22 noyabr 2024, cümə Bakı, 14°C
IMG-LOGO

Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin  müəssisələrində yanğın təhlükəsizliyi

13-03-2024
Penitensiar Xidmətin tabeliyindəki müəssisələrdə mövcud olan xüsusi qapalı şərait yanğın təhlükəsizliyi sahəsində mühüm qərarların verilməsi üçün fərdi yanaşma tələb edir.
 
Xidmətə aid təsərrüfatın inzibati binalarının, istehsalat sahələrinin, anbarların, mətbəx, xəstəxana və digər  yerlərin yanğın təhlükəsizliyinin etibarlı təminatı daha çox məsuliyyət tələb etməklə yanaşı, özəl, fərdi baxış tələb edir. Mülki insanların adi  yaşam tərzinə şamil olan təhlükəsizlik tədbirləri çərçivəsində tələb edilən norma  və qaydaların bəzən cəzaçəkmə müəssisələrində tətbiqi mümkün olmur. Məsələn, insanların fövqəladə hal zamanı, yaşayış və iş yerini rahat, vaxt  itkisinə yol vermədən tərk etməsini nəzərdə tutan, ehtiyat çıxışların olması  və yaxud pəncərələrdən dəmir çərçivələrin demontaj edilməsi tələbi bu müəssisələr üçün bəlli səbəblərlə bağlı əlavə risklərə münbit şərait yaradan hal kimi qiymətləndirilə bilər. Ona görə də bəzən bu qaydalara Penitensiar Xidmətin  müəssisələrində əməl edilməməsi mümkün hal kimi qiymətləndirilir. 
 
 Penitensiar Xidmətin müəssisələrində cavabdeh şəxslər tərəfindən yanğın təhlükəsizliyinə dair təlimatlar hazırlanmalı, yanğına qarşı cavabdeh şəxslər təyin olunmalı, yanğın zamanı insanların və əşyaların köçürülməsi üçün təxliyə planları tərtib olunmalı, istismar müddəti bitmiş ilkin yanğınsöndürmə balonlarının tərkibi yenisi ilə əvəz olunmalıdır. Tikinti norma və qaydalarının tələblərinə uyğun avtomatik yanğınxəbərverici qurğusu quraşdırılmalı, qaz xətləri dəmir borularla çəkilməli, müəssisələrin bina və qurğularının elektrik təsərrüfatı “Elektrik Qurğularının Quraşdırılması Qaydası”nın tələblərinə cavab verməli, yanğın su hovuzları saz vəziyyətdə saxlanılmaqla göstərici nişanlarla təmin olunmalı, işçilərlə yanğın təhlükəsizliyinə dair maarifləndirici dərslər keçirilməlidir.
 
Elektrik təchizatı lövhələrində qeyri-standart qəza qoruyucularından istifadəyə yol verilməməli, elektrik naqillərinin izolyasiyasının gərginliyə qarşı müqavimətinin mütəmadi olaraq sınaqları aparılmalı, elektrik işıqlandırıcı lampaları mühafizə qapaqları ilə təmin edilməlidir. Bununla bərabər,  qeyri-standart elektrik və qaz qızdırıcı cihazlarından istifadəyə yol verilməməlidir. Sexlərdə yanar materiallardan ibarət layihədən kənar otaqlar quraşdırılmamalı, tələblərə uyğun olaraq təzyiqyüksəldici su nasosları quraşdırılmalı, daxili yanğın su kranlarında suyun təzyiqi tələblərə cavab verməlidir. Yanğın su kranları birləşdirici başlıglarla tam komplektləşdirilməlidir, xətdə daim su olmalı, istehsal sahəsində işləyən məhbuslarla mutəmadi olaraq yanğın təhlükəsizliyinə dair təlimatlar keçirilməlidir.
Penitensiar Xidmətin tabeliyində olan obyektlər  yanğınların qabaqcadan xəbərdar edilib qarşısının alınmasında əvəzedilməz rol oynayan yanğınsöndürmə qurğuları ilə tam təchiz edilməli, quraşdırılmış mövcud sistemlərə texniki qulluğun göstərilməsi, işlək və saz vəziyyətdə olması xüsusi lisenziyası olan şirkətlər tərəfindən həyata keçirilməlidir. Binaların çardaq örtüklərinin yanar konstruktiv elementləri odadavamlı məhlulla hopdurulmalıdır, yanğın baş verən zaman insanların və qiymətli əşyaların köçürülməsi üzrə müvafiq planlar və təlimatlar tərtib olunmalı, şəxsi heyətlə məşğələ-təlimlər keçirilməlidir. 
 
Xidmətin cəzaçəkmə və müalicə müəssisələrinin yataqxanaları normativ sənədlərin tələblərinə uyğun ehtiyat çıxışları ilə təmin edilməli, eləcə də inzibati binaların pəncərələrinə quraşdırılmış dəmir barmaqlıqlar tələb edilən hallarda konstruktiv quruluşuna görə  açıla bilən barmaqlıqlarla əvəz olunmalıdır. 
 
Penitensiar Xidmətin tabeliyində olan obyektlərdə baş verə biləcək yanğınların söndürülməsi üçün nəzərdə tutulan yanğınsöndürmə avtomobilləri daim istismara yararlı vəziyyətdə saxlanılmalıdır. 
 
Müxtəlif funksional təyinatlı obyektləri özündə birləşdirən  Penitensiar Xidmətin  yanğına qarşı müdafiə sistemindəki  vəziyyətə daim nəzarət olunmalıdır. Bunun üçün ilk növbədə  yanğınların  xəbərdar edilərək qarşısının alınmasına, məhbusların və texniki personalın  təxliyəsinə və yanğınların müvəffəqiyyətlə söndürülməsinə yönəldilmiş mühəndis-texniki qərarların qısa müddət ərzində icrasına nail olunmalıdır. 
 
Penitensiar Xidmətin müəssisələrinin yanğın təhlükəsizliyi çox mürəkkəb və daim diqqət tələb edən sahədir. Ona görə də  Penitensiar Xidmətin müəssisələrində texnogen xarakterli hadisələrin baş verməməsi üçün bu qurum Dövlət Yanğın Nəzarəti Xidməti ilə birgə fəaliyyət planı əsasında çalışmalı, qeyd edilən nöqsanlar aradan qaldırılmalı, müəssisələr ilkin odsöndürən balonlarla təmin olunmalı, qapalı şəraitdə yaşayan insanların təhlükəsiz həyatı təmin olunmalıdır.
 
FHN-in Dövlət Yanğın Nəzarəti Xidmətinin 
Yanğına qarşı təbliğat şöbəsi
Paylaş: