22 noyabr 2024, cümə Bakı, 14°C
IMG-LOGO

Motsartın naməlum bəstəsi üzə çıxıb

20-09-2024
IMG

Almaniyada bir kitabxanada Volfqanq Amadey Motsartın çox güman ki, uşaqlıq illərində bəstələdiyi əsər tapılıb. Leypsiq Şəhər Kitabxanalarının verdiyi açıqlamaya görə, 1760-cı illərin ikinci yarısında bəstələndiyi təxmin edilən əsər simli üçlük üçün 7 kiçik hərəkətdən ibarətdir. Əsər təxminən 12 dəqiqəlikdir. 

1756-cı ildə Avstriyanın Salzburq şəhərində anadan olan Motsart çox erkən yaşlarında atasının nəzarəti altında musiqi bəstələməyə başlayıb. Motsartın bütün musiqi əsərlərinin xronoloji ardıcıllıqla sadalandığı Köchel İndeksinin son versiyası üzərində çalışan tədqiqatçılar bu əsəri Leypsiqdəki musiqi kitabxanasında tapıblar. Yeni tapılan əlyazmanın Motsart tərəfindən kağıza köçürülmədiyi, 1780-ci ildə hazırlanmış bir nüsxə olduğu düşünülür. 

Əsərin Motsartın İtaliyaya ilk səfərindən əvvəl bəstələndiyi təxmin edilir. "Ganz kleine Nachtmusik" adlı yeni tapılan parça cümə axşamı Salzburqda simli trio tərəfindən ifa olunub. Tədbirdə Köchel İndeksinin son versiyası da təqdim olunub. 

Almaniya premyerası isə  şənbə günü Leypsiq Operasında keçiriləcək.

Salzburqda yerləşən Beynəlxalq Motsart Fondundan Ulrich Leisinger mövzu ilə bağlı verdiyi açıqlamada Motsartın fortepiano musiqisi, ariya və simfoniya bəstəkarı kimi tanındığını, eyni zamanda sənətçinin atasının kamera musiqisinə də işarə etdiyini vurğulayıb.Leisinger həmçinin bildirib ki, son artefakt bir çox yeni kəşflərə qapı aça bilər.

Cəmi 35 il yaşamasına baxmayaraq, klassik musiqiyə formalaşan Motsart haqqında bir çox araşdırmalar davam edir. Keçən il təqdim edilən bir araşdırma göstərdi ki, yeni doğulmuş körpələr, xüsusən də həkim müayinəsi zamanı xəsarət alanlar Motsartı dinləməklə sakitləşə bilər.

Paylaş: