22 noyabr 2024, cümə Bakı, 14°C
IMG-LOGO

Əgər yanğın baş veribsə...

05-01-2024

Yanğınlar bütün əsrlər boyu ən təhlükəli fəlakətlərdən biri olub. Hələ qədim dövrlərdən ağacdan tikilmə evlərdə baş verən yanğınlar qısa bir müddət ərzində geniş bir əraziyə yayılırdı. Mənzildə, binada, bağda baş verən yanğınlar eyni zamanda həm bizim günahımız ucbatından, həm də bizdən asılı olmayan səbəblərdən, məsələn, ildırım düşməsi nəticəsində baş verə bilər.

Əgər biz evdə odla ehtiyatsız davranırıqsa, xarab olmuş elektrik cihazlarından istifadə ediriksə, eyni rozetkaya bir neçə cihazı qoşuruqsa yanğının baş verəcəyini gözləmək olar.

Elektrik cihazları və odla ehtiyatsız davranışdan başqa yanğınların yaranmasına nə səbəb ola bilər?

- Yuyulmuş paltarlar və ağları qaz plitəsinin üzərində qurutmaq, odda təhlükəli mayeləri (laklar və boyalar) isitmək olmaz.

- Yeni il ərəfəsində aldığınız fişəngləri evə gətirməyin. Yaxşı olar ki, onlardan həyətdə də istifadə etməyəsiniz.

-Yatağa uzandıqda televizoru yanılı qoymayın.

- Məişətdə istifadə olunan odsöndürücülərini ehtiyatda saxlayın və onları uyğun yerdə qoruyun.

Əgər heç nəyə baxmayaraq yanğın baş veribsə?

- Panikaya düşməyin, cəld və qəti hərəkət edin.

- Yanğının böyük sahəni əhatə etdiyini gördükdə təcili olaraq mənzili tərk edin.

- Qaz cihazlarını bağlayın, yaşlılar və uşaqlara təhlükəli zonadan çıxmağa kömək edin. Hündürmərtəbəli binalarda yaxşı olar ki aşağıya pilləkənlərlə, liftdn istifadə etməyərək düşəsiniz. Bəzən yanğın geniş yayıldıqda lift dayana bilər.

- Yanğın ocağı kiçik olduqda yanğınsöndürmə xidmətinə zəng etdikdən sonra odu söndürməyə çalışın. Bu zaman odsöndürücülərdən, sudan istifadə edin, odun üzərini xalça və ya yorğanla örtün.

- Alışmış elektrik cihazlarıni yalnız cərəyanı kəsdikdən sonra söndürün.

Yanğın vaxtı pəncərə və qapıları açmaq olmaz: daxil olan oksigen alovun artmasına gətirib çıxaracaq. Əgər yanğını söndürmək mümkün deyilsə və binanı tərk etməyə çətinlik çəkirsinizsə pəncərədən işarə verməyə çalışın və xilasolma yolları axtarın. Yanğınsöndürənlər sizi xilas etməyə çalışsalar da bəzən dəqiqələr həlledici olur. Əgər siz aşağı mərtəbələrdə yaşayırsınızsa pəncərədən xilas ola bilərsiniz: aşağıya döşək, yorğan və s. atıb onun üzərinə tullanın. Bu zaman məsafəni qısaltmaq üçün qızdırıcı sistemin batareyalarına bağlanmış kəndir, yataq ağlarından da istifadə edə bilərsiniz.

Ümumiyyətlə, fövqəladə hadisələr zamanı əsas məqsəd insanların həyatının xilasıdır, yerdə qalanlar isə bu konsepsiya üzərində qurulmalıdır. Bütün ictimai və istehsalat sahələri qəza çıxışları ilə təchiz edilməlidir. Bu aydın qeyd edilən, çox uzun  olmayan, tez və çətinlik yaratmamağa zəmanət verən bir keçid olmalıdır.

Xilas olmaq üçün digər yollar da ayrı-ayrılıqda  nəzərdən keçirilməlidir.  Xarici pilləkənlər, dama çıxışlar, eyvanlar və pəncərələr, pilləkənlərdə heç bir kilid olmamalı və onlar hər zaman istifadə üçün  hazır olmalıdır.  Unutmayın ki, lift evakuasiya vasitəsi kimi  yanğın vaxtı heç vaxt  istifadə edilməməlidir. Hər bir insan bilməlidir ki, yanğın vaxtı ərazini necə tezliklə tərk etmək olar. Bunun üçün bütün təşkilat, idarə və müəssisələrdə xüsusi təlimlər keçirilməlidir.

 

Paylaş: