qadağandır.
Hər bir elektrik boyama kamerasını avtomatik yanğınsöndürmə qurğusu ilə (karbon qazlı, aerozolla və.s.) təchiz etmək lazımdır.
Yüksək gərginlikli avadanlıq şəbəkədən ayrıldıqdan sonra qalıq yüklənmənin aradan qaldırılması məqsədilə elektrik boyama kameraları elektrik qurğularının quraşdırılması qaydaları üzrə zona siniflərinə uyğun icrada olan avtomatik elektrik boşaldıcı cihazlarla təchiz olunmalıdır.
Qurutma kameralarının qızdırıcı elementləri rənglənən məmulatlara toxunmadan və üzərinə boya düşməsindən etibarlı mühafizə olunmalıdır.
Qurutma kameraları müvafiq elektrik temperatur bildiriciləri ilə təchiz olunmalıdır. Temperaturun nizamlanması avtomatik həyata keçirilməlidir.
Silgi materialları istifadə edildikdən sonra qapaqlı metal yeşiklərə yığılmalı və hər iş növbəsinin sonunda istehsalat otağından çıxarılaraq xüsusu ayrılmış yerə aparılmalıdır.
Rənghazırlama və boyama otaqlarında açıq alovun tətbiqi və qığılcımın əmələ gəlməsi ilə əlaqədar işlər (qaynaq işləri və. s) aparmaq, kameraların təmizlənməsi üçün sürtünmədən və zərbədən qığılcım əmələ gətirən, qara metaldan olan alətlərdən və cilalayıcı alətlərdən istifadə etmək, boyama sahələrində, boya və həlledicilərin saxlanıldığı yerlərdə siqaret çəkmək, tonqal qalamaq, lehimləmə lampalarından və elektrik lehimləmə cihazlarından istifadə etmək qadağandır.
Avtonəqliyyat müəssisələrində yanğın baş verən zaman müəssisənin inzibati heyətinin, sahə rəisinin, KYD-nin rəisinin hərəkətləri ilk növbədə insanların təhlükəsizliyinin təmin edilməsinə və təxliyyəsinə yönədilməlidir.
Müəssisənin inzibati heyəti müəssisədə baş verən hər bir yanğın hadisəsi üzrə yanğının baş verməsinə və inkişafına səbəb olan bütün şəraiti aydınlaşdırmalı və zəruri profilaktik tədbirləri həyata keçirməlidir.
Rövşən Bəkirov,
FHN-in Dövlət Yanğın Nəzarəti Xidmətinin Yanğına
qarşı təbliğat şöbəsinin böyük təlimatçısı
Yanğınsöndürənlərin peşə fəaliyyətində...
Anbar və bazalar üçün yanğın...
Payız-qış mövsümündə yanğın...
Fövqəladə hal nədir?...
Müasir dövrün aktual problemlərindən...