22 noyabr 2024, cümə Bakı, 14°C
IMG-LOGO

Uşaqlar nə üçün qaranlıqdan qorxur?

02-07-2024
IMG

Niktofobiya insanlarda həddindən artıq qaranlığa qarşı qorxuya səbəb olan xüsusi fobiya növüdür. Bu termin yunan sözüdür, azərbaycanca “nycti” - gecə və “fobiya” - qorxu deməkdir. Tibbi terminlərdə “liqofobiya” və ya “skotofobiya” kimi də tanınır. Bəzi hallarda qaranlıqdan qorxmaq normal qarşılana bilər. Ancaq niktofobiya bu cür müvəqqəti və normal qorxulardan kənara çıxan mürəkkəb bir haldır.

Fhnews.az tibbi saytlara istinadla xəbər verir ki, yüksək səviyyədə niktofobiya problemi olan insanlar, müalicə almadıqları təqdirdə yanaşı psixoloji xəstəliklərlə üzləşə bilər.

Xüsusilə yuxusuzluq niktofobiyadan əziyyət çəkən xəstələr üçün ilkin problemlərdən biridir. Araşdırmalara görə, niktofobiyası olan uşaqlarda yatmaq vaxtını daima təxirə salmaq və ya yatdıqları otaqda işıqları açıq saxlamaq kimi vərdişlər formalaşır. Yuxusuzuq, baş ağrısı, normadan artıq tərləmə, dəhşətli fikirlər və panik ataklar, artan ürək döyüntüsü, güclü emosiya, qaranlıqda qaldıqda ağlamaq və ya qışqırmaq, nəfəs darlığı kimi simptomlar niktofobiyanın əlamətlərinə daxildir.

Bəzi alimlərin fikrincə, niktofobiyanın mənşəyi insanlığın ilk nümayəndələrinə gedib çıxır. Təxminən 2 milyon il əvvəl əcdadlarımız açıq havada yaşayırdılar və qaranlıqda yatmaq onlar üçün olduqca təhlükəli idi. Gecə ova çıxan yırtıcılar, təbii fəlakətlər, digər tayfaların yaratdığı təhlükə qaranlığı əcdadlarımız üçün olduqca riskli bir faktora çevirirdi.

Bununla belə, niktofobiya yalnız qaranlıqdan deyil, eyni zamanda görünməyən (qeyri-real) fenomenlərdən qorxmağa səbəb olur. Aparılan sorğu zamanı bir çox uşaq qaranlıqda qalanda ruhlardan, bədheybət və ya oğrulardan qorxduğunu söyləyiblər. İşıqlar söndürüldükdə eşidilən səslər də onları narahat edir.

Hər hansı bir travma (hətta gün ərzində) niktofobiyaya səbəb ola bilər. Qorxunc bir hadisənin qaranlıqda xatırlanması və qorxuya səbəb olması mümkündür. Niktofobiya travmatik stres probleminin bir hissəsidir. Bu səbəbdən depressiya, narkotik vasitə istifadəsi, psixoloji xəstəliklər, panik atak kimi problemlərdən əziyyət çəkən şəxslər niktofobiyaya daha çox meyllidir.

Niktofobiya “Psixi problemlərin diaqnostik və statistik təlimatı” (DSM-5) kitabında xüsusi fobiyalar arasında qeyd edilib. Spesifik fobiyaların bir çox simptomu niktofobiyada müşahidə olunur.

Psixoloq hər hansı bir şəxsə niktofobiya diaqnozu qoymaq üçün simptomların başladığı vaxtı, xəstədə DSM-5-də qeyd edilən əlamətlərdən neçəsinin olduğunu bilməlidir. Gündəlik həyata təsir göstərmədiyi təqdirdə hər fobiya müalicə tələb etmir. Ancaq niktofobiya bir çox halda yuxu probleminə səbəb ola biləcəyi üçün müalicə edilməsi tövsiyə olunur.

Niktofobiyanın müalicəsi üçün bir çox metod var. Koqnitiv davranış terapiyası qaranlıq qorxusuna qarşı reaksiyaları tənzimləməyə kömək edir. Ekspozisiya müalicəsi daha uzun müddət qaranlığa məruz qalmaqla, xəstədə qaranlığa qarşı vərdiş yaradır. Bu üsul mütləq mütəxəssis tərəfindən, lazım olduğu təqdirdə həyata keçirilir. Hipnoterapiya metodu qaranlıqla bağlı qorxu və narahatlıqları yenidən düşünməyə kömək edir. Psixoterapiya isə qorxuların səbəbini anlamağa və qorxunu idarə etməyi öyrədir. Terapiyanın növünün müəyyənləşdirmək fobiyanın intensivliyindən asılıdır. Bəzi xəstələrdə birdən çox terapiya növündən istifadə etmək lazım olur.

Qeyd edək ki, uşaqların 45 faizi qaranlıqdan həddindən artıq qorxur və 6-12 yaş arası uşaqlarda ən çox rast gəlinən fobiya növü niktofobiyadır. Əksər insanlarda uşaqlıqda başlayan niktofobiya yeniyetməlik dövründə aradan qalxır. Lakin bəzi hallarda böyüklərdə də niktofobiya müşahidə edilə bilər. Bu kimi hallarda mütəxəssisə müraciət etmək tövsiyə olunur.

Paylaş: